Siqaret qadağası yenidən gündəmdə - Yeni təkliflər

Siqaret qadağası yenidən gündəmdə - Yeni təkliflər
  06 Yanvar 2016    Oxunub:4983
Dünyada hər il 6 milyon insan siqaretdən dünyasını dəyişir. Dünya Səhiyyə Təşkilatı hesabatında ölkələri tənqid edərək siqaret çəkənləri bu vərdişdən çəkindirməyə və siqaret çəkməyən insanları qorumaq üçün kifayət qədər ciddi tədbirlər görməməkdə qınayır.

Təşkilatın proqnozuna görə, 2030-cu ilə dünyada siqaretdən ölənlərin sayı bir ildə 8 milyona çatacaq.

Bundan başqa siqaret həm də ailə büdcəsinə kifayət qədər ziyan vurur.

İndoneziyada ən kasıb təbəqə gəlirinin 15 faizini siqaretə xərcləyir. Meksikada ən kasıb təbəqnin gəlirinin 11 faizi tüstüyə sovrulur. Bu rəqəmlər Azərbaycanda da kifayət qədərdir.

Siqaret alüdəçilərinin tütünə olan meylini azaltmaq üçün müxtəlif təkliflər səsləndirilsə də, insanları bu ölümcül virusdan xilas etmək mümkün deyil.



Millət vəkili Musa Quliyevin fikrincə, siqaret çəkmək artıq bir mədəniyyət məsələsidir.

AzVision.az-a açıqlama verən deputat bildirib ki, siqaretdən xilas olmaq üçün maarifləndirmə işləri ilə yanaşı inzibati, hüquqi, sosial tədbirlər də həyata keçirilməlidir: “Bildiyimiz kimi bu məsələ ilə bağlı qanun layihəsi hazırlanıb. Həmin layihənin Milli Məclisin yaz sessiyasında gündəliyə salınacağı gözlənilir. Həmin qanunda kompleks tədbirlərin keçirilməsi nəzərdə tutulur. Birinci növbədə gənc nəsil evdə, məktəbdə, klubda, kinoteatrda , hara getsə tütünlə qarşılaşmamalıdır. Telekanallarda siqaretin göstərilməsi qadağan olunmalıdır. Ümumilikdə, elə bir mühit yaradılmalıdır ki, uşaqlar tütünü görməsin, onun nə olduğunu bilməsin. Digər bir məsələ isə odur ki, qapalı məkanlarda siqaret çəkilməsi qadağan olunmalıdır ki, siqaret çəkməyən insanlar da siqaretin tüstüsündən zəhərlənməsinlər. Düzdür, buna görə, cərimə sanksiyaları var. Təəssüf ki, bu mexanizm hələ də işləmir. Yəqin ki, yeni qanun qəbul olunsa, bunların hamısı işə düşər”.

Deputatın sözlərinə görə, siqaret alüdəçilərini bu vərdişdən yayındırmaq üçün kompleks tədbirlər görülməlidir. Əks halda xırda tədbirlər onları bu vərdişdən çəkindirməyəcək.



“Siqaret və tütün məmulatlarına aksiz vergi ödəyiciləri artırlıb. Daha sonra 18 yaşa çatmamış şəxslərə siqaret satışının qadağan olunması ilə bağlı cərimə sanksiyaları tətbiq edilir. Siqaretin nağd pulla satışının qadağan olunması ilə bağlı tədbirlər həyata keçirilir. Avtonəqliyyatda, qatarda , ictimai nəqliyyatda siqaret çəkilməsinə görə 50 manat cərimə tətbiq olunur. Bu tədbirlər olsa da bütövlükdə tək qadağalar siqaret çəkməni məhdudlaşdırmayacaq. Qadağalarla yanaşı maarifləndirmə tədbiləri görülməlidir”.

Deputat hesab edir ki, siqareti tərgitmək istəyən insanlara kömək məqsədilə poliklinikalarda müvafiq otaqlar, kabinetlər ayrılmalı, onlara dərmanlar pulsuz verilməlidir. Bütün bunlar qanun layihəsində var və qanun qəbul olunandan sonra bunlar öz həllini tapacaq.

Gültəkin Ələsgər


Teqlər:  



Xəbər lenti