Getdiyim yerlərə yazığım gəlir

Getdiyim yerlərə yazığım gəlir
  02 İyul 2013    Oxunub:3345
Sevinc Fədai

Bir dəfə işdən ayrılanda ancaq və ancaq bu cümləni deyə bilmişdim: doğmalarla ayrılığım tez olur adətən... Çox az vaxt idi orda işləyirdim, amma sevgini, ürəyini qoyduğun yer sənə doğma olur axı. Elə bir günə də doğma olur. Amma günlər, aylar sonra dünənin olan o bir neçə ayda nə qədər zəhər tapırsan, haram tapırsan, ağzında bir acı dad hiss edirsən, ürəyin bulanır...
Başa düşə bilmirsən ki, bir balaca canınla nə yaman ağır imişsən, sadəcə cılız olmadığın üçün... “Qayıt” deyərlər, amma əyninə kiçik olan paltarı geyinmək olarmı?! Qayıtmırsan... və o balaca can böyüyür bir az... dünyandan bir daşın da düşməyi bahasına...

Sonra yenə... Səhər tələsə-tələsə qaçdığın, redaksiya adı ilə qeyd olunan məkan sənə Ev olur. Yenə də içində sənə hansı hissləri bəslədiklərindən xəbərin olmayan insanlar sənə ikinci ailə olur, ailəndən də çox gördüyün adamlar olur. Həmyaşıdın sənə ana olur, səndən bir az böyük olan adam sənə ata olur, kimi bacı, kimi qardaş, kimi dost, kimi də bilmirsən kim... Sadəcə doğma. Onlarla çörəyini bölüşürsən, onların çayına qənd atırsan, limon atırsan. Loxma-loxma, udum-udum doğmalaşırsan... Bəzən yarımçıq tikəsini udursan, bəzən gözünün yaşını. Yaman şirin dadar... Şair dediyi kimi:
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!

Hələ doğmayan bir qadın bala dadını belə bilər, hələ yemədiyin bir yeməyin dadını bildiyin kimi. Bax, o dad damağında qalar. O dad yetim övlad kimi olar, atadan yetim... Bilirəm, bunu oxuyanda nə fikirləşirsiz: faciələşdirdim. Amma bağışlayın, mən gülüb keçə bilmirəm. “Xırdaçıyam”, axmaq da deyə bilərsiz... Yəqin elə axmaqların balaları yetim qalar...

Bu hiss doğma ocağından didərgin olunan bir gəlinin hissinə də bənzəyir. Yəqin, könüllü sürgün deyərlər buna... O gedər, amma hamı deyər: “Ay qız sənin nəyin əskik idi, yaxşı ərin, uşaqların, evin-eşiyin, dolanışığın... Otur yerində, bir qırağından da sən ye də. Naşükürsən, vallah”. Asan olan bunu deməkdi və asan olanı deyərlər, amma heç kim bilməz onun nəyi əskik idi, heç kim bilməz ki, onun bir qarnı tox, bir qarnı acdı...

Gəldiyim yerdən getmək istəyəndə belə olur həmişə...

Və getdiyim yerlərə yazığım gəlir həmişə. Bir insan itirdikləri üçün... Hə, mən bu dünyalıq, bu cəmiyyətlik olmaya bilərəm, məni daşımaq ağırdı, bilirəm, amma mən insanam. Bunu duyuram, bütün damarlarımda, ruhumda, ürəyimdə, ağrıya-ağrıya hiss edirəm. Çiyinlərdən çiyin gedər, ürəklərdən ürək gedər, bir mən gedər... Ancaq heç vaxt getdiyim yerlər bilməzlər ki, mənim haram ağrıyır, mən niyə gedirəm...

P.S: Bu dəfə dünyanın damı uçar və bütün damsız evlər bir yarımçıq adamdır. Bu yazım da yarımçıqdır, amma “Nəyimiz bütövdü bu gen dünyada?!”


Teqlər:  





Xəbər lenti