`Azərbaycanı Türkiyə kimi ölkəyə çevirmək istəyiriksə...`
Mahir Qəhrəmanov bildirib ki, Azərbaycanda bu günədək Sahibkarlığa Yardım Fondu vasitəsi ilə verilən vəsaitlər və digər formada xarici investisiyaların həcmi istənilən məsələlərə nail olmağa kifayət etmir: “Ona görə də Turizm Fondlarının, daha çevik maliyyə mexanizmlərinin yaradılması və bu mexanizmlərin dövlət tərəfindən tənzimlənməsini nəzərə alaraq, həmin məsələni qanuna əlavə etdik”.
Nazirlik rəsmisi vurğulayıb ki, turizm infrastrukturunun yaradılması çox vacib məsələlərdən ibarətdir: “Regionlarda yollarla, infrastrukturlarla bağlı layihələr həyata keçirilir. Lakin Azərbaycanı həmişə nümunə kimi göstərdiyimiz Türkiyə, İtaliya, İspaniya kimi tirizm ölkəsinə çevirmək istəyiriksə, mütləq müəyyən turizm və rekreasiya zonaları yaradılmalıdır. Həmin zonalara dövlətin dəstəyi ilə birdəfəlik maliyyə vəsaitləri cəlb olunmalıdır. Həm yerli, həm də xarici investorların köməyindən istifadə edərək yataq yerlərinin sayını maksimuma çatdırmalıyıq.
Çünki bazar iqtisadiyyatı şəraitində qiymətlərin tənzimlənməsinin yollarının biri yataq yerlərinin sayının çox olmasıdır. Bununla bağlı biz infrastuktur üçün dövlət idarəetmə tələbləri məsələsini ortaya qoymuşuq. Bu məsələ turizm sahəsində xidmətin keyfiyyətinin yaxşılaşmasına yardım edəcək”.
M.Qəhrəmanov onu da qeyd edib ki, layihəyə əsasən, ölkənin mövcud turizm potensialının, xidmətlərin həm yerli, həm də xarici səviyyədə tanıdılması, yəni reklam məqsədləri üçün idarəetmə formatında turizm bürolarının yaradılması planlaşdırılır:
"Həmin bürolar vasitəsi ilə regionlarda turizm xidməti sahələrinin formalaşmasına, onun təşviqi işinin gücləndirilməsi təsir göstərəcək. Bununla yanaşı, layihədə Turizm İnformasiya mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi, onların müasir dövrün tələblərinə cavab verən formada qurulması məsələsi ortaya qoyulub.
Hazırkı qanundan fərqli olaraq, yeni qanun layihəsində turizm növləri ayrıca qeyd edilib. Lakin bu, o demək deyil ki, bu gün Azərbaycanda yalnız bu turizm növləri var. Azərbaycanda turizmin çox geniş növləri var. Lakin digər ölkələrin təcrübəsi və Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə görə, bu növ turizmə dövlətin dəstəyini nəzərə alaraq, onları qanun layihəsinə salmışıq".
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


