`Türkiyə nə qədər güclü olsa, biz də güclüyük` - İlham Əliyev

`Türkiyə nə qədər güclü olsa, biz də güclüyük` - İlham Əliyev
  15 Mart 2016    Oxunub:6032
Türkiyədə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı başa çatıb.

AzVision.az xəbər verir ki, sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Mətbuat qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib: “Biz bu gün türk xalqının yanındayıq. Birliyimiz əbədidir. Yaxşı günlərdə də, ağır günlərdə də daima bir-birimizin yanındayıq. Biz əminik ki, Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, türk xalqını sarsıdıb haqq yolundan döndərə bilməz. 25 ildir ki, Türkiyə və Azərbaycan birlik, dayanıqlıq göstərir. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında ən yaxın dövlətlərdir. Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik.

Bu gün sənədlərin imzalanması, danışıqlar bir daha bunu sübut edir. Türkiyənin dünyadakı rolu, mövqeyi möhkəmlənir.Türkiyə nə qədər güclü olsa, biz də bir o qədər güclü olacağıq. Türkiyə hər zaman Dağlıq Qarabağ probleminin ədalətli həllinin tərəfdarı olub. Bu dəstək bu gün də göstərilir. Türkiyənin bizə göstərdiyi dəstək çox önəmlidir. Türkiyə nə qədər güclü olsa, biz də güclüyük. Bizim gücümüz birlikdədir”- deyə İlham Əiyev bildirib.

Prezident qeyd edib ki, mədəniyyətlərarası dialoqun genişlənməsində Türkiyənin böyük rolu var: “Gələn ay Bakıda Sivilizasiyalararası Dialoq üzrə tədbir keçiriləcək, bu təşəbbüsün müəllifi də Rəcəb Tayyib Ərdoğandır. Biz birgə islamofobiyaya qarşı mübarizə aparırıq. Bu gün islamofobiya müxtəlif ölkələrdə güclənib. Bəzi media qurumları məqsədyönlü şəkildə kampaniya aparır. İslamı terrorla eyniləşdirmək cəhdləri gözümüz önündədir. Bu, dözülməzdir.

Bu, sivilizasiyalararası problemə gətirib çıxara bilər. Bu gün qaçqınlar problemini görürük və əsas yük Türkiyənin üzərinə düşür. Türkiyə böyük sayda qaçqınları ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Azərbaycan bunun nə qədər ağır məsələ olduğunu bilir, 1990-cı illərdə Ermənistanın işğalı nəticəsində ağır humanitar çətinliklə üz-üzə qalmışdıq”.

İlkin Nəcəfzadə
AzVision.az

Qalereya




Teqlər:  






Xəbər lenti