Qərənfilin əsəri

Qərənfilin əsəri
  13 İyul 2013    Oxunub:2539
Vəli Əkbər

(“Kəndimə qayıdarkən...” silsiləsindən)

Orta məktəbin sonuncu siniflərində buraxıb gəlmişdim onu. Bu günlərə qədər də heç xatırladığım olmamışdı. Məndən bir sinif aşağıda oxuyurdu Qərənfil. Mən məktəbin sayılan seçilən şagirdlərindən biri, təntənəli tədbirlərinin gözü sayılırdım. Oysa sadə bir məktəbli idi. Yəni, həyatımızın elə bir kəsişən məqamı da yox idi. Ağlımda qalan qamətli, əsil oğuzlar kimi bir qız olduğuydu.
Orta məktəbi qurtarıb ali təhsil cəhdim uğursuzluğa düçar olduqdan sonra mən əsgərlik çəkmişdim. Qərənfilin nə etdiyi təbii ki, ağlımın ucunda da deyildi. Əsgərlikdən sonra yenə Bakı, ali təhsil cəhdləri, qəzetçilik, azadlıq hərəkatı, təhsil illəri, Qarabağ savaşı və s. Həyatımın burulğanlı, mərhumiyyətli, maraqlı bir dövrü.

Qərənfilsə o zamanlar ailə qurmuş, kənd qadınları kimi öz sadə, bir az da çətin taleyini yaşamış, yenə də nə üzdə, nə də sözdə olmuşdu.

Sonra mən da ailə qurdum, övladlarım dünyaya gəldi. Başım bir az da onlara qarışdı. Baş redaktor, müəyyən imza sahibi oldum.

Qərənfilsə elə həmən illərdə də elə sadə bir kənd qadını imiş. Hətta taleyi gətirməmiş, Allah ona övlad da nəsib etməmişmiş. Taleyi ilə barışıb, bir kasıbın uşağını götürüb qoynuna qısıb böyüdürmüş.

Sonra XXI əsrə adladıq. Bir az da irəli getdik. Ev-eşik olduq. Televiziya aləmində- filanda, tələbələr, dostlar artdı, keşməkeşlər adladıq, bir az da məşurlaşdıq. Amma hələ də taleyimizin şah əsərinin peşindəydik.

Qərənfilsə balasını həyatının mənasına çevirib, boya-başa çatdırıb, kəmali-ədəblə ərə vermiş, tam adına, imanına layiq şəkildə övladını baş-göz edibmiş. Hətta xiffətini də çəkibmiş.

Və... bu aralarda dünyadan küskün olduğum, işlərimin uğursuzluqla dolu bir dönəmini yaşayırkən, Allahıma asi olmasam da, “mən nərdə yanlış yapdım...” havasını beynimdən keçirirkən, bir xəbər eşitdim: - Düz 25 il sonra Allah Qərənfilə bir övlad verib. Özü də indi 5-6 aylıq bir körpədi, maaşallah. Təbii ki, sual elədim: - Hansı Qərənfil? Yuxarıda haqqında danışdığım qızı yadıma saldılar və xəbərim olmayan gedişatı bir-bir mənə danışdılar. Heyran qaldım mənim məktəb illərində unudub gəldiyim Qərənfil əsərinə!...
Düz 28 il sonra eşitdiyim xəbər yaddaşımda qalan Qərənfili ən gözəl cizciləriylə canlandırmağa, mənlandırmağa başladı. İndi bildim ki, çox imanlı, nurlu surəti vardı Qərənfilin.


Teqlər:  





Xəbər lenti