`O sayt mənim deyil` - Millət vəkili

`O sayt mənim deyil` - Millət vəkili
  08 Yanvar 2016    Oxunub:2460
Millət vəkili Çingiz Qənizadə “afn.az” saytının qeyri-rəsmi sahibi olması ilə bağlı yayılan söhbətlərə aydınlıq gətirib.

Deputatın yaydığı bəyanatda deyilir ki, afn.az saytında ona yaxın və dost olan bəzi şəxslər barədə həqiqətə uyğun olmayan, qərəzli yazılar getdikdən sonra bu açıqlamanı vermək məcburiyyətində qalıb.

“Mənim hər hansı saytı yaratmaq və onu saxlamaq üçün nə maddi imkanım, nə həvəsim, nə də ehtiyacım yoxdur. Mən mətbuata tam açıq və əlçatan millət vəkillərindən biriyəm. Mən tək-tək millət vəkillərindən biriyəm ki, ölkəmizin bugünkü bütün media nümayəndələri ilə əməkdaşlıq və dostluq edirəm. Televiziya və mətbuatda yazıları və çıxışları ən çox işıqlanan şəxslərdən biriyəm. Buna görə bütün mətbuatdakı dostlarıma təşəkkür edirəm.

Belə hesab edirəm ki, medianı yalnız peşəkar jurnalistlər yarada və idarə edə bilərlər. Mən çox təəssüf edirəm ki, bu gün bəzi media nümayəndələri rəhbərlik etdikləri sayt və qəzetlərdən başqalarına hədə-qorxu gəlmək, şantaj etmək və s. kimi məqsədlər üçün istifadə edir, sifarişli yazılar yazırlar. Bu kimi hallar yolverilməzdir, qanunla qadağan olunur və məsuliyyət yaradır.

Mətbuat cəmiyyətin güzgüsüdür. Mən bəzi mətbuat nümayəndələrini fəaliyyətləri zamanı peşəkar və qərəzsiz davranışa dəvət edir, ölkə qanunlarına hörmət etməyə çağırıram. Əgər kimsə hədə-qorxu, şantaj, sifarişli yazıları ilə başqalarının işgüzar nüfuzuna xələl gətirirsə, şərəf və ləyaqəti alçaldıcı yazılar yazırsa, mən belə jurnalistlərə qarşıyam və hər zaman da bu mövqeyimdə qalıram.

Bir daha bəyan edirəm ki, mənim heç bir saytla işgüzar əməkdaşlıqdan başqa bağlılığım yoxdur və olmayacaq. Bu cür fikirləri və şayiələri yayanları isə özümə qarşı qərəzli hesab edir, onları qınayır və bir daha dəqiqləşdirilməmiş şayiələri yaymamağa dəvət edirəm”,- deyə bəyanatda bildirilir.


Teqlər:



Xəbər lenti