Qəzetlər bu gün nə yazır?

Qəzetlər bu gün nə yazır?
  22 Fevral 2013    Oxunub:2007
«Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun İranın xüsusi xidmət orqanları ilə əlaqədə olmasını sübutlayan daha bir neçə məlumat daxil olub.

Gündəlik Bakı


Elçibəyin zəhərlənməsinə dair cinayət işi yekunlaşdı

Əbülfəz Elçibəyin zəhərlənməsinə dair cinayət işi bağlanıb, iş məhkəməyə göndərilir. Bunu MMP-nin sədri Hafiz Hacıyev deyib. O qeyd edib ki, Əli Kərimli bu həftə prokurorluqda dindiriləcək.


ABŞ səfiri məlum petisiya ilə bağlı danışdı

Riçard Morninqstar deyib ki, Xocalı faciəsi ilə bağlı Ağ Evin rəsmi saytında yerləşdirilən petisiyaya cavab verilməsi istiqamətində iş gedir. Səfir jurnalistlərə bu barədə açıqlama verib, özünün Xocalıda günahsız insanlara, qocalara, qadınlara zülm edilməsi ilə bağlı məlumatlı olduğunu deyib.


Unikal


Söyün Sadıqov soydaşlarını separatçılığa çağırır

Rusiya Azərbaycanlıları İttifaqının sabiq rəhbəri Söyün Sadıqovun göstərişinə əsasən, "Müstəqil Borçalı"nın xəritəsi, himni və gerbi hazırlanıb. Bu barədə Gürcüstan Azərbaycanlıları Milli Konqresinin rəhbəri Əli Babayev bildirib. "Son zamanlar bəzi qüvvələr Gürcüstan azərbaycanlıları arasında separatçı əhval-ruhiyyənin olması barədə rəy formalaşdırmağa çalışırlar. Gürcüstan azərbaycanlıları həmişə bundan uzaq olublar, lakin bu gün azərbaycanlıları bu cür oyunlara cəlb etmək cəhdləri var", - Ə.Babayev bildirib. Ə.Babayev qeyd edib ki, bunun arxasında Rusiyada yaşayan Gürcüstandan olan qüvvələr dayanır. "Onlardan biri də Söyün Sadıqovdur. O, Gürcüstanda Kvemo-Kartli bölgəsində doğulub. S.Sadıqov Qardabandandır və Rusiyada böyük biznesə və böyük maliyyə imkanlarına malikdir", - o əlavə edib.

Azərbaycana yardım azaldıldı

Bu il ABŞ administrasiyası Dövlət Departamenti Azərbaycandakı layihələrə 16,3 milyon dollar ayırmağı təklif edib. ABŞ Dövlət Departamenti ötən il Azərbaycandakı layihələrə 20,8 milyon dollar ayırsa da, bu il bu məbləğ ixtisar edilib.


Gündəm Xəbər


Elşad Abdullayevə şok ittiham

Daxili İşlər Nazirliyinin polkovniki, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini Rasim İldırımzadə fevralın 21-də “Media forum” saytının suallarını cavablandırıb. Belə ki, Rasim İldırımzadənin dediyinə görə “Mahir Abdullayev Elşad Abdullayevin razılığı ilə yoxa çıxıb. Özü işin içindədir, qardaşının harada olduğunu bilir. Qardaşının başına gələnlər Elşad Abdullayevin öz əməlləridir.”

