Azərbaycan dünyanın ən yaxşıları arasında

Azərbaycan dünyanın ən yaxşıları arasında
  23 Yanvar 2016    Oxunub:2453
Nüfuzlu beynəlxalq şirkət olan “Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələri və şəhərlərinin siyahısını açıqlayıb.
Cədvəlində ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən “Global Sports Nations Index” adlı reytinq siyahısında Azərbaycan da yer alıb.

Belə ki, müxtəlif növlər üzrə dünya və Avropa çempionatları, eləcə də I Avropa Oyunlarının keçirildiyi Azərbaycan siyahıya daxil olan 81 ölkə arasında 37-ci yerdə qərarlaşıb. Ölkəmizin əmsalı 4111 xalla dəyərləndirilib. Müqayisə üçün qeyd edək ki, Ermənistanın adı çəkilmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında 3-cü pillədədir.

Bizi yalnız ümumi siyahıda birinci olan Rusiya (41352) və 30-cu pillədə qərar tutan Qazaxıstan (6751) qabaqlayır. Azərbaycan Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, Bolqarıstan kimi idman ölkələrini arxada qoyub.

İlk üçlükdə Rusiyanı müvafiq olaraq, Kanada (40205) və Böyük Britaniya (37191) izləyir. Türkiyə (12861) siyahıda 18-ci yerdədir.

Şəhərlərin siyahısına isə London başçılıq edir. Böyük Britaniyanın paytaxtı 22350 xala malikdir. İlk beşlikdə Rio-de-Janeyro (17209), Moskva (15777), Tokio (15310) və Paris (12219) yer alıb. Azərbaycan paytaxtı Bakı 3974 xalla dünyanın 26-cı şəhəridir. Paytaxtımız Los-Anceles, Nanjinq, Dehli, Roma, Dubay, Stokholm, Sidney, Köln, Oslo, Toronto və bir sıra aparıcı şəhərlərdən öndə gedir.

Bakı MDB məkanında Moskva, Kazan, Soçi, Sankt-Peterburq və Almatıdan sonra altıncı yerdədir. İstanbul isə ümumi siyahıda altıncıdır. (Azərtac)


Teqlər:





Xəbər lenti