Aqşin: “Onlar hər şeyi təsbehlərinin uzunluğu ilə ölçürlər”

Aqşin: “Onlar hər şeyi təsbehlərinin uzunluğu ilə ölçürlər”
  11 İyul 2013    Oxunub:3486
“Onların xislətinə görə, Allah, peyğəmbər ancaq onlara məxsusdur, yerdə qalanlar isə mürtəd, kafirdir”
Şair-yazar Aqşin Yeniseyin Publika.Az portalında dərc olunan “Şeytanın qapı qonşusu” köşə yazısı cəmiyyətdə və sosial şəbəkələrdə rezonansa səbəb olub. Oxucular, xüsusilə də dini sayt və dindar kəsim ona qarşı kəskin mövqe tutub. Şairin ünvanına təhqir və hədələr səslənir. AzVision.az Aqşin Yeniseyin məsələyə münasibətini öyrənib:

“Kampaniyanın hansı məqsədlə başladıldığını bilmirəm. Ancaq məsələnin bu şəkildə başlamasında hansısa gizli niyyətlərin olması aydın sezilir. Mənim bu yazımda nə peyğəmbər təhqir olunub, nə hansısa dini dəyər haqqında xoşagəlməz fikir, qəbuledilmız ifadə işlədilib. Sadəcə bir vətəndaş kimi öz düşüncəmi, yanaşmamı yazmışam. Dini mövqeli bir sayt yazır ki, İbrahim peyğəmbər haqqında rəvayət uydurması bizim dinimizə ziddir. Mənə başa salsınlar görüm, İbrahim peyğəmbərin vaxtında müsəlman anlayışı vardımı ki, onlar mənim İbrahim peyğəmbər haqqındakı fikrimi özlərinə təhqir hesab edirlər. Yaxud da yazmışam ki, İsa peyğəmbər ilk yəhudilərin məbədinə qucağında quzu gələndə ordakı o vəhşəti görür, quzusunu qoltuğuna vurub qaçır. Bunun Bibliyada şəkli də var.

Dünyada öz dini dəyərlərin tərəqqisi ilə məşğul olan nə qədər yazıçı, filosof var. Məsələn, biri bütün xristian dünyasına üz tutub yazırdı ki, dünyada bircə xristian olub. İndi bu, o demək deyil ki, təhqirdir”.

Yazar bildirir ki, onların xislətinə görə, Allah, peyğəmbər ancaq onlara məxsusdur, yerdə qalanlar isə mürtəd, kafirdir: “Sanki bizim Allah, hər hansı dini, əxlaqi dəyər haqqında söz demək hüququmuz yoxdur. Din haqqında deyilmiş istənilən söz bunlar üçün təhqirdir.

Mənim “facebook” səhifəmdə də mənə qarşı təhqirlər, hədə-qorxular yazırlar. Hətta deyirlər ki, səni Rafiq Tağının gününə salacağıq. Özləri boyunlarına alırlar ki, cinayətkardırlar.

Bu məsələlərdə hansısa bir təhqirə yol vermişəmsə, arqument şəklində çıxarsınlar ortaya, sübut eləsinlər, münasibətimi bildirim. Yoxsa bir rəvayət haqqında fikrimi yazmışamsa və bunu özlərinə təhqir hesab edirlərsə, bu, artıq onların problemidir, mənim yox. Dünyadakı məsələləri əllərindəki təsbehin uzunluğu ilə ölçürlər. Mənim valideynlərimi, özümü təhqir elə ki, nə var-nə var Allah, din haqqında öz fikirlərimi yazmışam. Onların deməyindən, məntiqindən belə çıxır ki, bizim kimi adamların Allah haqqında düşünməsi belə təhqirdir”.


Sevinc Fədai


Teqlər:  





Xəbər lenti