`Bakıda unudulmaz anlar yaşanacaq` - Əfsanəvi Fernando Alonso

`Bakıda unudulmaz anlar yaşanacaq` - Əfsanəvi Fernando Alonso
  08 Mart 2016    Oxunub:1827
`Bakıda olmaqdan böyük məmnunluq hissi keçirirəm. Üç dəfə Avropa Qran-pri yarışlarının qalibi adını qazanmışam. Sonuncu dəfə Berlində təşkil olunan Avropa Qran-prisində fərqlənmişəm. Azərbaycanda ilk dəfədir belə yarış təşkil edilir. “Formula-1” Avropa Qran-prisinin səfiri kimi Bakıda olmaq mənim üçün çox xoşdur`.
Bu fikirləri 2016-cı ilin iyununda Azərbaycanda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının idman elçisi, “McLaren Honda” komandasının pilotu, ikiqat dünya çempionu Fernando Alonso martın 8-də Bakıda mətbuat konfransında səsləndirib.

İspaniyalı pilot deyib: “Bütün həmkarlarım adından demək istəyirəm ki, burada sürətli yürüşə çıxmaqdan məmnun olacağıq. İdman həvəskarları adətən bu yarışları televiziya vasitəsilə izləyirlər. Ancaq yarışı canlı gördükdə tamamilə başqa hisslər yaranır. Bakıda bununla bağlı gözəl infrastruktur, otellər və imkanlar var. Trasla tanış olmuşam. İyunda gözəl yarışa şahidlik edəcəksiniz və bütün azarkeşləri unudulmaz anlar gözləyir”.

Fernando Alonso vurğulayıb ki, 2012-ci ildə Avropa Qran-prisi onun doğma vətənimdə - İspaniyanın Valensiya şəhərində təşkil olunmuşdu. “Dünya çempionatının bu mərhələsi mənim üçün böyük əhəmiyyət kəsb edirdi. Həmin yarışı 11-ci sıradan başlamışdım, lakin əzmkarlıq nümayiş etdirərək Qran-prinin qalibi oldum. Son iki dövrədə bütün rəqiblərimi qabaqlamağı bacardım. Avropa Qran-prisi özünəməxsusluğu ilə həmişə seçilir və yarışın sonuna yaxınlaşdıqca kimin qalib gələcəyi haqda fikir söyləmək çətinləşir. Ümid edirəm ki, Bakıda təşkil olunacaq Avropa Qran-prisi də həyəcanı və özünəməxsusluğu ilə fərqlənəcək. Bakı gözəl şəhərdir. Yarışın keçiriləcəyi vaxt da çox münasibdir. Trasın dənizin sahili boyunca yerləşməsi isə ecazkar görünüş yaradır”,- deyə idman elçisi bildirib.

Bakı Şəhər Halqasının digərlərindən fərqləndiyini diqqətə çatdıran Fernando Alonso qeyd edib ki, yarış zamanı maşınları düzgün quraşdırmaq lazımdır. Burada uzun zolaq var ki, sürəti maksimuma qədər artırmaq və birdən-birə döngəyə keçmək lazımdır. Onun fikrincə, sərt döngələr pilotlara problem yaradacaq. Şəhərin tarixi hissələrində yollar daralır. Yoxuşlu yollar da var ki, bu, asan olmayacaq. Sürətli yolda isə sürəti saatda 340 kilometrədək artırmaq mümkün olacaq.

“İki il ərzində “Formula-1”də böyük dəyişikliklər edildi. Ekoloji baxımdan yeni texnologiyaya keçildi, maşınların hidro-dinamikası artırıldı, həmçinin bolidlərin çəkisi dəyişdirildi. Ötən il bəzi problemlərimiz oldu. Ancaq yeni mövsümə çox ciddi hazırlaşmışıq. Bütün problemlərin üzərində işləyib, onları aradan qaldırmışıq. Habelə son iki həftə ərzində sınaqlar təşkil edildi. Heyətimiz son 3-4 ay ərzində böyük iş görüb, bir sıra məsələləri təkmilləşdirib. Ötən il böyük məhdudiyyətlər var idi ki, sürəti artırmağa maneçilik yaradırdı. Bu il daha yaxşı çıxış edəcəyik”, - deyə Fernando Alonso vurğulayıb.

Avropa Qran-pri yarışlarının elçisi bildirib ki, peşəkar idmançı kimi “Formula-1”in təbliği və idmanın bu növünün yeni ölkələrə yol açması onu sevindirir. Bu zaman insanlar “Formula-1”in mahiyyətini anlaya bilirlər. O, ümid edir ki, azərbaycanlılar idmanın bu növünü çox sevəcəklər. Uşaqlıqda futbolu çox sevdiyini və Zinəddin Zidana azarkeşlik etdiyini, basketbolçu Maykl Cordanın kumirləri arasında olduğunu qeyd edən idman elçisi deyib ki, uşaqlar “Formula-1”i daha çox sevirlər. Bəlkə özləri də pilot olmaq istəyirlər. Onları həvəsləndirə bilsək, bu, böyük uğur olar.

Avropa Qran-prisinin Bakının tarixi abidələrinə hər hansı təsirinin olub-olmaması barədə sualı cavablandıran F.Alonso qeyd edib ki, bu yarış heç bir problem yaratmır. Hər şey çox gözəl nizamlanır və təşkil edilir. Bütün bunlar təşkilatçıların qarşısında duran prioritet məsələlərdir.

Otuz bir ildir idmanın bu növü ilə məşğul olduğunu diqqətə çatdıran pilot deyib: “Sürəti sevirəm. Yaşadığım yerdə gələcəyin pilotlarını yetişdirmək istərdim. Bir vaxtlar mən İspaniyadan yararlandım. İndi isə istəyirəm İspaniya məndən yararlansın. Dünyada “Formula-1”in çoxlu sayda azyaşlı azarkeşləri var. Bəlkə də onların sırasından gələcəyin ən məşhur pilotları çıxacaq. Yeni mövsümdə tam başqa və güclü “McLaren Honda” görəcəksiniz. Keçən il bizim üçün çətin oldu. Son illər “Mersedes”, ondan əvvəl isə “Red Bull” komandaları uğurla çıxış edib. Ancaq biz həmişə yüksək yerlərdə və diqqət mərkəzində olmuşuq. Ümid edirəm ki, yeni mövsümdə çempion tituluna yenidən sahib olacağıq2.

Fernando Alonso “Formula-1” tarixinin ən uğurlu və məşhur pilotlarından biridir. İspaniyalı pilot iki dəfə dünya çempionu tituluna yiyələnib. O, 32 dəfə Qran-pri yarışının qalibi adına layiq görülüb və 97 dəfə podyuma çıxıb. F.Alonso bir vaxtlar İspaniyada keçirilmiş Avropa Qran-pri yarışlarının qalibi olmuş azsaylı pilotlardan biri kimi tarixə düşüb. 2012-ci ildə Valensiyada baş tutmuş sonuncu Avropa Qran-pri yarışı daxil olmaqla, məhz bu mərhələdə ümumilikdə üç dəfə birincilik qazanıb. (Azərtac)


Teqlər:  





Xəbər lenti