Elçin Əfəndiyev narahatdır

Elçin Əfəndiyev narahatdır
  22 Fevral 2013    Oxunub:4437
“Dünyanın məşhur muzeylərində Azərbaycanın milli mədəni irs nümunələri başqa xalqların, ilk növbədə, ermənilərin adına yazılır”.
Bunu Azərbaycan Baş nazirinin müavini Elcin Əfəndiyev "Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Elçin Əfəndiyevin sözlərinə görə, onlar bəzən fars və digər millətlərin mədəniyyətlərinin nümunələri kimi göstərilir: "Mən bunu çox ürək ağrısı ilə deyirəm ki, bu sahədə bizim çox böyük itkilərimiz oldu. Xüsusilə, 1990-cı illərin əvvəllərində bir çox mədəni irs nümunələri dağıdıldı, xaricə aparıldı. Azərbaycanın işğal olunmuş torpaqlarında da nə qədər irsimiz tar-mar oldu".
Elçin Əfəndiyev deyib ki, son vaxtlar belə halların baş verməməsi üçün bu sahədə çox böyük işlər aparılıb. Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyəti də göz qabağındadır. Onun sözlərinə görə, dünya miqyasında mədəni irsimizə sahib olduğumuzu təsdiq etdirmək üçün bundan sonra da bır sıra işlər görülməlidir.
Baş nazirin müavini deyib ki, abidələrimizə sahib olduğumuzu dünya miqyasında təsdiq etdirmək üçün mütəxəssislərimiz son dərəcə savadlı olmalı, müasir texnologiyadan istifadə bacarığına malik olmalıdırlar.
Elçin Əfəndiyev onu da əlavə edib ki, hazırda mədəniyyət Azərbaycanda ən prioritet sahələrdən biridir. O bildirib ki, mədəniyyətin inkişafı yalnız elmi əsərlərin yazılmasından, baletlərin, operaların bəstələnməsindən, tamaşaların qoyulmasndan asılı deyil: “Bunlar əlbəttə, son dərəcə vacibdir. Ancaq hər şey deyil. Hər şey odur ki, xalq, millət öz mədəniyyətinə sahib çıxmağı bacarsın və buna bütün dünya miqyasında sahib çıxsın".



Teqlər:  





Xəbər lenti