“Mirşahin də nitqində qüsurlara yol verir”

“Mirşahin də nitqində qüsurlara yol verir”
  08 İyul 2013    Oxunub:1430
“O da öz nitqində müəyyən qüsurlara yol verir. Amma bu o qədər də nəzərə çarpmır, çünki Mirşahin peşəkardır”.
Milli Televiziya və Radio Şurası Azərbaycanın Teleradio məkanında “Ədəbi dilin qorunması layihəsi” əsasında MTRŞ ilə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2013 -cü ilin may-iyun aylarında aparılmış monitorinqlərin hesabatını açıqlayıb. Hesabatda ANS də daxil olmaqla, ölkənin 6 telekanalı monitorinq edilib, hər bir aparıcının səhvləri barədə ayrı- ayrı məlumat verilib. Monitorinqin nəticələrinə münasibət bildirən əməkdar jurnalist Mirşahin Ağayev isə deyib ki, televiziya aparıcıları ədəbi dildə deyil, təmiz ana dilində danışmalıdır. Ədəbi dil yalnız sahə dilidir.

Telejurnalistin fikirləri ilə bağlı Azvision.az-a açıqlama verən millət vəkili Nizami Cəfərov isə bildirib ki, hətta Mirşahin Ağayevin özü də bəzən proqramlarda ədəbi dillin normalarını pozur və monitoriqi aparanların ANS telekanalı ilə heç bir qərəzli münasibəti yoxdur :

“Mən Mirşahin Ağayevin etirazı ilə tanışam. Mirşahini narahat edən nə monitorinqdir, nə də irəli sürülən qüsurlardır. Bu, təbiidir, kim daha çox tənqid olunursa, o da narahat olur”.

Monitorinqi aparanlar çox səviyyəli və gənc mütəxəssislərdir. Onlar mənim tələbələrimdir. Mən onların obyektivliyinə şübhə etmirəm. Monitorinqin aparılmasında məqsəd ANS-i qaralamaq olmayıb. Çünki bunu da yaddan çıxarmamalıyıq ki, özəl televiziyalar içərisində Azərbaycan dilinə ən çox zənginllik, navatorluq gətirən ANS -dir. O yerdə ki, dil axtarışları var, orada səhvlər və qüsurlar da olur. Mirşahinin özü ANS -in əsas aparıcısıdır və klassik üslubu var. O da öz nitqində müəyyən qüsurlara yol verir. Amma bu o qədər də nəzərə çarpmır, çünki Mirşahin peşəkardır. Ədəbi dildən yayınmalar az və ya çox dərəcədə olmalıdır. Və bu yayınmalar onun peşəkar nitqində üsluba çevrilir. Səhv kimi görsənmir. Hansısa məqamda Mirşahin “uje” de deyə bilir. Amma söhbət o aparıcılardan gedir ki, onlar səhvi şüurlu şəkildə etmirlər, elə nitqi belədir. Məsələn, ANS-in aparıcı İlqar Mikayıloğlu istedadlı oğlan olsa da, külli miqdarada dialekt sözü işlədir. Bu artıq dili korlamaqdır. Əsl aparıcı ədəbi dilin normalarına riayət etməlidir”.

“Yaxşı olar ki, ayrı- ayrı televiziyalar bizim televiziya akademiyasına müraciət etsinlər və orada onlar üçün iki aylıq nitq mədəniyyəti kursları keçirilsin. Təəssüflər olsun ki, bəzi televiziyalar rəhbərliyindən ibarət bir qrup adamın adını yazıb göndərib ki, bu, Bədii Şuradır. Belə olmaz axı. Bədii Şuranın tərkibində televiziyada çalışan çox az olmalıdır. Kənardan mütəxəssislər dəvət edilməlidir”-deyə deputat qeyd edib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti