Fəridə “Rio-2016”ya lisenziya qazandı
Yanvarın 16-da İstanbulda start götürən Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində mübarizə aparan Fəridə Əzizova (67 kq) makedoniyalı Petra Matiyaseviçi (4:1), ukraynalı Tatyana Teterevyanikovanı (3:0) və sloveniyalı Franka Aniçi (1:0) məğlub edərək finala yüksəlib. İdmançımız finala vəsiqə qazanmaqla Rio Olimpiadasında iştirak hüququ əldə edib.
Bu, taekvondo üzrə yığma komandamızın Olimpiya Oyunlarına ikinci lisenziyasıdır. Digər lisenziyanın sahibi Radik İsayev 2015-ci ilin dekabrında 80 kiloqram çəki dərəcəsində Olimpiadaya vəsiqəni təmin edib.
Taekvondoçumuz finalda almaniyalı idmançı Rabia Güleçi (1:0) məğlub edərək həm də İstanbuldakı turnirin qalibi olub.
Yanvarın 17-də daha iki təmsilçimiz - Patimat Abakarova (49 kq) və Milad Beigi Hərçəqani (80 kq) lisenziyalar uğrunda qüvvələrini sınayacaqlar.