Qənirə Paşayeva vəfat edən əmisindən danışdı

Qənirə Paşayeva vəfat edən əmisindən danışdı
  14 İyul 2013    Oxunub:2561
Millət vəkili Qənirə Paşayeva bir neçə gün öncə vəfat edən əmisi ilə bağlı xatirələrini Facebook sosial şəbəkəsində dostları ilə bölüşüb.
"Bu mənim ailəmin taleyidir. Ramazan ayında vəfat etmək... Atam Ramazan ayında Qədr gecəsində cümə axşamı qəfil vəfat etmişdi.Cümə günü torpağa tapşırdıq. Əmim də Ramazan ayında cümə axşamı qəfildən rəhmətə getdi və onu da cümə günü torpağa tapşırdıq. Bütün gecə əmimin cənazəsinin yanında oturdum. Atam kimi mənə adımla yox "anam" deyə çağıran əmimlə son söhbətimizi etdik, onu bir daha görə bilməyəcəyimi dərk etmək çox ağır idi. Səhər onu dəfn etməyə aparanda düz atamın məzarının yanında qazılmış məzarı görəndə bir an "olmaz, buraya deyil bir az aralı qazmalı idiniz. Demişdim axı atamın yanında mənim məzar yerimdi" demək istəsəm də artıq gec idi. Həyatın qəribələyinə bax... Bu söhbəti onunla etmişdik. Atam vəfat edəndən sonra çox tez-tez qəbirstanlığa onu ziyarətə gedərdim. Bir gün əmimə "atamın məzarının yanı mənim yerimdi. Mən ölsəm məni ora dəfn edərlər. Ailədən heç kimsəni oraya dəfn etməyə icazə verməyəcəm bunu bilməni istəyirəm" deyəndə gözləri dolmuşdu və başımı qucaqlayıb bu barədə heç düşünmə də hələ sənin ölmək vaxtın deyil demişdi. Əmim ailə qəbirstanlığında çox sevdiyi qardaşının atamın yanında dəfn olundu. O, nəsildə, ailədə öz övladlarından sonra ən çox məni sevərdi və sanki atamın məzarındakı yeri məndən öncə tutub mənə "sən hələ gəlmə" deyirdi.... Onların məzarının ayaq ucunda dayanıb çocuqluğumdan bu yana bütün həyatımı xatırladım, onların mənə güc verən sevgilərini, dəstəklərini xatırladım....Onların böyük ürəklərini və onlar kimi günün birində qəfildən hər kəsi tərk edəcəyimi xatırladım... Və məni çox incitdiyi, qəlbimi qırdığı, könlümü incitdiyi,mənə qarşı böyük haqsızlık, ədalətsizlik etdiyi üçün bağışlayab bilmədiyim insanları xatırladım... Nə qədər çalışsam da bağışlaya bilmirdim. Anladım ki, qəbir evinə belə ağır bir yüklə getmək doğru deyil. Allaha tapşırdım onları və bağışladım. "Sənə tapşırıram ey Rəbbim dedim. Çünki sən hər kəsdən ədalətlisən!". Qəbirstanlıqdan dönəndə dönüb bir daha əzizlərimə baxdım və bir daha anladım ki, bir insandan bu dünyada sadəcə gözəl və işıqlı xatırələr qalır başqa heç bir şey. Sadəcə onu qazanmağın dərdində olmalıdır hər bir insan və unutmamalıdır ki, ölüm elə bu gün, sabah, bəlkə də bir neçə saniyə, dəqiqə sonra ona qonaq gələ bilər..


Teqlər:  





Xəbər lenti