Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin rəsmi açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.
AzVision.az xəbər verir ki, Fransanın şərqində ən böyük kurort və mədəniyyət mərkəzlərindən olan Kann şəhərində hər il beynəlxalq kinofestivalla yanaşı, Avropanın ən böyük sərgi və konfransları da təşkil olunur. Bənzərsiz mənzərəsi və koloriti, o cümlədən Şərq-Qərb ənənələrini özündə birləşdirməsi bu şəhəri turistlər üçün ilin bütün fəsillərində maraqlı edir. Artıq Fransanın ictimai və mədəni dairələrində kifayət qədər nüfuz qazanan Azərbaycan mədəniyyətinin bu dəfə Kannda tanıdılması üzrə işlərə şəhərin müxtəlif yerlərində ölkəmizin təbliğinə həsr olunan posterlərin və banerlərin vurulması ilə başlamışdır. Bununla da Kann ictimaiyyətinin və turistlərin diqqəti şəhərdə onları gözləyən füsunkar mədəniyyət hadisəsinə yönəlib.
İlk tədbir - 4-cü beynəlxalq “Qız qalası” sərgisinin açılışı ilə Kannın döyünən ürəyi, lacivərt sahilin ən qaynar məkanı La Kruazetdə baş tutub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini, UNİTAD-ın rəhbəri Filip Dust-Blazi sərginin açılışında iştirak ediblər.
Mərasimdə çıxış edən Kann şəhərinin meri Bernar BROŞAN Azərbaycan mədəniyyətinin bu şəhərdə nümayiş etdirilməsindən məmnun olduğunu bildirmiş və tədbirlərdə iştirak etmək üçün Kanna gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayıb. O, növbəti günlərdə də tədbirlərin uğurla keçəcəyinə əminliyini ifadə edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq Kann şəhərində başlayan Azərbaycan mədəniyyət günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimizin təqdim olunacağını bildirib. Leyla Əliyeva mədəniyyət günlərinə “Qız qalası” sərgisi ilə açıldığını diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA deyib:
-Bu, Bakıda, İçərişəhərdə beş il əvvəl başlanan “Qız qalası” beynəlxalq sərgisidir. Bakının rəmzi olan “Qız qalası” maketinin üzərində rəsmlərini çəkmək üçün dünyanın 50 ölkəsindən rəssamlar bu sərgidə iştirak etmişlər. Bu, tarixi abidədir və eramızın IX əsrinə təsadüf edir. Eyni zamanda, siz burada ceyran maketlərini görürsünüz. Bu, İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının fəaliyyət istiqamətlərindən biridir. Onun məqsədi ceyran kimi nəsli kəsilmək təhlükəsində olan növlərə diqqəti yönəltməkdir.
Heydər Əliyev Fondunun ölkəmizin bəşəri dəyərə malik abidəsi və UNESCO-nun dünya mədəni irs siyahısına daxil etdiyi Qız qalasının qlobal miqyasda təbliğinə həsr edilən bu layihəsi ilk dəfə 2010-cu ildə Bakıda keçirilmişdir və ardıcıl olaraq 3 il tamaşaçıların görüşünə gəlmişdir. İlk dəfə Azərbaycandan kənarda keçirilən 4-cü beynəlxalq festivalda indiyə qədər dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak edib. “Qız qalası” sərgi-festivalının əsas meyarı tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Yerli və xarici rəssamlar öz milli üslublarında qalanın maketini bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirirlər. Ona görə də sərginin konseptual xəyal sərhədləri olduqca geniş və əhatəlidir.
Heydər Əliyev Fondunun bu layihəsi beynəlxalq tarixi irsə və mədəniyyətlərarası dialoqun zənginləşdirilməsinə verilən töhfədir. Bu, həm də Qız qalasının funksional təyinatını, onun nadir memarlıq görünüşünü bütün dünyada tanıtmağa yönələn mühüm addımdır. Sərginin diqqəti çəkən məqamlarından biri də Qız qalasının Kannda tanıdılmasına yeni tematik komponentin əlavə olunması idi. Ətraf mühitin qorunmasına xüsusi diqqət yetirən Heydər Əliyev Fondu Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı həyata keçirdiyi layihəni Kannda da nümayiş etdirmişdir. Ümumilikdə isə sərgidə 26 rəssamın Qız qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.
X X X
Günün ikinci yarısında Kannda hər il beynəlxalq kino festivalının keçirildiyi Festivallar sarayında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılışı olub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Kann şəhərinin meri Bernar Broşanın iştirak etdikləri sərgidə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilir. Festivallar sarayının nəhəng sərgi salonunda təşkil edilən ekspozisiyada Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təqdim olunur. Məhz bu amil qədim və orta əsr mənbələrinin Azərbaycan xalçaları haqqında verdiyi məlumatların bu gün də dünya mədəni irsi üçün son dərəcə dəyərli və özünəməxsus olduğunu təsdiqləmişdir. Milli geyimlərimiz də məişətimizin zənginliyi barədə dolğun təsəvvür yaratmışdır. Qədim misgərlik nümunələrimiz Azərbaycan insanının yaşam tərzi, adət-ənənələri barədə qonaqlarda müfəssəl təəssürat doğurmuşdur. Sərginin qiymətli eksponatlarından olan milli musiqi alətlərimiz də auditoriya tərəfindən son dərəcə maraqla qarşılanmışdır. Bundan əlavə, sərginin “Hisslər” adlanan bölməsində tanınmış fırça ustalarımız müasir Azərbaycan incəsənətinin nümunələrini təqdim etmişlər. Bədii üslubu, fərqli, həm də avanqard ideyaların hakim kəsildiyi bu əsərlər müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün, maraqlı ideyaların, incə ruhun vəhdət təşkil etdiyi əsərlər qeyri-ənənəvi ifadə texnologiyaları ilə tamaşaçılarda böyük maraq doğurmuşdur. Sərgidə Heydər Əliyev Fondunun ölkəmizin və onun mədəniyyətinin təbliğinə xidmət edən kitab, buklet və digər müxtəlif nəşrləri də təqdim olunub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban ƏLİYEVA sərginin açılışında çıxış edib.
"Bu axşam sizləri Azərbaycan mədəniyyət günlərinin açılışında ürəkdən salamlayıram. Dörd gün ərzində Fransanın ən gözəl şəhərlərindən biri olan Kannda Azərbaycanın mədəniyyət günləri keçiriləcək və həm şəhərin sakinləri, həm yüzlərlə turist ölkəmizin mədəniyyəti, incəsənəti, musiqisi, qədim sənəti, Azərbaycanın keçmişi və bu günü ilə tanış olacaqdır. Mən bu fürsətə görə, ilk növbədə, Kann şəhərinin meri cənab Broşana dərin minnətdarlığımı çatdırıram. Cənab mer, hazırlıq mərhələsinin ilk anlarından biz sizin diqqət və dəstəyinizi hiss etmişik və ümidvaram ki, bu gün təməli qoyulan əməkdaşlıq gələcəkdə də davam edəcəkdir".
Mehriban Əliyeva bildirib ki, ölkələrimiz arasında əlaqələr bir sıra mühüm sahələri əhatə edir: "Amma mən bu gün daha çox humanitar sahədən danışmaq istərdim. Fransa universitetlərində Azərbaycan dili, ədəbiyyatı və tarixi tədris olunur, yüzlərlə azərbaycanlı tələbə Fransa ali məktəblərində təhsil alır. Azərbaycanda, paytaxtımızda ilk fransız liseyinin binası inşa olunur. Ötən ildən Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzdə ölkəmizi tanıdan müxtəlif tədbirlər, konsertlər, sərgilər təşkil olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın müxtəlif regionlarında və şəhərlərində Azərbaycan mədəniyyət günləri keçirilir. Artıq 16 şəhərdə belə günlər keçirilmişdir.
Biz, həmçinin Strasburq Kafedral kilsəsinin, Versal Sarayının, Fransanın müxtəlif regionlarında tarixi abidələrin bərpasında da iştirak edirik. Əziz dostlar, bu siyahını davam etdirmək mümkündür. Mən sadəcə onu demək istəyirəm ki, mədəniyyət heç bir sərhəd tanımır, mədəniyyət insanları və xalqları biri-birini daha dərindən tanıması, daha doğru anlaması üçün universal və əvəzsiz bir vasitədir".
Birinci xanım bildirib ki, hər bir xalqın ən böyük varlığı onun mədəni irsi, keçmişi, kökləri və ənənələridir: "Biz azərbaycanlılar öz qədim və zəngin tariximiz və mədəniyyətimizlə fəxr edirik, dünyada Azərbaycanı əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik.
Hörmətli dostlar, bizim çalışıb burada yaratdığımız Azərbaycan mühiti ümidvaram ki, sizin qəlbinizdə xoş duyğular oyadacaq ölkəmizi daha yaxından tanımaq üçün Azərbaycana gələcəksiniz.
Bir daha bu axşam bizimlə birlikdə olduğunuza görə sizə dərin minnətdarlığımı bildirirəm, xoş axşam arzulayıram".
Kann şəhərinin meri Bernar BROŞAN bu sərginin Azərbaycanın dünyəvi dövlət və zəngin mədəniyyətə malik olduğunu bir daha təsdiqlədiyini bildirmişdir. Qeyd etmişdir ki, sərginin Kann şəhərində açılması Qafqazın mirvarisi olan Azərbaycana böyük maraq yaratmış və Fransanın mədəni dairələrində yaxşı tanınan ölkəmizin zəngin mədəniyyətinin olduğunu nümayiş etdirib.
Bu sərgi bir daha təsdiqləyib ki, bütün bunlar da mahiyyətində xeyirxahlıq və humanizm olan mədəniyyətimizin özəlliyindən qaynaqlanır. Bir reallıq da aydın olmuşdur ki, ölkəmizin beynəlxalq imicinin formalaşdırılması istiqamətində son illərdə həyata keçirilən fəaliyyət proqramı artıq öz uğurlarını qazanmış və bu sərgi də daxil olmaqla bunu təsdiqləyən mühüm amillər kifayət qədər çoxdur.
Mehriban xanım Əliyeva sərgiyə gələn tamaşaçılarla görüşüb söhbət edib.
X X X
Axşam Kannda Azərbaycan mədəniyyət günlərinin rəsmi açılışı münasibətilə ziyafət verilib.
X X X
Daha sonra hər il Kann şəhərində keçirilən beynəlxalq pirotexnika festivalının rəsmi açılışı olmuşdur. Mühüm məqam ondan ibarətdir ki, budəfəki festivalın rəsmi açılışını Azərbaycan etmişdir. Bu münasibətlə təşkil olunmuş möhtəşəm atəşfəşanlıq Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlamışdır. Atəşfəşanlıq dahi Müslim Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.
Bir sözlə, Heydər Əliyev Fondu Azərbaycanın Kanndakı təqdimatına iyulun 20-dək davam edəcək iki möhtəşəm sərginin açılışı ilə start vermiş və bu sərgilərdə yaşanan qələbəlik, sözün əsl mənasında, sonsuz maraq təsdiqləmişdir ki, Azərbaycanın zəngin mədəniyyəti dünyanın istənilən yerində qəbul olunur və sevilir. (Azertac)