Ölkədə şahmatın inkişafı üçün hansı işlər görülüb?

Ölkədə şahmatın inkişafı üçün hansı işlər görülüb?
  02 Mart 2016    Oxunub:2295
Azərbaycanın 60-a yaxın şəhər və rayonunda şahmat məktəbləri tikilib istifadəyə verilib.
AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov “2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramına həsr olunan tədbirdə deyib.

Nazir bildirib ki, 5 may 2009-cu il tarixində ölkə prezidenti İlham Əliyev tərəfindən “2009-2014-cü illər üçün Azərbaycan Respublikasında şahmatın inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalanıb:

“"Bu Sərəncamın Bakı şəhərində keçirilmiş və ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş möhtəşəm Azərbaycan-FİDE Dünya matçı ərəfəsində imzalanması təsadüf deyil. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərindən etibarən hələ Sovetlər İttifaqı dövründə Dünya Şahmat Tacının Azərbaycana gətirilməsində də Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bəri keçən müddət ərzində Azərbaycan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəni layiqincə təmsil edərək yüksək nəticələrə nail olub, 80-dən çox medal, o cümlədən 32 qızıl medal qazanıbar”.

A.Rəhimov qeyd edib ki, hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 20 FİDE ustası, 15 beynəlxalq hakim və 16 FİDE hakimi var: “Azərbaycan şahmatı dünya arenasında elə bir yüksəlişə keçib ki, hətta 2014-cü ildə Norveçdə keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında komandamızın 179 ölkə arasında 2, 5-ci yerləri bölüşüb. Dövlət Proqramının əsas məqsədi şahmat sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə şahmatın və onun infrastrukturunun daha da inkişaf etdirilməsi, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər şahmat mütəxəssislərinin hazırlanmasını təmin edilməsidir. Ölkənin bu sahə üzrə beynəlxalq miqyasda rolunun artırılması, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün tədbirlər planının həyata keçirilməsi Dövlət Proqramının əsas istiqamətlərindəndir”.

Qeyd edək ki, Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi müəyyən edilib.

Nazirin sözlərinə görə, keçən dövr ərzində Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyası ilə birlikdə 40-a yaxın müxtəlif Azərbaycan birinciliyi və çempionatları, o cümlədən Ulu öndər Heydər Əliyevin xatirəsinə və Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş beynəlxalq şahmat festivalları keçirilib: “Misal üçün qeyd edək ki, 2014 və 2015-ci illərdə Vüqar Həşimovun xatirəsinə həsr edilmiş, hal-hazırki dünya çempionu Maqnus Karlsen və digər keçmiş dünya çempionalarının iştirakı ilə, dünyanın ən yüksək kateqoriyalı beynəlxalq turnirləri ölkəmizdə keçirilib. Gənclər və İdman Nazirliyinin Təhsil Nazirliyi ilə apardığı birgə işlər nəticəsində respublikanın 70-dən çox orta ümumtəhsil məktəbində şahmat fənninin tədrisinə başlanılıb. Dövlət Proqramının başa çatmasından keçən dövr ərzində Proqram əsasında görülən işlər dərin təhlil edilib, hansı işlərin tam icra edildiyi, hansı işlərin isə daha yüksək səviyyədə təşkil edilə bilməsi imkanları araşdırılıb”.

Gültəkin Ələsgər
AzVision.az



Teqlər:





Xəbər lenti