Əbülfəs Qarayev Ajda Pekkanla görüşüb

Əbülfəs Qarayev  Ajda Pekkanla görüşüb
  05 İyul 2013    Oxunub:1727
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin məşhur müğənnisi Ajda Pekkanı qəbul edib.
Görüş zamanı Ə.Qarayev qonağı salamlayaraq, onu Bakıda görməkdən məmnun olduğunu bildirib. Daha sonra son dövrlər Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinin sürətli inkişafından söz açan Nazir, ölkəmizdə mədəniyyətə olan yüksək dövlət qayğısından danışıb. Ə.Qarayev Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hər il ölkəmizdə bir çox beynəlxalq festivalların, böyük mədəniyyət layihələrinin keçirildiyini, həmçinin, Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın birbaşa diqqət və qayğısı nəticəsində Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, Azərbaycanın tar musiqi alətinin YUNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına salındığını diqqətə çatdırıb.
Doqquz il əvvəl Azərbaycanda olduğunu və Bakını çox bəyəndiyini deyən A.Pekkan bu dəfəki gəlişində öncəkinə nisbətən Bakının tanınmaz dərəcədə çox inkişaf etdiyini qeyd edib. Ölkəmizdə teatr və konsert müəssisələrinə, sənət adamlarına göstərilən yüksək dövlət qayğısına heyran olduğunu deyən sənətçi, cari ilin oktyabr ayında Bakıda konsert vermək arzusunda olduğunu bildirib. Ə.Qarayev isə öz növbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən konsertlə bağlı lazımi köməyin göstəriləcəyini qeyd edərək, A.Pekkana gələcək yaradıcılığında uğurlar arzulayıb.
Görüşün sonunda A.Pekkan səmimi qəbula görə Ə.Qarayevə öz minnətdarlığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti