Prezidentə sui-qəsdə cəhd edənlərin məhkəməsi olub
Məhkəmə günün ikinci yarsında davam edəcək.
İttihama görə, beynəlxalq terrorçu şəbəkə tərəfindən Azərbaycanda terrorçuluq aksiyalarının törədilməsi üçün Vüqar Padarovla eyni dərəcədə səlahiyyət verilərək "əmir" təyin edilən "Əbu Ubeydə" ləqəbli S. Saniyev cinayətkar şəbəkə yaradaraq "Eurovision 2012" ərəfəsində Bakıda və regionlarda terror planları həyata keçirməyi planlaşdırıblar.
İstintaq müəyyən edib ki, 2011-ci ilin fevralında Dağıstanın Kadar kəndi yaxınlığında təşkil olunan "Dağıstan əmirlərinin şurası"nda Azərbaycanda silahlı "cihad"ın edilməsi ilə bağlı müzakirələrdə Vüqar Padarov və Elmir Nurəliyevlə yanaşı, Samir Saniyev də iştirak edib.
Sonda "əmirlər şurası" V.Padarova, S.Saniyevə və E.Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul veriblər. "Dağıstan cəbhəsinin əmiri" "Saleh" ləqəbli İbrahimxəlil Daudov yaradılmış yeni silahlı birləşməyə "Busra" ləqəbli Vüqar Padarovu "əmir" təyin edib və bu barədə videogörüntülü müraciət sonuncunun mobil telefonunun yaddaşına yazılıb.
V.Padarov, S.Saniyev və E.Nurəliyev ötən ilin iyulunda silah-sursatla dövlət sərhədini Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəliblər. Və həmin şəbəkənin Azərbaycanda silsilə terrorçuluq aksiyalarının keçirilməsi məqsədilə bu 3 nəfər daim təlimatlandırılıblar.
Tapşırıqlara əsasən, V.Padarov və onun rəhbərlik edəcəyi silahlı dəstənin üzvləri aprel ayının əvvəlində Azərbaycan Prezidentinin şimal-qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirilməli, hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil edilməli, bu strukturların əməkdaşları öldürülməli və inzibati binalarda olan silah-sursat ələ keçirilməli idi. Eyni zamanda bir sıra ziyarətgahlar, məscidlər və başqa dini konfessiyalara məxsus ibadət yerləri partladılmalı idi.
E.Nurəliyev isə V. Padarovla əlaqəli şəkildə Bakı şəhərində qeyd olunan terrorçuluq aksiyalarının törədilməsi məqsədilə zəruri məlumatların əldə edilməsi üçün kəşfiyyat işləri aparmalı, hücum hədəflərinin, o cümlədən bir sıra dövlət orqanlarının yerləşdikləri ərazilərin sxemlərini, iş rejimini, xidməti personalının sayını, snayper mövqelərini və digər faktorları müəyyənləşdirməli idi.
Bundan başqa, müəyyən edilib ki, S. Saniyev silahlı qrupun üzvləri ilə birlikdə Bakıda əcnəbilərin daha çox olduqları və ya qaldıqları yerlərdə, o cümlədən "Hilton Baku" və "JW Marriot Hotel Absheron" və digər mehmanxanalarda partlayışlar törətməliymiş. Eləcə də, hər vəchlə biletlər əldə etməklə "Eurovision" müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall"da və Dövlət Bayraq Meydanında irimiqyaslı partlayışlar törətmək planlaşdırılıb.
İstintaqın gəldiyi nəticəyə görə, Timur Hüseynov isə "Baku Crystal Hall"a daxil olmalı və özlərinin xüsusi hazırladıqları, mütəxəssislərin "şok bombası" kimi tanınan partlayıcını işə salmalı və nəticədə tamaşaçılar arasında tələfata və xəsarətlərə hesablanan kütləvi basırığa nail olmalı idi. Eyni vaxtda mehmanxanaların qarşısında saxlanılan avtomaşınlardakı partlayıcı maddələr məsafədən işə salınmaqla böyük dağıntılarla müşayiət olunan partlayışlar törədilməli idi. Eyni üsulla partlayıcı maddələr yerləşdirilən daha bir avtomaşının Bayıl qəsəbəsinin Bayraq Meydanına yaxın yaşayış binalarından birinin həyətində partladılması da nəzərdə tutulubmuş.
MTN-nin keçirdiyi əməliyyat nəticəsində Elmir Nurəliyev, Faiq Sultanov, Əmir Muradov, Ağasadıq Əliyev, Nəriman Abbasoğlu, Aydın Həsənov, Arif Həsənov, Bəhruz Lələyev, Rəşad Aşurov, Məcid Aşurov, Mehdi Padarov, Nəsrullah Yunusov, Rauf Əfəndiyev, Elmir Həmidov, Məmməd Məmmədov, Ruslan Allahverdiyev, Faiq Süleymanov, Teymur Qaracayev və Mahmud Lələyev həbs ediliblər.
Dəstə başçısı V. Padarovu və onunla birlikdə gizlənən digərlərinin tərk-silah olunması və tutulması üzrə keçirilən antiterror əməliyyatı zamanı həmin şəxslər Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəş açaraq əl qumbarası atıblar. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən V. Padarov məhv edilib, F. Sultanov və Ə. Muradov isə tutulub.
Silahlı atışma zamanı MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Quliyev ölüb, nazirliyin xəsarət alan digər 3 əməkdaşı isə Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib. Ümumiyyətlə, keçirilən əməliyyatlar nəticəsində Bakıda və Qazax rayonunda da hüquq-mühafizə orqanlarının 10-a yaxın əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, bu günə kimi "Eurovision 2012" ərəfəsində Azərbaycanda terror aktı törətməkdə ittiham olunan 3 mütəşəkkil dəstənin ümumilikdə 29 üzvünə hökm oxunub.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurovision" müsabiqəsinə etiraz etməkdə ittiham olunan "Azad Xəbər" internet qəzetinin baş redaktoru Nicat Əliyev, Elvin Nəzərov, Ceyhun Səfərli, Qorxmaz Camalov, Samir Hüseynov, Emin Tofiqi, Temirxan Hüseynov, Əli Əliyev, Səfər Məmmədov, Valeh Abdullayevin cinayət işi üzrə araşdırma davam etdirilir. İstintaqda isə daha bir neçə qrupun cinayət işi üzrə istintaq araşdırması davam etdirilir.