Demokratiya üçün zibil – FELYETON

  12 İyul 2013    Oxunub : 576
Demokratiya üçün zibil – FELYETON
“Azadlıq” radiosunun əməkdaşı və milli jurnalistikanın iriçəkili simalarından biri olan Xədicə İsmayıl ilk dəfə olaraq, cəmiyyət üçün faydalı bir iş görəcək: küçə süpürəcək. Təəssüf ki, məhkəmənin qərarı ilə. Əgər buna könüllü qərar versəydi, Xədicənin ölkə üçün dəyəri xeyli artmış olardı.
Bu qərarı verən məhkəmə orqanını ən azı ona görə təbrik etmək lazımdır ki, onlar bəlkə özləri də bilmədən, tarixi addım atıblar: guya ölkə üçün çalışdığını ağızdolusu deyən birini həqiqətən, real olaraq ölkə üçün çalışmağa, cəmiyyətə real fayda verməyə məcbur ediblər. Böyük hadisədir!

Amma bu, hələ hamısı deyil. Məhkəmə o qərarı ilə həm də bir növ presedent yaradıb: göstərib ki, Xədicə İsmayıl (və xədicəkimilər fəsiləsinə daxil olan digərləri) ölkəyə əslində real olaraq necə xeyir verə bilərlər. Bəlkə də Xədicə özü anlayır, bəlkə də anlamır, fəqət onun Bakının bir küçəsini zibildən təmizləməsi bu günə qədər “Azadlıq” radiosunda gördüyü bütün işlərlə müqayisədə real olaraq ölkə üçün milyon dəfə faydalı olacaq. Əlbəttə, əgər doğrudan təmizləyərsə... Təəssüf ki, mənim buna şübhəm var.

Şəkkimin səbəbini izah edim. Dalağımın birinci sancısı, sırf necə deyərlər, vizual müşahidələrdən irəli gəlir – Xədicəyə baxanda onun haranısa süpürüb təmizləyə biləcəyinə inanmaq istəmirsən Hərçənd, ümid edirəm ki yanılıram və bu yanılmağım ölkənin - ən azından, paytaxtın bir küçəsinin,- xeyrinə olacaq.

İkincisi, Xədicə artıq bəyan edib ki, bir dəstə özükümilər də başına toplaşacaq və küçəni bir yerdə süpürəcəklər. Bu isə doğrudan, adamı ciddi narahat edir. Deyim, niyə.

Əvvəla, təcrübə göstərir ki, xədicəkimilər fəsiləsinin təmsilçiləri bir araya toplaşanda nə etsələr də, mütləq cəmiyyətə ziyanlı bir şey ortaya çıxır. “Azadlıq” radiosu buna bariz misaldır.

İkincisi, Xədicə özü verdiyi açıqlamalarda bəyan edir ki, onlar küçə süpürməyi bir növ aksiyaya çevirəcəklər. Bu, artıq klinik məsələdir – deyəsən, onlar heç bir işi aksiyaya çevirmədən görə bilmirlər. Nə eləsələr, aksiyaya çevrilir. Hətta aksiyalarına ad da taplblar: “Demokratiya üçün süpür”.

Fəqət bu yerdə balaca bir “əmma” da ortaya çıxır... “Balaca” deyəndə ki, Xədicədən çıxa biləcək əmma nə qədər balaca ola bilərsə, o qədər. Elə bilməyin ki, mən aksiyaya qarşıyam. Əsla! Hətta Xədicəni “Femen” aksiyasında görməyi çox istərdim. Ürəyi xəstə adamlar üçün maraqlı göstəri olardı. Amma aksiya o zaman aksiya olur ki, bunu məhkəmənin qərarı olmadan edirsən. Məhkəmənin tələbilə aksiya keçirmək - yengənin tələbi ilə izdivaca girmək kimi bir şeydir. Aksiya könüllü olmalıdır. Məsələn, bu cür ki, “Azadlıq”ın bir dəstə əməkdaşı mikrofonu süpürgə ilə əvəzləyib, bu addımları ilə könüllü olaraq ölkəyə xeyir verirlər. İndiki halda isə Xədicə necə təqdim etməyindən asılı olmayaraq, onlar demokratiya üçün süpürməyəcəklər axı, vur-tut, məhkəmənin hökmünü yerinə yetirmək üçün süpürəcəklər. Bu qədər cılız...

Amma necə deyərlər, onun fikirlərinin istiqaməti mənim xoşuma gəldi. Təklif edirəm, ölkədə xədicəkimilər fəsiləsinə aid olan nə qədər adam varsa, hamısı heç olmasa həftədə bir dəfə əllərinə süpürgə alıb, demokratiya üçün süpürsünlər. Onsuz da indiyə qədər demokratiya adına özlərini hər yola qoyublar. Qoy, bundan sonra demokratiya üçün sözün hərfi mənasında yola çıxsınlar. Barı, bunca ildən sonra onların demokratiya adına gördüyü işlərdən ölkəyə də bir real xeyir dəyər.

Tariyel Həsənov

Teqlər: