`O günü heç vaxt unutmaram...` -36 yaşlı İlham Zəkiyev

`O günü heç vaxt unutmaram...` -36 yaşlı İlham Zəkiyev
  03 Mart 2016    Oxunub:3730
Bu gün 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu olan İlham Zəkiyevin doğum günüdür. İ.Zəkiyev 36 yaşını qeyd edir.
AzVision.az bu münasibətlə idmançı ilə əlaqə saxlayaraq ondan doğum günü təəssüratlarını öyrənib.

- Bu gün 36 yaşınız tamam olur. Ad gününüzlə bağlı sizi ilk kim təbrik etdi? Doğum gününüzü necə qeyd edəcəksiniz?

-İlk təbriki həyat yoldaşımdan aldım. Daha sonra ailə üzvlərim, dostlarım təbrik etdilər. Hazırda təbriklər davam edir. Sözün açığı, ad günü mənim üçün o qədər də əhəmiyyətli deyil. 5-10 yaşım yoxdur ki, təmtəraqlı ad günü keçirim. Bu gün mənim üçün adi günlərdən biridir.

-Doğum gününüzdə sizə hədiyyə verən oldumu?

- Olub. Ancaq mən daha çox hədiyyə verməyi xoşlayıram, nəyin ki, hədiyyə almağı.

-Adətən deyirlər ki, yaş kişinin var- dövlətidir. Razısnız bu fikirlə?

-İllərin sınağından çıxmış bir sözdür. Ona görə də razılaşıram.

-Sizi varlı kişi hesab etmək olarmı?

-Hesab edin, problem yoxdur. Mən də sizin dediyiniz kimi özümü varlı hesab edirəm. İnsanın ailəsi yanındadırsa, sevdiyi işlə məşğuldursa, onu xoşbəxt hesab etmək olar. İşimdən də, ailəmdən də, həyatımdan da razıyam.

-36-dan arxaya boylansaq, hansı yaş dövrü üçün darıxmısınız?

-Mümkün olmayan şeylər haqqında heç vaxt düşünmürəm. Çünki bilirəm, bu mümkünsüzdür. Çalışıram reallıqdan danışam. Nə varsa, odur.

-Ad gününüz indiyədək nə ilə yadda qalıb?

-19 yaşımı hospitalda qeyd etmişəm. O günü heç vaxt unutmaram. Dostlarım və sinif yoldaşlarım yanıma gəlmişdilər.

-Doğum gününüzdə özünüzə nə arzu edirsiniz?

-Allahdan özümə şəfa diləyirəm. Əsas can sağlığıdır. Qalan hər şey düzələr.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti