`Ermənistana sanksiyalar tətbiq olunmalıdır` - Əli Həsənov

`Ermənistana sanksiyalar tətbiq olunmalıdır` - Əli Həsənov
  18 Mart 2016    Oxunub:3026
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq qurumların qətnamələrinin icrası üçün Ermənistana ciddi təzyiq göstərilməli, sanksiyalar tətbiq olunmalıdır.
Bu fikirlər martın 17-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənovun ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Baxlerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə səslənib.

ATƏT-in nümayəndələri ilə mütəmadi olaraq görüşlərin keçirildiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş fikir mübadiləsi aparıldığını vurğulayan Baş nazirin müavini bu müzakirələrin müsbət nəticələri olacağına əminliyini bildirib. ATƏT ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Komitə sədri bu təşkilatla yanaşı, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların da Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələr qəbul etdiklərini vurğulayaraq bildirib:

“Çox təəssüf ki, bu qətnamələrin hamısı kağız üzərində qalır. Ümid edirik ki, bu qətnamələrin tələbləri yerinə yetiriləcək. Ancaq bu gün dünyada gedən proseslərə nəzər saldıqda belə fikir yaranır ki, bu münaqişənin həlli hələ çox vaxt aparacaq”.

Bakıda olmaqdan məmnunluğunu bildirən qonaq beş il ərzində Gürcüstanda səfir işlədiyi üçün regiona yaxından bələd olduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlı olduğunu vurğulayıb. G.Baxler bildirib ki, Azərbaycanın iyirmi ildən artıq müddətdə münaqişə vəziyyətində yaşayaraq, problemin həllinə dair uzunmüddətli danışıqlar apararaq çox çətin yol qət edib. O, səfərinin məqsədinin Azərbaycanda, eləcə də bölgədə baş verən prosesləri ətraflı öyrənmək, qarşılıqlı fikir mübadiləsi aparmaq olduğunu qeyd edib, ATƏT ilə ölkəmizin fəal əməkdaşlığının Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət töhfə verəcəyinə əminliyini bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qonaqlara ətraflı məlumat verən Baş nazirin müavini problemin həlli prosesində ATƏT-in Minsk qrupunun

fəaliyyətini tənqid edib. Münaqişənin həllində dünya ictimaiyyətinin ikili standartlardan yanaşdığını vurğulayan Əli Həsənov deyib: “Əgər belə olmasaydı, dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının, həmçinin ATƏT-in, Avropa Şurasının, digər qurumların bu problemlə bağlı qəbul etdikləri qətnamələr icra edilərdi. Lazım gələndə həmin qurumlar bəzi qətnamələri dərhal icra edirlər. O zaman sual ortaya çıxır: nə üçün Dağlıq Qarabağ problemi həll edilmir? Bu sual 24 ildir cavabsız qalır. Ona görə bizdə beynəlxalq qurumlara inam azalıb”.

Son bir neçə onillikdə beynəlxalq miqyasda münaqişələrin sayının artdığını deyən Əli Həsənov bildirib ki, dünyanı daha asan idarə etmək üçün böyük dövlətlər konfliktlərin yaradılmasında maraqlıdır. Ona görə də hazırda beynəlxalq vəziyyət olduqca gərgindir və dünyadakı münaqişələrin heç biri indiyədək həll edilməyib. Böyük dövlətlər məhz bu münaqişələrdən öz maraqları naminə istifadə edirlər. Hazırda postsovet ölkələrində yaşanan münaqişələri keçmiş SSRİ rəhbərliyi sonradan həmin problemlərdən istifadə edərək respublikaların daxili işlərinə müdaxilə edə bilmək üçün yaratmışdı.

Azərbaycanın müstəqilliyin bərpasından sonra qapılarını bütün dünyaya açdığını və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayan Əli Həsənov bildirib ki, Avropa bunun qarşılığında münaqişənin həlli üçün ciddi səy göstərmir. “Biz bütün dünyadan yalnız münaqişənin həll edilməsini istəyirik. İstək olsa bu problemi danışıqlar yolu ilə həll etmək mümkündür. Bu münaqişənin həlli ilə bağlı beynəlxalq qurumların qətnamələrinin icrası üçün Ermənistana ciddi təzyiq göstərilməli, sanksiyalar tətbiq olunmalıdır”, - deyə Komitə sədri qeyd edib.

Baş nazirin müavini bildirib ki, Ermənistanda yerli əhali də bu münaqişədən yorulub və onun həll edilməsini, münasibətlərin normallaşmasını istəyir. Biz də bunu istəyirik. Çünki bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün vəziyyətində daha nə qədər yaşaya bilər?! Ermənistanın indiki hakimiyyəti məhz bu münaqişədən istifadə edərək iqtidara gəlib. Ona görə də münaqişənin həll edilməməsinin əsas səbəbkarları Ermənistanın cinayətkar rəhbərliyi, erməni diasporu, Eçmiədzin kilsəsi və onların xarici havadarlarıdır. Bu dövlətin müstəqil mövqeyi yoxdur.

