Nüvə ilə bağlı konvensiyaya düzəliş qəbul edildi

Nüvə ilə bağlı konvensiyaya düzəliş qəbul edildi
  18 Mart 2016    Oxunub:2421
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, qanun layihəsi barədə məlumat verən parlament sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Konvensiyanın 1979-cu ilin oktyabr ayında qəbul olunduğunu Milli Məclis üzvlərinin diqqətinə çatdırıb. Onun sözlərinə görə, Konvensiya 1988-ci ilin mart ayından qoşulmaq üçün açıqdır:

"Azərbaycan isə bu Konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulub. 2005-ci ildə düzəlişlər qəbul edilib. Bugünkü iclasda da həmin düzəlişlərə baxılır. Düzəlişlərin mahiyyəti və məqsədi odur ki, nüvə qurğularının daşınması, saxlanması və təhlükəsizliyi, onun mühafizə olunmasını daha da möhkəmləndirməkdir. Burada eyni zamanda, prinsiplər də müəyyən olunub ki, bu da dövlətlərin məsuliyyətini təyin edir. Hesab edirəm ki, düzəlişlər Azərbaycanın milli maraqlarına tam uyğundur".

Millət vəkili Azay Quliyev isə çıxışında yaxın günlərdə ABŞ-da keçiriləcək beynəlxalq nüvə sammitinə diqqət çəkib: “Bildiyiniz kimi, bir müddət öncə ABŞ prezidenti cənab Barak Obama tərəfindən Azərbaycan prezidenti İlham Əliyev həmin sammitə dəvət edilib. Hesab edirəm ki, bizim bu konvensiyaya düzəlişi ratifikasiya etməyimiz də həmin sammitə ölkəmizin töhfəsi olardı”.

Millət vəkili Bəxtiyar Əliyev də Azərbaycanın bu konvensiyaya qoşulmasını, eləcə də bu sənədə düzəlişin ratifikasiya edilməsini müsbət addım kimi qiymətləndirib: “Azərbaycan bu konvensiyaya qoşulub. Ancaq yaxşı olar ki, dünya birliyi də beynəlxalq konvensiyaların tələblərindən irəli gələrək, Azərbaycanın problemlərinin həllinə diqqət yetirərdi. Çünki 20 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bu gün də ölkəmiz və region üçün təhdidlər yaradır. Konkret olaraq deyim ki, bu gün Ermənistan “Metsamor” atom elektrik stansiyasının tullantılarını Araz və digər çaylarımıza axıdır. Bütün bunlar nəinki Azərbaycan üçün, bütün bölgə üçün böyük təhlükədir”.

Çıxış edən digər deputatlar da mövcud dəyişikliyin vacib olduğunu bildiriblər. Müzakirələrdən sonra Konvensiyaya edilən düzəliş layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti