Buna da şükür...

Buna da şükür...
  05 İyul 2013    Oxunub:4121
Etiraf edilməsə də və ya etiraf edənə qədər artıq cırılmış kağızlarla birgə unudulub getsə də, əksəriyyətin yeniyetmə yaşlarında sevgi şeirləri yazdığı olur.
Məsələn, doğum günündə hər kəs səni təbrik edər, bir “O”ndan başqa və sən nisgilini öldürmək üçün əlinə keçən bir kağız parçasına cızma-qara etməyə başlayarsan. Onun zəngini gözlədiyindən, dolmuş gözlərindən, ümidlərindən yazarsan. Pərviz kimi...

23 yaşlı Pərviz Arifin də ilk şeri 2007-ci ildə belə yazılır. Və bu gün əlimizdə olan kitabı, eləcə də burada yer alan həmin ilk şeir göstərir ki, o əvvəldə dediyimiz yeniyetmələrdən olmayıb. Yazdıqlarını etiraf etməklə yanaşı, şeir yazmaq artıq onun həyatının bir hissəsinə, yoluna çevrilir...

Gözlərim intizardadır,
Baxır yollara hər səhər,
Görür ki, burdan hər səfər,
Gələn də var,
Gedən də var,
Bircə nəfərdən savayı...


Beləliklə, 6 ildir sevə-sevə yazdığı şeirlər bu yaxınlarda çapdan çıxan “Buna da şükür ” adlı ilk kitabında cəm olub. İlk başda heca vəznində yazmağa başlayan Pərviz daha sonralar ədəbiyyata, poeziyaya olan marağından əruz vəznini də öyrənməyə və bu vəzndə də yazmağa başlayıb. Elə sözügedən kitabında qəzəlləri ilə də tanış olmaq olar.

Gənc şairə yaradıcılığında uğurlar diləyirik. Yazıb-yaratmaq eşqi ölməsin... Kitabının üz qabığında yolunu gözlədiyimiz birinin olmasının şükrə dəyər olduğuna işarə edən şair yəqin ki, bununla kifayətlənməyib, oxucularını gözəl şeirləri ilə hələ çox sevindirərəcək.


Sevinc Fədai


Teqlər:  





Xəbər lenti