Dolların 1,60 manatı keçməsinin səbəbi...

Dolların 1,60 manatı keçməsinin səbəbi...
  04 Mart 2016    Oxunub:3405
“Üzən məzənnə siyasətində dolların müəyyən miqdarda qalxması təbii məsələdir. Sabah neft qalxdıqda əks proses baş verəcək, yəni dollar bir qədər aşağı düşəcək. Üzən məzənnə sistemində bunu normal qarşılamaq lazımdır”.
AzVision.az xəbər verir ki, bunu Anspress-ə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifov dolların milli valyuta qarşısında cüzi bahalaşmasını şərh edərkən deyib.

Sabiq maliyyə nazirinin sözlərinə görə, bu cür hallarda ajiotaj yaratmaq və panikaya düşmək üçün əsas yoxdur: “Üzən məzənnə neftin dünya bazarlarında qiyməti ilə uyğunluq yaradır. Bu gün dollar bir neçə qəpik bahalanıbsa, sabah neft qalxdıqda əks proses baş verə bilər. Manat bahalaşa, dollar isə ucuzlaşa bilər. Yəni üzən məzənnədə bu proseslər tamamilə təbiidir. Deyirlər ki, Elman Rüstəmov dünən bəyyanat verib və bu bəyanatdan sonra manatın məzənnəsində ucuzlaşma baş verib. Bu tamamilə absurd fikirlərdir. Yəni bu üzən məzənnənin Elman Rüstəmovun bəyanatına nə dəxli var? Məzənnə dünya bazarlarında gedən proseslər, Azərbaycan maliyə bazarında gedən proseslərlə bağlı olan bir şeydir”, - Fikrət Yusifov bildirib.

Qeyd edək ki, dollar milli valyuta qarşısında bahalaşmağa davam edir. Azərbaycan Mərkəzi Bankı (AMB) martın 4-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Dolların rəsmi məzənnəsi martın 4-nə 1,6019 səviyyəsində müəyyən olunub. Bu gün isə bu rəqəm 1,5843 manata bərabər olub. Azərbaycan Mərkəzi Bankının açıqladığı məzənnəyə əsasən bu il fevralın 2-də USD/AZN məzənnəsi 1.5940 səviyyəsində olub. Sabaha təyin edilən məzənnə son bir ayda olan ən yüksək həddir. Yanvar ayının ayrı-ayrı günlərində dollar 1,60 manatı keçib. Ancaq bir gün 1.6054 manat həddinə kimi yüksəlib.

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.

AzVision.az


Teqlər:





Xəbər lenti