Azərbaycanda qızlar oğlanlardan daha savadlıdır

Azərbaycanda qızlar oğlanlardan daha savadlıdır
  30 Mart 2016    Oxunub:2793
Azərbaycanda bütün ixtisas qruplarında qız abituriyentlərin orta bal göstəriciləri oğlan abituriyentlərin orta bal göstəricilərindən yüksəkdir. Bu üstünlük I və IV qruplarda daha qabarıqdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, statistik təhlil göstərir ki, Azərbaycan və rus bölmələri üzrə bütövlükdə götürdükdə əvvəlki illərdə ali təhsil müəssisələrinə ərizə verən abituriyentlər içərisində qızların sayı oğlanların sayından üstün olub. Ən böyük fərq 1993 və 1994-cü illərə təsadüf edib. Həmin illərdə qız abituriyentlərin sayı oğlan abituriyentlərin sayından 1.7 dəfə çox olub. Bu, o vaxt ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının birgə aparılması ilə əlaqədar idi. Çünki bir qayda olaraq, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin böyük əksəriyyəti qızlardan ibarət olur.

Respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin say nisbəti müxtəlifdir və bu göstərici geniş diapazonda dəyişir. Bunun səbəbini respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qızların qəbul kampaniyasında müxtəlif dərəcədə iştirak etməsi ilə izah etmək olar. Əgər eyni bir zonaya aid olan Yardımlı, Lerik, Cəlilabad və Masallı bölgələrindən olan abituriyentlər arasında qızların nisbi sayı 15-34% təşkil edirsə, respublikanın şimal-qərbində yerləşən Qax, Zaqatala və Balakən bölgələrindən olan abituriyentlər arasında onların nisbi sayı 56-60%-dir.

Komissiyadan qeyd edilib ki, Azərbaycanda oğlan və qızların ixtisas qruplarına münasibətləri fərqlidir. Əvvəlki illərdə olduğu kimi, ötən il də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarınadır.

Azərbaycan bölməsində oğlanların 73.92%, rus bölməsində isə 81.01%-nin istəyi bu iki ixtisas qrupuna yönəlib: “Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir və qeyd etmək lazımdır ki, bu maraq ildən-ilə heç də zəifləmir. Bununla belə, qeyd etmək lazımdır ki, oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir. Sual oluna bilər: nə üçün abituriyentlər texniki (I qrup) ixtisaslara, iqtisad və idarəetmə (II qrup) ixtisaslarına nisbətən daha çox maraq göstərdikləri halda, hər iki qrup üzrə TQDK-nın müəyyənləşdirdiyi minimal tələbləri ödəyərək müsabiqədə iştirak edən abituriyentlərin sayı bir-birinə yaxındır və hər iki qrupda, demək olar ki, bir-birinə yaxın keçid balları formalaşır? Bunun səbəblərindən biri I qrupun abituriyentlərinin birtərəfli hazırlığa malik olmasıdır. Statistik təhlil göstərir ki, I ixtisas qrupunun abituriyentləri, əsasən, bir və ya iki fənn üzrə yaxşı hazırlıq keçir, digər fənlərə isə səthi yanaşırlar. Digər səbəb isə bu qrupun 5 imtahan fənnindən 3-nün çətin hesab olunan və abituriyentlərdən xüsusi təfəkkür, məntiqi düşüncə, fəza təsəvvürü bacarığı tələb edən dəqiq və təbiət fənləri ilə bağlı olmasıdır”.

Komissiyadan bildirilib ki, orta statistik qız abituriyentin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna istəyi daha yüksəkdir.

Azərbaycan bölməsində qız abituriyentlər, həmişə olduğu kimi, “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. Ancaq rus bölməsinin qız abituriyentlərinin həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir. Bu, bir tərəfdən, iqtisadiyyat ixtisaslarına tələbatın, əsasən, şəhərlərdə olması və rus bölməsi abituriyentlərinin əksəriyyətinin böyük şəhərləri təmsil etməsi ilə əlaqədardırsa, digər tərəfdən respublikanın regionlarını təmsil edən qızların riyaziyyat və xarici dil fənləri üzrə hazırlıqlarının zəif olması ilə bağlıdır.

Belə ki, II qrupda riyaziyyat fənni yüksək çəki əmsalına malikdir, xarici dil fənni üzrə isə respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin hazırlıq səviyyəsi, digər regionlardan fərqli olaraq, yüksəkdir.

IV ixtisas qrupunda qızların ixtisas maraqları (istəkləri) oğlanların maraqlarından 1.57 dəfə yüksəkdir. Onu da qeyd edək ki, IV qrup üzrə ixtisas seçimi mərhələsində iştirak edən qız abituriyentlərin sayı oğlanlardan 2.78 dəfə yüksək olub. Bu isə daha çox xüsusi qabiliyyət tələb edən idman ixtisaslarının IV qrupdan V qrupa keçirilməsinin nəticəsidir.

Bu səbəbdəndir ki, orta statistik oğlan abituriyentin xüsusi qabiliyyət ixtisaslarından ibarət V ixtisas qrupuna istəyi orta statistik qız abituriyentə nisbətən daha yüksəkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti