Dövlət qurumları bayramda necə işləyəcək?

Dövlət qurumları bayramda necə işləyəcək?
  15 Mart 2016    Oxunub:3709
Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş rejimdə çalışacaq.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə mart ayının 19-dan 28-dək DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək.

Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi də gücləndirilmiş iş rejiminə keçəcək

Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev bildirib ki, sərnişin sıxlığı müşahidə olunacağı günlərdə gün ərzində ehtiyac olarsa, xəttə əlavə nəqliyyat vasitəsi çıxarılacaq. Bayramda sərnişin sıxlığının yaranmaması üçün artıq lazımı tədbirlərə start verilib. Eyni zamanda əlavə nəqiliyyat vasitələri ayrılacaq və qiymət məsələsində də dəyişiklər olmayacaq.

Bundan başqa “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi qarşıdan gələn Novruz bayramı günlərində gucləndirilmiş iş rejimində işləyəcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun AzVision.az-a verdiyi məlumata görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonun qoşulması təmin ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına 10 gün qabaqcadan bilet satışı həyata keçirilir. Əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi də Novruz bayramı münasibəti ilə gücləndirilmiş iş rejimində işləyəcək. Həmin müddətdə istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi üçün Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilib. Növbəlilik əsasında 24 saat iş rejiminə keçilməklə bərabər 104 və 185 nömrəli telefonlar da abonentlərin fasiləsiz istifadəsində olacaq.

"Azəriqaz" İstehsalat Birliyi hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün bayram günlərində bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edib.

Həmçinin Novruz bayramı və qeyri-iş günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləşdirilmiş iş rejimində çalışacaq. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev AzVision.az-a açıqlamasında deyib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası Novruz bayramı və qeyri-iş günlərində tam gücü ilə fəaliyyət göstərəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti