Deputatlarımızdan Ankara terroruna reaksiya

Deputatlarımızdan Ankara terroruna reaksiya
  14 Mart 2016    Oxunub:2009
Ötən gün Türkiyənin paytaxtı Ankarada baş verən terror hadisəsi dünyanın gündəmini dəyişib. Hadisə ilə bağlı reaksiyalar müxtəlifdir. Azərbaycanlı deputatlar da Türkiyəni yasa qərq edən hadisəyə münasibət bildiriblər.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Nizami Cəfərov AzVision.az-a açıqlamasında hazırda Türkiyədə vəziyyətin gərgin olduğunu bildirib.



Deputatın sözlərinə görə, Türkiyə rəhbərliyi terror hadisələrinin qarşısını mütləq şəkildə almalıdır.

“Terrorçular Türkiyə rəhbərliyinin qarşısında əzələ nümayiş etdirir. Terror dünyanın ümumi problemidir. Ərəb dünyasında, Avropada baş verən hadisələr, eləcə də Rusiya-Türkiyə münasibətləri çox mürəkkəb bir vəziyyət yaradıb. Bu vəziyyət terrorçular üçün əlverişlidir. Təəssüf ki, belə hallar baş verir. İnanıram ki, Türkiyə rəhbərliyi terror hadisələrinin qarşısını almaq üçün ciddi addımlar atır”,-deyə millət vəkili bildirib.

İşçi qrupunun digər üzvü, deputat Fəzail Ağamalı hesab edir ki, Türkiyənin regionda oynadığı rol bir çox dövlətləri qıcıqlandırır və bu ölkəni zəiflətmək üçün müxtəlif istiqamətlərdən təzyiqlər göstərilir.

“Türkiyə terrorizmə qarşı sona qədər qətiyyətlə mübarizə aparacaq. İnanıram ki, yaxın zamanlarda Türkiyədə tam əminamanlıq bərpa olunacaq və bütün terror qruplaşmaları məhv ediləcək. Ayrı-ayrı güc mərkəzlərinin arxasında durduğu terror qrupları heç nəyə nail olmayacaqlar. Türkiyə güclü dövlətdir və onu bu cür hallarla zəiflətmək mümkün deyil”.



F.Ağamalı, həmçinin qeyd edib ki, Türkiyə prezidentinin Azərbaycana səfəri ərəfəsində ikinci dəfə terror aktının baş verməsi təsadüfi deyil: “Bu səfər ciddi əhəmiyyət daşıyır. Ona görə də ən müxtəlif yollarla buna mane olmağa çalışırlar. İnanıram ki, Türkiyə prezidentinin Bakıya səfəri reallaşacaq. Bu səfər mahiyyət etibarilə və qoyulan məsələlər ətrafında fikir mübadiləsi aparılaraq konkret rəyə gəlmək baxımından son dərəcə əhəmiyyətli olacaq. Ərdoğanın səfəri Azərbaycan Türkiyə dostluğunda yeni səhifə açacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti