Turqut Qəmbərin videosu

Turqut Qəmbərin videosu
  30 Mart 2016    Oxunub:18111
Günay Arda

Yeniyetməlik dövründə çoxumuzun boy kompleksimiz olub. Kollektiv şəkil çəkdirəndə yanımızda dayananların boyu bizdən uzun olanda yarızarafat, yarıgerçək onu aşağı çəkib uzun görünməyə çalışmışıq. Bizə elə gəlib ki, beləliklə uzunboylunu geridə qoymuşuq. Dartmaqla da boy uzanmır ki, uzanmır.


Bu misal ən sadəsi, bəsiti, günahsızıdır. Uzun görünmək, boy göstərmək üçün ən “incə xətt” yanındakının ayağını bir qarış yerin altına yönəltməkdir. Uzun görünmək yanğısı çox vaxt ən yaxındakıların yerin dibinə girməyi hesabına başa gəlir.

Yerin dibinə girmək demişkən, bir vaxtlar mitinqdə, piketdə bağırıb, qaraçılıq edib cənnət biletləri qazanmaq var idi. O sahədə “biznes” öləziyib. Daha xaricdə sığınacaq almaq üçün gənclərə narkotik vasitə paylayıb küçəyə çıxarmaq asan deyil. Avropada qaçqın statusu paylayan partiya sədrləri, hüquq müdafiəçilərinin bazarı da ölüb, eşşəyi də... İndi hərbi bileti pulla alıb “Əsgər ölümlərinə son” deyən oğlanlar gülümsəyərək əfv olunan dostları ilə şəkil çəkdirir.

Azadlıq izahı mümkün olmayan nemətdir. Azadlıq doğulduğu gündən insana təbiətin hədiyyəsidir. İnsan azadlıqla istədiyini edər. İstər bərk-bərk qucaqlayar, əlindən tutub ömrünün sonuna kimi özü ilə gəzdirər, istərsə də, nəticələrini gözə alıb azadlıq imkanını sağa-sola tullayar. Azadlıq oxşarı olmayan sərvətdir, bir büküm tualet kağızı “Azadlıq” deyil...

Könül istər ki, hamı azadlığını doya-doya yaşasın. Kimsə dəmir barmaqlıqlar arxasından baxmasın. Vicdanını itirmişlər aldadılmış gənclikdən istifadə edib pul qazanmasın.

Keçmiş mitinqlərin fotolarına baxın. Fotolardakı “təcrübəlilər” həmin mitinq foto sessiyalarının sayəsində hazırda Avropada sığınacaq növbəsinə, təcrübəsiz, aldanmışlar isə əfv siyahısına düşüb.

Gənclər həbsdə olduqları müddətdə “təcrübəli” təşkilatçılar həmin gənclərin hesabına Avropanı gəzdi. Donor təşkilatlara lahiyə yazıb qrant aldı. Yedi, içdi, kef elədi. İtirən gənclik, Azərbaycan oldu. Onlar bu müddətdə ölkə üçün yetəri qədər faydalı işlə məşğul ola bilərdilər. Ailələri göz yaşı tökməzdi, uşaqları atasız qalmazdı.

Adı mütəmadi olaraq narkotika, qanunsuz mitinq, qeyri-rəsmi münasibətlərdən dünyaya gələn uşaqlarla yanaşı çəkilən “NİDA”təşkilatı isə funksiyasını itirdi. Bu müddətdə heç bir rəsmi sənəddə adı olmayan təşkilatın qeyri-rəsmi sədri Turqut Qəmbər də həyatına davam elədi. Səyahətlər elədi, bahalı ölkələr, restoranlar gəzdi. Azərbaycan üçün “narahat olan” xarici dayılarla şəkil çəkdirdi. Heç bir siyasi fəaliyyətini, təşkil etdiyi tədbirləri isə görən olmadı. Sələfinə sadiq qalaraq nə var kimi var, nə yox kimi yox oldu.

Elə ki, gənclər haqda əfv fərmanı imzalandı, kiçik bəy həyəcanlandı. Dost-tanışdan iki selfi çubuğu icarəyə götürüb video yazıları bir-birinə caladı. Dolların məzənnəsi, Formula-1, gömrük rüsumları barədə sağa-sola döşədi. Əsdi, coşdu. Qeyzləndi, kədərləndi. Nəticə məlum olmasa da, səbəb aydındır. . Bu müddət ərzində Turqut Qəmbər “NİDA”dan kimsəni ətrafında toplaya bilməyib. İndi bu həyəcan və qorxu çox əzik görünür.

Sözüm ona ki, Boris Nemtsov, Aleksey Navalny, Sanders ətrafındakıları qabağa çəkirdi, onların özündən güclüləri aşağı çəkib, sayələrində reklama cəhd etmirdilər.

P.S: Fəsil yenilənir. Artıq çəki, artıq adamlardan qurtulmağın vaxtıdır. Bu niyyətlə də “Məhsul”stadionunda qaçıram. Qaça-qaça da düşünürəm. Stadionun bəxti heç gətirmədi. Bəxtsiz stadion çox artıq ətlər, artıq adamlar gördü...

P.P.S: Turqut Qəmbərdən reklama görə təşəkkür gözləyirəm.



Teqlər:  





Xəbər lenti