MSK elektron hesabat sisteminə keçir

MSK elektron hesabat sisteminə keçir
  16 Mart 2016    Oxunub:1713
Bu gün Mərkəzi Seçki Komissiyasında siyasi partiyaların maliyyə hesabatlarına həsr olunmuş seminar keçirilib.
AzVision.az-ın məlumatına görə, MSK sədrinin müavini Natiq Məmmədov partiyaların illik maliyyə hesabatlarını hər il aprelin 1-ə qədər təmin etməli olduğunu bildirib.

MSK üzvü Ramiz İbrahimov deyib ki, siyasi partiyalar maliyyə hesabatlarını müstəqil auditorun rəyi ilə birlikdə MSK-ya təqdim etməlidirlər: “Təəssüf ki, çox vaxt siyasi partiyalar auditor rəyi olmadan hesabatlarını təqdim edirlər, MSK da sonradan auditor rəyi tələb etməli olur. Bəzən partiyaların təqdim etdiyi hesabatlarda partiyaların hesabına daxil olan və xərclənən vəsait arasında uyğunsuzluqlar aşkarlanır”.

R. İbrahimov vurğulayıb ki, MSK siyasi partiyaların maliyyə hesabatlarını elektron qaydada qəbul etməsi istiqamətində iş aparır: “Gələcəkdə siyasi partiyaların illik maliyyə hesabatlarını elektron qaydada təqdim etməsi mümkün olacaq”.

Auditorlar Palatasının Maliyyə idarəsinin rəisi Vəli Rəhimov siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rolu, hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər barədə danışıb. Maliyyə Nazirliyinin Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinin baş məsləhətçisi Sevinc Məmmədova hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onlarla işin xüsusatları, Ədliyyə Nazirliyinin Qeyri-hökumət təşkilatları iş şöbəsinin müdiri Səbinə Salmanova maliyyə hesabatları ilə əlaqədar qanunvericiliyin tələblərinin pozulmasına dair məsuliyyət barədə danışıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti