Qubada güclü qardan sonra vəziyyət necədir?

Qubada güclü qardan sonra vəziyyət necədir?
  05 Yanvar 2016    Oxunub:2222
Qubaya yağan güclü qar rayonun 9 kəndinə gedən yolu bağlayıb. Hazırda yolların təmizlənməsi üçün əraziyə ağır texnika cəlb olunub.
Bu barədə AzVision.az-a Quba Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cəfər Cəfərov deyib.

İcra rəsmisi bildirib ki, kəndlərdə işıq, qaz verilişində problem yoxdur.

“Hazırda yolların qardan təmizlənməsi işləri aparılır. Sakinlərlə əlaqə saxlamaq mümkündür. Qarın kəsdiyi yollarda ağır texnika işləyir. Gediş-gəliş var. Sadəcə ictimai nəqliyyat işləyə bilmir. Hazırda rayonda yağıntı yoxdur. Çalışacağıq günün sonuna kimi yollarda hərəkəti bərpa edək”-deyə Cəfər Cəfərov bildirib.

Qeyd edək ki, Yeni ilin ilk günlərindən başlayaraq şimal bölgəsinə yağan güclü qar nəqliyyatın işini iflic edib. Ən çox qar Qrız kəndinə düşüb - 84 sm. Xınalıq və Ləzə kəndlərində qarın qalınlığı 70 sm., Quba şəhərində isə 47 sm.-dir. Havanın temperaturu -21 dərəcəyə enib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Hidrometeorologiya İdarəsindən verilən məlumata görə, yağan qar bütün yollarda, o cümlədən Quba-Xınalıq, Quba-Qonaqkənd və Quba-Tüləkəran-Zeyid Buduq yollarında problemlər yaradıb.

Gültəkin Ələsgər


Teqlər:



Xəbər lenti