Son illərdə Azərbaycanın sürətlə inkişaf etdiyini, beynəlxalq əlaqələrinin genişləndiyini diqqətə çatdıran Əli Həsənov dövlət tərəfindən qaçqınlar və məcburi köçkünlər üçün müasir standartlara cavab verən qəsəbələrin inşa edildiyini vurğulayaraq deyib: “Son 15-16 ildə 94 müasir qəsəbə salınıb, 250

min qaçqın və məcburi köçkün oraya köçürülüb. Bütün bunların hamısı Dövlət Neft Fondunun hesabına inşa edilib. Azərbaycan il ərzində bir məcburi köçkünə sərf edilən vəsaitin məbləğinə görə dünyada birinci yerdədir. 2003-cü ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idi. Hazırda bu göstərici 5 faiz səviyyəsindədir. Bu göstərici qaçqın və məcburi köçkünlər üçün 75 faizdən 12 faizə enib. Bütün bunlar Azərbaycan Prezidentinin gördüyü konkret işlərin nəticələridir. Azərbaycanda neftdən əldə edilən vəsait böyük ölçüdə sosial proqramların icrasına yönəldilib. Ölkəmizdə neftdən asılılıq ildən-ilə azalır. Bu gün ümumi daxili məhsulun 70 faizdən çoxu qeyri-neft sektorunda istehsal olunur. 2020-ci ilədək iqtisadiyyatın neftdən asılılığının, yoxsulluğun aradan qaldırılacağı nəzərdə tutulur”.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin dünyada baş verən qlobal böhrandan ən az itkilərlə çıxdığını qeyd edən Baş nazirin müavini neftin qiymətinin süni şəkildə aşağı salınmasına baxmayaraq, respublikamızda cari ilin büdcəsində sosial sahə üçün nəzərdə tutulan vəsaitin azalmadığını, böhranın xalqın gündəlik həyatında hiss edilmədiyini diqqətə çatdırıb.

Azərbaycanın 24 ildən artıq müddətdə bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri ilə məşğul olduğunu qeyd edən Əli Həsənov deyib: “Bu problem yarananda Azərbaycan əhalisinin sayı 8 milyon idi. Həmin vaxt ölkə iqtisadiyyatı ağır vəziyyətdə idi. Lakin bütün bu problemlər xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən uğurla həll edildi. Bu problemin həllində ölkəmizlə yaxından əməkdaşlıq edən beynəlxalq təşkilatlar mühüm rol oynayıblar və biz buna görə onlara daim minnətdarıq. Azərbaycan hökuməti bu gün həmin təşkilatların ölkəmizdə sərbəst fəaliyyəti üçün şəffaf şəraitin təmin edilməsini daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyev də həmin təşkilatların fəaliyyətini dəstəkləyir”.

Son illərdə Ermənistanda bütün sahələrdə tənəzzülün yaşandığını deyən Əli Həsənov bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu dövrdə 1,5 milyondan çox erməni öz ölkələrini tərk edib. ATƏT-in faktaraşdırıcı missiyası işğal olunmuş ərazilərimizə iki dəfə səfər edib və Ermənistan hakimiyyətinin erməniləri bizim ərazilərimizdə qanunsuz şəkildə məskunlaşdırması hallarını ortaya çıxarıb.

Sürətlə inkişaf edən Azərbaycanın öz ordusunu gücləndirdiyini vurğulayan Baş nazirin müavini diqqətə çatdırıb ki, beynəlxalq hüquq ölkəmizin

öz ərazilərini azad etməyə əsas verir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək. Ermənistanın işğalçı mövqeyi bu ölkəni regionda reallaşdırılan mühüm layihələrdən kənar qalması ilə nəticələnib.

Ətraflı məlumata görə təşəkkür edən G.Baxler deyib ki, biz də Azərbaycan kimi beynəlxalq təşkilatların daha fəal işləməsinin tərəfdarıyıq. Ümid edirik, beynəlxalq təşkilatlar mövcud münaqişələrin və problemlərin həllinə töhfə verə biləcəklər. Beynəlxalq təşkilatların fəallığının son dövrdə zəiflədiyini vurğulayan qonaq BMT Təhlükəsizlik Şurasının və digər qurumların qətnamələrinin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edərək mühüm uğurlar qazandığını vurğulayan G.Baxler respublikamızın qonşu ölkələrlə uğurlu əməkdaşlığını, ölkəmizin qlobal enerji layihələrinin təşəbbüsçüsü olmasını və s. yüksək qiymətləndirib.

Görüşdə iştirak edən Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel diplomatik fəaliyyətinin başa çatdığını, ölkəmizdə işləməkdən məmnun olduğunu vurğulayıb. O, səmərəli əməkdaşlığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Baş nazirin müavini səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti