Biz - qərbli kimi danışıb, şərqli kimi yaşayanlarıq...

Biz - qərbli kimi danışıb, şərqli kimi yaşayanlarıq...
  11 İyul 2013    Oxunub:988
Emin Piri

Şərq-Qərb. Mənə elə gəlir ki, biz bu iki kəlmə arasındakı defis işarəsini daha çox əvəz edə bilərik. Nə Şərqi, nə də Qərbi. Məhz defis işarəsini. Necə ki, həmişə şərq və qərb düşüncəsinin arasında qalmışıq. Arada qalmaq taleyimizə yazılıb.
İstər siyasi, istər düşüncə tərzi, istərsə də yaşam tərzimiz bu iki fəlsəfənin arasında gəl-getdədir. Bu ikili fəlsəfə həyatımıza o qədər nüfuz eləyib ki, öz şəxsiyyətimizdə belə bir-birinə təzad olan iki şəxs formalaşıb. Düzdü, bu aralıq nə qədər intelektual insanlarımızın yetişməsinə xidmət etsə də, o qədər də həyatımızı acıya çevirib.

Biz qərbli kimi danışıb, şərqli kimi yaşayanlarıq.

Rütbəli insanları, həkimləri, vəzifəli adamları hər zaman qınayırıq. Ancaq universitetə qəbul zamanı hüquq, tibb fakültəsini birinci sırada yazırıq. Əcəba, özümüz də qınanmaq istəyirik? Yoxsa qınanmaqçün niyə yarışaq? Bəlkə elə qınaqlarımız da ikili prinsipə söykənir?

Şəhərin mərkəzi küçələrində elliklə Qarabağ deyib, hayqırsaq da, övladlarımızın hərbi xidmətini səngərdə keçirməməsi üçün bütün resurslarımızı işə salırıq.

Hətta Keniyadan Amerikaya gedən biri (söhbətin kimdən getdiyini hər halda anlamaq çətin olmaz) “amerikalıyam” deyib ölkəsi uğrunda çox şeyə gedə bilir. Biz isə burda doğulub, bu torpağı yeyib sonrasa kiçik ölkədə “filan rayonluyam” deyə qürurlanırıq. Bu cür kiçilmə zamanla şəxsiyyətin özünün də cılızlaşması prosesini aparır. Düşüncədə regional areal nə qədər böyük olarsa, şəxsiyyətin böyüməsi də o dərəcədə böyük olur. Böyük düşüncənin ruhu da, şəxsiyyəti də böyük olur.

Adi bir söyüş üstündə kimisə öldürə bilərik, amma Qarabağda ermənilərin nəinki söyüşü, həyata belə keçirdiyi söyüşün alt qatı qarşısında susuruq. Nədənsə bu zaman dahilərin səbr etməklə bağlı məşhur kəlamlarını xatırlayırıq.

Hər hansı fəlsəfi fikir açmadan sadə məişət tərzimizə nəzər yetirərək kiçik münasibətlərdən danışım.

Qadın və kişi fərqi qoymadan cəmi bir neçə detalı deməklə qəribə bir mənzərəylə qarşılaşarıq. Müasir düşüncəli xanımla bir restoranda əyləşirsən. O, sənə saatlarla qadın haqlarından mühazirə oxuyur. Avropa dəyərlərindən danışır, həyatın müştərək olduğunu bildirir. Özünün də qərbli xanım olduğunu isbatlamağa çalışır. Amma bu iki saatlıq mühazirədən sonra bu cür xanımlar hesab zamanı gözlərini sənin əllərinə zilləyəcək. Beləliklə, “qərbli xanım” bir anda şərqliyə çevrilir. Buradan göründüyü kimi bizim qərbli və ya şərqli olmağı maliyyə resurslarının hansı yöndə və meyarlar hərəkət etməsindən aslıdır.

Və yaxud həyatın müştərək olduğunu,qadının zəif olmadığını isbatlamağa çalışan xanımlar metroda, marşrutda özlərinə yer tapmadığını gördükdə gözləriylə sənin gözlərini eşməyə çalışacaq. hətta biraz yer gec verilsə Azərbaycan kişisi adına bir-iki atmaca da atmağı unutmayacaq....

Kişilərsə... boşanmış xanımı sevə bilərik, pulumuzu xərcləyərik, hətta onunçün canımızdan da keçərik. Həmin xanımla münasibətçün bütün qərb variantlarını işə salıb, həmin xanımı avropa dəyərlərinə inandırmağa çalışırıq. Özümüzün əsl qərbli, müasir olduğumuzu həmin xanıma hər vəchlə izah edib inam yaradırıq. Gələcəkdə hər şeyin yaxşı olacağını deyirik ( halbuki, qərbdən də çox İslam aləmində bu izdivac tam normal sayılır, hətta belə xanıma sahib çıxmaq savab iş sayılır). Amma evlənmək vaxtı çatanda “evdəkilər buna razı olmaz, qohum-qonşu buna nə deyər, bacarmıram, alınmaz ” və.s. i. bəhanələrlə bu münasibətlərə son qoyuruq. Həm özümüzün, həm də qarşımızdakı xanımın taleyilə oynamış oluruq. Və bizim qərbli kişi rolumuz yalnız evlilik tələbinə kimi davam edir...

İş yerində xanımlarla “qərbli olan milli kişi”, öz ailəsində xanımıyla münasibətdə bircə anın içində şərqliyə çevrilir. İnsanlarımızın belə dəyişmə qabiliyyətinə hər halda avropalılar da heyran olar. Elmin çevrilmə qanunları da belə ani metamarfozalar qarşısında acizdir.

Bütün bunlardan sonra düşünürəm ki, biz bədbəxt adamlarıq. Ancaq ətrafımızda, hər yerdə xoşbəxt görünməyə çalışır, hətta hər vəchlə xoşbəxt olduğumuzu insanlara sübut etməyə çalışırıq. Bir dostumun söylədiyi kimi “biz öz bədbəxtliyini xoşbəxtcəsinə yaşayan insanlarıq”.


Teqlər:





Xəbər lenti