Gimnastlarımızdan rekord göstərici

Gimnastlarımızdan rekord göstərici
  12 Yanvar 2016    Oxunub:2073
Azərbaycan gimnastları 2015-ci ildə rekord miqdarda (157) medal qazanıblar.
AzVision.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, 2014-cü ildə olduğu kimi, ötən il də Vətənə daha çox medalı bədii gimnastika nümayəndələri gətiriblər. Onlar 81 medal qazanıblar. Kişi idman gimnastikası 32 medal, akrobatlar 15 medal, qadın idman gimnastikası 11 medal və nəhayət, batut və aerobika gimnastikası hər biri 9 medal əldə edib.

Ən çox medalı Marina Durunda (22) əldə edib. Ondan bir medal az (21) komanda üzrə rəfiqəsi Jalə Piriyeva və Azərbaycan Gimnastika Federasiyasının reytinq cədvəlində 1-ci yeri tutmuş Oleq Stepko qazanıb.

Sözsüz ki, idmançılarımız üçün ilin ən mühüm yarışlarından biri ilk Avropa Oyunları olub. Oleq Stepko biri qızıl (paralel qollar) olmaqla, 5 medal qazanan yeganə Azərbaycan idmançısıdır. O, daha bir medalı Eldar Səfərov və Pyotr Paxnyukla birgə komanda hesabında əldə edib. İlya Qrişunin batut gimnastikasındə bürünc, Marina Durunda bədii gimnastika üzrə lentlə yarışlarda gümüş medala layiq görülüb. Ümumiyyətlə, lent ötən il Marina üçün ən uğurlu alət olub. O, dahi Üzeyir Hacıbəylinin “Fantaziya” əsərinin sədaları altında lentlə hərəkətlərdə Avropa çempionatının bürünc medalına sahib olub.

Akrobatlarımız yaş qrupları üzrə Avropa yarışlarında ilk dəfə medal qazanıblar. Gümüş medala kişi cütlüyü Seymur Cəfərov/Murad Əkbərov, bürünc medalı isə qarışıq cütlük Ağasif Rəhimov/Nurcan Cabbarlı layiq görülüb.

Bəlkə də ən əhəmiyyətli medalı idman gimnastikası üzrə Dünya çempionatında Oleq Stepko qazanıb. O, müstəqil Azərbaycanın idman gimnastikası tarixində ilk dəfə olaraq paralel qollarda bürünc medal qazanıb.

2015-ci il gimnastlarımızın Dünya Gimnastradasında debüt ilə də yadda qaldı. Bununla da Gimnastika Federasiyası gimnastika növlərinin inkişafı üzrə öz planını yerinə yetirmiş oldu. Hazırda ölkəmizdə gimnastikanın Beynəlxalq Gimnastika Federasiyasının tanıdığı 7 növü inkişaf etdirilir.

Avropa çempionatının ikiqat mükafatçısı Gülsüm Şəfizadəyə mənzilin açarını Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib. İlin yekunlarına əsasən Gimnastika Federasiyası Gənclər və İdman Nazirliyi tərəfindən ən yaxşı federasiya, Milli Gimnastika Arenası ən yaxşı arena hesab olunub.

Dekabrın 24-də Azərbaycan Gimnastika Federasiyanın hesabat-seçki xarakterli 6-cı ümumi yığıncağı olub və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən qurumun prezidenti seçilib. Səsvermənin yekunlarına əsasən, fəaliyyətlərini Altay Həsənov vitse-prezident, Rauf Əliyev və Rafiq Behbudov isə federasiyanın İcraiyyə Komitəsinin üzvü kimi davam etdirəcəklər. Mariana Vasilyeva İcra Komitəsinin yeni üzvü seçilib.

Ötən ilə isə Milli Gimnastika Arenasında gimnastika növləri üzrə yığma komandaların məşqçi və idmançılarının ifasında “Yeni il gecəsində yuxu” adlı möhtəşəm şou ilə yekun vurulub.

2016-cı il də gərgin olacaq. Qarşıda idmançılarımızı müxtəlif beynəlxalq yarışlar, Avropa, dünya çempionatları və ən başlıcası Rio-de-Janeyro Olimpiya Oyunları gözləyir. Marina Durunda və Oleq Stepkonun artıq bu oyunlara lisenziyaları var. Aprel ayında bədii gimnastika üzrə qrup komandasının, bir kişi və bir qadın idman gimnastikası təmsilçilərinin əlavə lisenziyalar əldə etmək şansı olacaq.

Bu il Bakıda 3 Dünya Kuboku – idman gimnastikası üzrə fevralda, batut gimnastikası üzrə martda və nəhayət, bədii gimnastika üzrə iyulda yarışlar təşkil ediləcək.

2016-cı ildə idmançılarımızın uğurlu çıxışlarına ümid edir və inanırıq.

AzVision.az


Teqlər:





Xəbər lenti