Cavid Qurbanovu bitirirlər

Nəqliyyat naziri Ziya Məmmədov kollegiya iclasında avtomobil yollarının və körpülərin saxlanması, təmiri, bərpası, yenidən qurulması ilə bağlı görülən işlərə, eyni zamanda, bu sahədəki çatışmazlıqlara toxunaraq bunların ilk növbədə layihələrin icra müddəti, təmir-tikinti işlərinin keyfiyyəti və yolların mühafizəsi ilə bağlı olduğunu bildirib. Z.Məmmədov bir sıra layihələrin icrası müddətində podratçılar tərəfindən gecikmələrə yol verildiyini diqqətə çatdırıb, həmçinin icra intizamının möhkəmləndirilməsi, nəzarət sisteminin gücləndirilməsi, layihələrin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib. Yol İstismar idarələri tərəfindən avtomobil yollarının və yol qurğularının cari saxlanma vəziyyətinin lazımi səviyyədə təmin olunmadığını vurğulayan nazir infrastruktur obyektlərinin mühafizə zolağında qanunsuz tikililərlə bağlı aidiyyəti üzrə tədbirlərin görülməsi üçün də tapşırıqlar verib. Nəqliyyat naziri Z.Məmmədovla “Azəryolservis” ASC-nin sədri, Milli Məclisin üzvü Cavid Qurbanovun münasibətlərinin gərgin olması barədə məlumatlar xeyli vaxtdır yayılır. Digər məlumata görə, Z. Məmmədov Bakı-Tbilisi-Qars proyektindəki qüsurlara və korrupsiya yükünə görə bərk danlanıb.

Cavid Qurbanovu İrana bağlayan daha bir incə tel

«Azəryolservis» ASC-nin prezidenti Cavid Qurbanovun İranın xüsusi xidmət orqanları ilə əlaqədə olmasını sübutlayan daha bir neçə məlumat bu gün daxil olub. Mənbəmizin söylədikləri: «Cavid Qurbanov İranda böyük biznes şəbəkəsi qurub və bu gün İrandan Türkiyəyə daşınan bir sıra İran istehsalı olan mallar məhz Cavid Qurbanovun da ortaqlıq etdiyi İran-Türkiyə biznes şəbəkəsinə aid şirkətlərdən biri tərəfindən həyata keçirilir. Bu şirkətin adı Türk-İran İş Mərkəzidir».


Yeni Müsavat


Müsavatdan Hacıbala Abutalıbova daha bir çağırış

Müsavat Partiyası hələ də yer tapa bilmədiyi qurultayla əlaqədar yenidən Bakı Şəhər İcra Hakimiyyətinə çağırış edib. Partiyanın başqan müavini Gülağa Aslanlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırıb: “Bakı Şəhər İcra Hakimiyyətinə etdiyimiz müraciətə indiyədək cavab verilmir. Bu yaxınlarda Yeni Azərbaycan Partiyası da qurultayının vaxtını açıqladı. Onlar Heydər Əliyev Sarayında qurultay keçirmək istəyirlər. Amma bizə hələ də yer vermək istəmirlər. İcra hakimiyyətinin nümayəndələri ilə də əlaqə yaratmağa ehtiyac yoxdur. Buyursunlar, öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirsinlər”.

Neftçilər Dövlət Neft şirkətini məhkəmədə uddular

Badamdarda yataqxanadan qovulan neftçilər məhkəmədə ARDNŞ-i udublar. Bu barədə “Yeni Müsavat”a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsindən məlumat verilib. Hazırda NHMT qanunsuz olaraq neftçilərin mənzil hüququnu pozmuş ARDNŞ-dən və həmin dövrdə ARDNŞ-də Sosial şöbənin rəisi işləmiş, hazırda “Azərsu” SC-də yüksək vəzifə tutan Saday Əliyevdən dəymiş ziyanın ödənilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması barədə sənədləşmə işləri aparır.

Nazirlik Lənkəran Əliyevi məhkəməyə verib

Azərbaycan Müdafiə Nazirliyi, general-mayor Lənkəran Əliyev və onun övladlarını növbəti dəfə məhkəməyə verib. Nazirlik L. Əliyevə məxsus mənzilin tamamilə boşaldılması barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Həmin qətnamədən isə L. Əliyev apellyasiya şikayəti verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılır.




Teqlər:





Xəbər lenti