Bakıda Əzrailin `gəzdiyi` bina... – REPORTAJ (FOTOLAR)

Bakıda Əzrailin `gəzdiyi` bina... – REPORTAJ (FOTOLAR)
  31 Mart 2016    Oxunub:18103
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə əvvəl Bakının Xətai rayonu, Cavanşir küçəsi 10 ünvanında yerləşən H.Z.Tağıyev adına toxuculuq kombinatına məxsus yataqxanada uçqun olub. Hadisədən sonra yataqxana binası qəzalı vəziyyətə düşüb.

AzVision.az-ın əməkdaşları hadisə baş verən yataqxanaya baş çəkərək, sakinlərin problemləri ilə maraqlanıb.

Yataqxana sakini Aydan Babayevaya məlum hadisədən sonra qorxu içində yaşadıqlarını bildirib. Onun sözlərinə görə, həmin bina Xətai rayonunda dırnaq arası desək, Əzrailin gəzdiyi bina kimi tanınır.



“Gördüyünüz kimi, bina qəzalı vəziyyətdədir. Burada yaşamaq mümkün deyil. Qorxudan gecələr yata bilmirik. Yataqxana hər an uça bilər. Binanın tavanı çökür. Hər dəqiqə binanın çökəcəyini gözləyirik. Gecə yatanda səhərə sağ çıxıb-çıxmayacağımızı bilmirik. Biz cəhənnəmə, uşaqlar yazıqdılar. Onları zülümlə böyütmüşük.

İcra hakimiyyətinin nümayəndələri deyir ki, kirayə ev tutun, ya da gedin qohum evində qalın. Başqasının evində nə vaxta kimi qala bilərik? Gündüz çöldə vaxtımızı keçirdirik, gecə də qonşuda qalırıq. Mənim kimi 17 ailə bu vəziyyətdə yaşayır”.



Sakinlərin bildirdiyinə görə, qəzalı vəziyyətə düşən binada hazırda 95 ailə yaşayır: “Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Qafur müəllim dedi ki, Abid Şərifov pul ayrılması üçün sərəncam verib. Amma pulun nə vaxt veriləcəyi, evimizin nə zaman təmir olunacağı haqda heç bir məlumat verilməyib”.



Bina sakini deyib ki, Fövqaladə Hallar Nazirliyi keçən ilin martın 17-dən uçqun olan mərtəbələrə girişi bağlayıb.

“Binada mətbəx ümumidir.Təsəvvür edin, mətbəxin, ayaq yolunun bir il bağlı qalması nə deməkdir? Tualetsiz qalmaq olar?



İcra başçısı yaxşı adamdır, bizi qarşılayanda mehriban davranır. O, əlindən gələn köməkliyi edəcəyini deyib”.

Sakin Ceyran Hüseynova dövlət qurumlarından kömək istəyib. Yataqxananın digər sakini Ziyafət İsayev sonuncu qəzadan sonra yataqxanada təhlükənin getdikcə artdığını bildirib.



“Bina uçsa, buradan sağ adam çıxmayacaq. Buna kim cavab verəcək. Yataqxanada qalanların hamısı köçkün ailələrdir. 90-dan çox ailənin həyatı təhlükədədir. Gecə qorxudan yata bilmirik. Bizə kömək etsinlər”.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla

Qalereya




Teqlər:  






Xəbər lenti