`Əli Kərimli əfvin olmasını istəmirdi` – Siyavuş Novruzov

`Əli Kərimli əfvin olmasını istəmirdi` – Siyavuş Novruzov
  17 Mart 2016    Oxunub:3514
“Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamını humanizm prinsiplərinə əsaslanaraq imzalayıb”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, ölkə başçısı tərəfindən dəfələrlə əfv sərəncamları imzalanıb və humanist addımlar atılıb: “O cümlədən hələ ulu öndər Heydər Əliyevin dövründən amnistiya haqqında qanun layihələri qəbul olunub. Ən böyük amnistiya aktı isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən Milli Məclisə təqdim olunmuşdu ki, bu da 20 minə yaxın insanı əhatə edirdi. Hər bayramlarda isə prezident İlham Əliyev əfvlə bağlı sərəncam imzalayır”.

S.Novruzov bildirib ki, əfv sərəncamı müxtəlif kateqoriyadan olan insanlara şamil olunub: “Onların bir qrupunun özləri, ailə üzvləri, hüquq müdafiə təşkilatları müraciətlər ediblər. Nəticə etibarı ilə 137 nəfər əfv olunub. Bu insanlar konkret olaraq tutduqları əməllərə görə məsuliyyətə cəlb olunub. Bəzən bunu siyasi məhbus və.s adlandırırlar. Belə bir anlayış hüquq elmində, terminologiyasında yoxdur. Azərbaycanda siyasi fəaliyyətinə görə, heç kimi məsuliyyətə cəlb etməyiblər. Digər məhbusların isə Allah qapısını açsın. İnşallah onlar da növbəti əfv sərəncamlarında azadlığa çıxarlar”.

S.Novruzov təəssüflə vurğulayıb ki, istər daxildə, istərsə də xaricdə bəzi dairələr Azərbaycanda əfv sərəncamlarının imzalanmasını istəmirlər: “Belələri çalışırlar ki, “siyasi məhbus” adlandırdıqları şəxslər həmişəlik həbsdə qalsınlar və onlardan təzyiq metodu kimi istifadə edə bilsinlər. Təsəvvür edin ki, Novruz bayramı ərəfəsində əfv sərəncamının olacağını hamı bilirdi. Ancaq, bir neçə gün öncə Avropa Şurasının Nazirlər Kabineti xüsusi bir bəyanatla çıxış etdi. Yəni, təzyiq metodu kimi Azərbaycan qarşısında məsələ qaldırdı. Azərbaycanda Əfv Komissiyası var. Bu komissiya məhbusların müraciətlərinə baxır və hazırlanan siyahını ölkə başçısına təqdim edir. Belə olan halda bəlli olur ki, onlar müəyyən erməni lobbi və Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilən beynəlxalq təşkilatlar vasitəsi ilə dövlətimizə təzyiq göstərsinlər, dövlət isə məcbur qalaraq bu adamları azad etməsin.

Dünən Əli Kərimli bəyanat verib ki, çox geniş şəkildə əfv olmalıdır. Sən kimsən? Kimə gərəksən? Kimə göstəriş verə bilərsən? Bu hərəkəti göstərir ki, məhbusların azad olunması ona sərf etmir. Çünki, onların adından istifadə edir. Onlar azad olduqdan sonra kimin adından istifadə edəcək? Bu baxımdan Əli Kərimli kimi adamlar məhbusların əfvin olunmasını istəmir və bu kimi bəyanatlarla çıxış edir”, - deyə S.Novruzov qeyd edib.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti