`Hektarlarla torpağı zəbt ediblər` - Parlamentdə müzakirə

`Hektarlarla torpağı zəbt ediblər` - Parlamentdə müzakirə
  30 Mart 2016    Oxunub:3734
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, komitə sədri Eldar İbrahimov çıxışında bildirib ki, qanuna edilən dəyişikliyin əsas məqsədi əvvəlki redaksiyadan fərqli olaraq pay torpaqlarına görə qanunu pozmuş şəxslərin mülki və inzibati məsuliyyətdən əlavə cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Daha sonra çıxış edən komitənin sədr müavini, deputat Eldar Quliyev bildirib ki, təmsil etdiyi komitə dəfələrlə torpaqların monitorinqinin keçirilməsi ilə bağlı təkliflə çıxış edib. Deputat qeyd edib ki, burada məqsəd kimlərinsə hüquqi məsuliyyətə cəlb olunmasında deyil, torpaqların təyinatı üzrə lazımi şəxslərə verilib və təyinatı üzrə istifadə olunmasından gedir:

“Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edirəm ki, torpaqların monitorinqi ilə bağlı ortaq komissiya yaratsınlar. Bu gün hektarlarla torpaq var ki, hasarlanıb və təyinatı üzrə istifadə olunmur”.

Komitə üzvü Cavanşir Paşazadə bildirib ki, bu gün cənub zonasında insanlar onlara təyinatı üzrə verilən torpaqları özlərinin pay torpağı kimi görmürlər. Deputat qeyd edib ki, zaman keçdikcə kimin gücü çatıbsa, başqalarının torpağını zəbt edib.

Deputat Tahir Süleymanov Şabranda 100 hektarlarla torpağın müəyyən şəxslər və ictimai təşkilatlar tərəfindən alınıb, istifadə edilməməsindən şikayət edib.

“Şabran və Siyəzən rayonunda hektarlarla torpaqlar zəbt olunub, hasarlanıb, bəzir yerlərdə isə kənd təsərrüftaı üzrə deyil, başqa təyinatlar üzrə istifadə olunur”.

Deputat Novruzəli Aslanov təklif edib ki, torpaqların alqı-satqı müqavilələrində torpaqlara qulluq edilməsi, eroziyadan, təbiət hadisələrindən qorunması icbari xarakter daşımalıdır. Deputat bildirib ki, hazırki qanunvericilikdə bu icbari xarakter daşımır: “Ona görə də kəndlilər onlara verilən pay torpaqlarına qulluq etməkdə maraqlı deyillər. Hesab edirəm ki, məhz bu məsələdə qanunvericiliyə müvafiq olaraq dəyişiklik edilməlidir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti