Qorxuram ki, uşağım başqasından mayalanar – ARAŞDIRMA

Qorxuram ki, uşağım başqasından mayalanar – ARAŞDIRMA
  21 Fevral 2013    Oxunub:25358
Dünya Səhiyyə Təşkilatı sonsuzluqla mübarizə yollarından biri kimi süni mayalanma prosesinin önəmli olduğunu bildirir. Bu gün yüzlərlərlə ailə övlad həsrətilə yaşasa da, süni mayalanma üsuluna hamı müraciət edə bilmir. Qiymətlərin baha olması ilə yanaşı, verilən zəmanət də 67 faizdən yuxarı olmur. Yəni həkim pasiyentə 100 faiz ana olacağı zəmanətini vermir. Belə olan halda, ana 5-6 min manat itirməklə yanaşı, xəyal qırıqlığına da uğrayır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya üzrə cütlüklərin 10 faizi sonsuzluq problemindən əziyyət çəkir. Bu da o deməkdir ki, 80 milyon insan bu problemlə qarşı-qarşıyadır.
Sonsuzluqla müxtəlif üsullarla mübaizə aparılsa da, süni mayalanma elmin əldə etdiyi nailiyyətlərdəndir. Azərbaycanda da sonsuzluqla mübarizədə bu üsuldan istifadə edilir.

- 8 ildir ki, ailə həyatı qursam da övladımız olmurdu. Yoldaşım da, mən də müxtəlif zamanlarda müalicə almışdıq. Həkimlər bizdə problemin olmadığını deyirdilər. Amma uşağımız olmurdu. Nəhayət, yoldaşım müayinə üçün Türkiyəyə getməyə qərar verdi. Orada bir sıra yoxlamalardan keçdikdən sonra bizə təbii yolla uşağımızın olmayacağını bildirdilər. Burada bizə süni mayalanma üsulunu təklif etdilər. Yoldaşım bu qərarla razılşamadı, Azərbaycana qayıtdıq. Burada yenidən həkimlərə müraciət etdik. Uzunmüddətli yalvarışlardan sonra həyat yoldaşımı süni mayalanma üsuluna razı sala bildim,- deyən Rəvanə Abdullayeva 7 aydır ki, hamilədir və hamiləliyinin yaxşı keçdiyini bildirir. Amma bu əməliyyat ona çox baha başa gəlib. Əvvəlcə həyat yoldaşını razı salmağa çətinlik çəkən qadın, daha sonra maddi problemlərlə də üzləşib. Gözlədiyi körpəsinin 10 min manata başa gəldiyini deyən qadın bildirir ki, daim həkim nəzarətinədir və körpəsi oğlan olacaq.
Ginekoloq–cərrah Janna Abdulovanın sözlərinə görə, “süni mayalanma” adlanan hamiləlik üsulu mayalanmanın ananın bətnindən xaricdə edilməsi deməkdir. Yəni kişidən sperma alınır, yaxşıları seçilir və süni mayalanmada istifadə edilməsi üçün ayrılır. “Kişilərdən sperma almamışdan öncə məsləhət görülür ki, əməliyyata qədər 3-4 gün cinsi əlaqədən və spirtli içkilərdən uzaq dursunlar. Bu, spermanın gücünü artırmaq üçündür. Anadan yumurta almaq üçün isə hər ay törəyən tək bir yumurta yerinə ona bəzi dərmanlar verilərək, çox sayda yumurta əldə edilir. Bunun ardınca yumurtaların çatlayıb, qarın boşluğuna yayılmasının qarşısını almaq üçün 35 saat sonra əməliyyat yolu ilə yumurtalığa daxil olaraq, içindəki follikul çəkilir. Qeyd edim ki, dərmanlardan 38 saat sonra yumurtalar çatlayıb qarın boşluğuna dağılır və əməliyyat mütləq 35–ci saatda aparılmalıdır”.
Yığılan follikul mayesinin içində olan yumurta mikroskopla ilə tapıldıqdan sonra anaya uşaqlıq boynu divarının qalınlaşması və hamiləliyə hazırlıq məqsilə müxtəlif iynələr vurulur. Həkimin dediyinə görə, yumurta toplandıqdan 1-2 saat sonra sperma ilə birləşdirilir və döllənmə baş tutur. Bəzən sperma zəif olduqda döllənmə baş verməyə bilər. Elə bu səbəbdən də 1995-ci ildən Türkiyədə yeni bir metod yaranıb. Məcburi döllənmə üçün iynə vasitəsilə yumurta nüvəsinin yanına buraxılır və məcburi döllənmə həyata keçirlir.

Həkim bildirir ki, yumurta mayalandıqdan sonra insan bədəni mühitini əks etirən cihazlarda saxlanılaraq, müşahidə edilir. “Döllənmədən 24 saat sonra yumurtalar 2-yə, 2 gün sonra 4-ə, 3 gün sonra isə 8-ə bölünür. Üçüncü gündə 8-ə bölünmüş embrionlardan 2 və ya 3 dənəsi seçilərək, ana bətninə yerləşdirlir.Ancaq bu mütləq hamiləlik demək deyil. Çünki hər bətn embrionları özündə saxlaya bilmir. Elə buna görə də, biz eyni əməliyyatı bəzən 2-3 dəfə həyata keçiririk. Əməliyyatlar arasında müddət 6 ay davam edir”.

J. Abdulova deyir ki, qadınların 37 yaşından sonra yumurta istehsal etmə qabiliyyəti məhdudlaşır. Elə bu səbəbdən də övlad sahibi olmaq istəyənlər bu yaşa qədər gözləməlilidr. Çünki yaş nə qədər artırsa, hamilə qalma ehtimalı da o qədər azalır. Belə ki, övladı olmayan 40 yaşlı qadında süni mayalanma ilə hamilə qalma ehtimalı cəmi 3 faizdir. Ancaq gənc qadınlarda ilk əməliyyatda hamilə qalma ehtimalı 40-50 faiz olur. Əgər ilk həmlədə döllənmə baş tutmursa, götürülən sperma xəstəxanalarda 3 il müddətinə saxlanılır. 3 il müddətində qadın yenidən süni mayalanma əməliyyatını üzərində sınaya bilər.

Həkim bu əməliyyatın və dərmanların baha olduğunu bildirir. Onun sözlərinə görə, əməliyyat zamanı istifadə edilən bütün dərmanlar xaricdən gətirlir.

Həkim onu da bildirdi ki, donorla hamiləlik və süni mayalanma ilə hamiləlik arasında çox fərq var. “Bəzən insanlar süni mayalanma dedildiyi zaman spermanın donorlardan alındığını düşünürlər. Bu, belə deyil. Süni mayalanma müraciət edən cütlüklərin sperması ilə həyata keçirlir. Yəni uşaq ailəyə aid olur. Başqa kimsənin rolu olmur”.
Abdulova süni mayalanma üsuli ilə doğulan uşaqların təbii yolla doğulan uşaqlardan fərqlənmədiyini deyir. Yəni valideyinlər kiməsə uşağın süni mayalanma ilə doğulduğunu deməsələr, bunu heç kəs başa düşə bilməz. Qeyd edək ki, süni mayalanma əməliyyatı şəhərimizin bir çox xəstəxanalarnda aparılır və qiymətlər xidmətlərə görə dəyişir. Bu gün süni mayalanma yolu ilə uşağa sahib olmaq üçün valideyinlərin maksimum 10 min manat xərci çıxır.

İslam dinində süni mayalanma günah sayılmır. İlahiyyatçı Rəşad Ağayevin sözlərinə görə, cütlük sonsuzdursa, heç bir çarə yoxdursa, qadının ərindən götürülmüş sperma ilə süni mayalanma aparıla bilər: “Qadına ərindən başqa insanın spermasının yeridilməsi dini baxımdan günahdır və zina hesab edilir. Əgər qadının əri buna razıdırsa, qadını başqası ilə kəbin kəsdirdikdən sonra hamilə qala bilər. Hər bir halda kişi başa düşməlidir ki, onun mayasından olmayan uşaq ona bənzəməyəcək”.

7 ildir övladı olmayan Sənan Mansurov deyir ki, uşaq arzusunda olsa da, bu əməliyyatı keçirməyə ürək eləmir: “Mənə elə gəlir ki, həkimlər mənim deyil, bir başqasının spermasını yerləşdirəcəklər. Nə yalan deyim, aldanmaqdan qorxuram. Bir də cəmiyyət qınağı var. İnsaları necə başa salasan ki, bu, həqiqətən də mənim törəməmdir”.

Mütəxəsislərin fikrincə, həqiqətən də ölkədə bu baxımdan ailələr problemlər yaşayır. İllərlə övladı olmayan ailələrin birdən-birə övlad sahibi olması insanlarda müxtəlif fikirlərin yaranmasına səbəb olur.
Sosioloq Yunis Mərdin sözlərinə görə, süni mayalanma əməliyyatı problemli əməliyyat olmasa da, valideyinlər uzunmüddət qorxu içində yaşayırlar. Hətta övladının atası olduğuna şübhə ilə yanaşan kişilər də var. “Süni mayalanma əməliyyatını keçirən insanlar çox zaman bunu ətrafdan gizlətməyə məcbur olurlar. Çünki insanlar belə məsələlərə birmənalı yanaşmırlar. Cəmiyyət o qədər sadəlövhdür ki, süni mayalnma ilə dünyaya gələn uşağa başqa cür baxırlar. Hətta tanıdığım insanlar olub ki, onun dostları onu “kişi” olmamaqda günahlandıraraq, gülünc vəziyyətə də salıblar. Ən yaxşısı, bu əməliyyatlar keçirlsə belə, bu haqda ətrafa məlumat verməməkdir. İnsanların fikrilərini dəyişmək əlimizdə olmadığı üçün, müəyyən şeyləri onlardan gizlətməyimiz daha məsləhətli olardı”.

Mütəxəssis bildirir ki, ölkədə bu əməliyyata yüzlərlə insanın ehtiyacı olsa da, “el qınağı” insanları bu addımı atmaqdan çəkindirir. Və bir də kişilərin bir qorxusu olur: “uşaq məndən deyil də, başqa birinin sperması ilə mayalanırsa”... Bu səbəbdən də, əməliyyata getməmişdən öncə insanlar psixoloqlarla məsləhətləşməlidir. Psixoloji durumu qaydaya salındıqdan sonra bu əməliyyata müraciət etmək olar.

İradə CƏLİL


Teqlər:  





Xəbər lenti