Millət vəkilimiz Türkiyədən açıqlama tələb etdi

Millət vəkilimiz Türkiyədən açıqlama tələb etdi
  22 Fevral 2013    Oxunub:1620
“Türkiyə belə həssas məsələlərdə Azərbaycanın maraqlarını bir kənara ata bilməz”
“Türkiyə prezidenti Abdulla Gülün Ermənistan prezidenti Serj Sərkisyanı prezident seçkilərində qələbəsi ilə bağlı tələsik təbriki anlaşılmazdır”. Bu sözləri Milli Məclisin deputatı Fuad Muradov bildirib. Deputatın sözlərinə görə, ABŞ və Avropanın seçkilərlə bağlı konkret rəyi ortada olmadığı bir zamanda Abdulla Gülün bu təbriki birmənalı qarşılana bilməz. “Azərbayacanla qardaş Türkiyə arasındakı münasibətlərin fonunda prezidentin bu təbrikinə mövqe bildirmək çətindir. Biz sadəcə bu mövqeni başa düşmürük”,- deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, bu təbrik geopolitik proseslər baxımından Ankaranın mesajı kimi yozulsa da, Türkiyə belə həssas məsələlərdə Azərbaycanın maraqlarını bir kənara ata bilməz. “Qarşıda erməni vəhşilərinin törətdiyi Xocalı faciəsinin ildönümü gəldiyi bir zamanda Putindən sonra Abdulla Gülün bu təbriki sadəcə təəssüf doğurur”, -deyə deputat qeyd edib.

Ermənistanda keçirilən seçkilərlə bağlı rəsmi nəticələrin açıqlanmadığını deyən deputat qeyd edib ki, Ermənistanın özündə seçkilərlə bağlı ciddi fikir ayrılığı var və etiraz aksiyaları başlanıb: “Digər tərəfdən Türkiyəyə qarşı rəsmi olaraq ərazi iddiası irəli sürmüş Ermənistana belə isti münasibət qəribədir. Əgər türk mətbuatının açıqladığı bu təbrik barədə məlumat təsdiqini taparsa, o zaman rəsmi Ankara bununla bağlı açıqlama verməlidir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti