TƏHLÜKƏ: `Donuz qripi` Azərbaycanın bir addımlığında

  06 Yanvar 2016    Oxunub : 7730
TƏHLÜKƏ: `Donuz qripi` Azərbaycanın bir addımlığında
Dünyanı qorxuya salan, minlərlə insanın ölümünə səbəb olan donuz qripi virusu yenidən yayılıb. Qonşu Türkiyə və İranda virusun aşkar edilməsi Azərbaycanı təhlükə ilə üz-üzə qoyub. Ölkəmizin bir addımlığında donuz qripinin sürətlə yayılması virusun Azərbaycana keçəcəyi ehtimalını artırır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova AzVision.az-a bildirib ki, hazırda ölkəmizdə vəziyyət stabildir.

Nazirlik rəsmisinin sözlərinə görə, virusa qarşı profilaktik tədbirlər gücləndirilib: “Qripə tutulması şübhə doğuran xəstələrin, xüsusən uşaqların və yaşlı insanların hospitalizasiyası üçün xüsusi palataların ayrılması, lazım gəldikdə tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi qoruyucu vasitələrlə təmin edilməsi, dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilməsi nəzərdə tutulub”.



S. Əhmədova qeyd edib ki, profilaktik tədbirlərin gücləndirilməsi üçün səhiyyə naziri Oqtay Şirəliyev "Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Əmrdə ağır kəskin respirator xəstəlik halları barədə məlumat daxil olduğu halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, ölkənin şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb.



Müvafiq qurumlar yoluxucu xəstəliklərin profilaktikasında şəxsi gigiyenanın gözlənilməsinin vacibliyi barədə əhali arasında maarifləndirmə işlərinin aparmalıdırlar, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün mənfi təzyiqli boksları tam hazır vəziyyətə gətirməlidirlər, dərman vasitələri, tibbi ləvazimat və inventarla təchiz etməlidirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə qrip və kəskin respirator infeksiyalara şübhəli xəstələr barədə dərhal məlumatların Səhiyyə Nazirliyinə təqdim olunmasının təminatı, Respublika Sanitariya-Karantin Müfəttişliyinin rəhbərliyinə, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq donuz qripi baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasının təminatı, Respublika Taun Əleyhinə Stansiyasının rəhbərliyinə, donuz qripinin laborator diaqnostikasının aparılması üçün hazırlıq tədbirlərinin görülməsi tapşırılıb. Bütün səlahiyyətli qurumlar aparılmış laborator müayinələrin nəticələri, o cümlədən dövr edən virus ştamları barədə həftəlik məlumatları Səhiyyə Nazirliyinə təqdim etməlidirlər.

Nazirlikdən o da bildirilib ki, hazırda ölkədə epidemioloji durum tam stabildir və vəziyyət ciddi nəzarət altındadır.

Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə virus sərhəd tanımadığından transsərhəd ərazilərdən ətrafdakı ölkələrə yayılması mümkündür.



Müəyyən tədbirlərin görülməsinə ehtiyac olduğunu deyən A. Qeybulla qeyd edib ki, qorxulu virusdan heç kim sığortalanmayıb: “Nə qədər böyük tədbirlər görülərsə, virusa yoluxma riski az olar. Qrip dünyada karantin infeksiyasından biridir. Qrip olan zaman Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı araşdırma aparır, hesabat verir. Əhali arasında yayılan soyuqdəymə halları, yuxarı tənəffüz yollarının iltihabı əlamətləri ilə müşahidə olunan soyuqdəymələrə el arasında qrip deyirik. Əslində bu soyuqdəymə xəstəlikləridir. Amma qrip konkret olaraq karantin infeksiyasıdır. Onun ayrı-ayrı növləri ştamplarla peyvənd olunur. Təbii ki, donuz qripinin emidemioloji virus olması təsdiqlənib. Odur ki, Azərbaycan da karantin tədbirlərini gücləndirməlidir”-deyə Adil Qeybulla bildirib.

Gültəkin Ələsgər

Teqlər: