Prezident və dövlət rəsmiləri başsağlığı verib
Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabr ayının 16-da Masallı rayonunun Mollaoba kəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçmüş və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin 1948-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın yaradıcılarından biri kimi ittiham edilərək, məhkəmə hökmü ilə 25 illik həbs cəzasına məhkum olunub. O, yalnız 8 il sonra, 1956-cı ildə tam bəraət qazanıb Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa edilib.
Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu 1945-1947-ci illərdə "Ədəbiyyat qəzeti" redaksiyasında, 1947-1948-ci illərdə isə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. O, 1957-ci ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlamış, filologiya fakültəsinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışaraq, ömrünün yarım əsrdən artıq bir dövrünü ölkəmizdə təhsilin inkişafına həsr edib.
Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, yetmiş ilə yaxın müddət ərzində ədəbiyyatımızın inkişafı naminə çalışıb. Onun özünəməxsus üslubu və uğurlu poetik axtarışları ilə seçilərək oxucuya zövq aşılayan əsərləri müasirlərimizin həyatını, mənəvi aləmini dolğun əks etdirən bədii lövhələrlə zəngindir. Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda mənsur şerin ilk və dəyərli nümunələrini yaradıb. Azərbaycan nəsrində bədii-poetik struktur baxımından yeni olan bir janrda meydana gətirilən həmin əsərlər ədəbi tənqidin diqqətini daim özünə cəlb edib və həmişə təqdirlə qarşılanıb.
Gülhüseyn Hüseynoğlunun eyni zamanda tədqiqatçı alim kimi Azərbaycan ədəbiyyatşünaslığı qarşısında özünəməxsus xidmətləri var. O, şəxsiyyətə pərəstişin ilk qurbanlarından olan Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifi idi. Onun xüsusən böyük şairin poetik irsinə dair çoxsaylı axtarışları, eləcə də digər araşdırmaları həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Yazıçının dərin bədii-estetik keyfiyyətləri və orijinal məzmunu ilə səciyyələnən əsərləri bir sıra dillərə tərcümə olunaraq nəşr edilib.
Gülhüseyn Hüseynoğlu ədəbi və elmi yaradıcılığını ahəngdar şəkildə pedaqoji fəaliyyəti ilə əlaqələndirməklə uzun illər Bakı Dövlət Universitetinin professoru olaraq Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanması işinə layiqli töhfələr verib.
Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə "Xalq yazıçısı" fəxri adına layiq görülüb. O, 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Tanınmış nasir, istedadlı ədəbiyyatşünas, mahir pedaqoq və səmimi insan Gülhüseyn Hüseynoğlunun işıqlı xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əli-zadə
Əbülfəs Qarayev
Mikayıl Cabbarov
Anar Rzayev
İsa Həbibbəyli
Nizami Cəfərov
Abel Məhərrəmov
Fikrət Qoca
Tofiq Hacıyev
Rəfael Hüseynov
Kamal Abdullayev
İsa Hüseynov
Söhrab Tahir
Nəriman Həsənzadə
Sabir Rüstəmxanlı
Mövlud Süleymanlı"
Mərhumun cənazəsi vidalaşmaq üçün 2013-cü il iyulun 10-da saat 14.00-dan 16.00-dək Azərbaycan Dövlət Mahnı Teatrının binasında (Rəşid Behbudov küçəsi, 12) qoyulacaqdır.