SOS: Məktəblilər adlarını niyə yaza bilmir?

SOS: Məktəblilər adlarını niyə yaza bilmir?
  31 Mart 2016    Oxunub:4310
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bir neçə gün öncə ötən ilin məzunları ilə bağlı maraqlı statistika açıqlayıb. Rəsmi məlumata görə, Azərbaycanda keçirilən buraxılış imtahanlarında iştirak edənlər arasında oxuyub-yazmağı bilməyənlər var.

TQDK-nın statistikasında qeyd olunub ki, 9 və 11-ci sinif şagirdləri arasında 100 nəfər nə yazmağı, nə də oxumağı bacarır. (11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfər)
Elm, texnologiyanın sürətlə inkişaf etdiyi XXI əsrdə öz adını yazıb, oxuya bilməyən insanların olması təəssüf doğurur.

Bəs buna səbəb nədir?



Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Asim Mollazadə AzVision.az-a bildirib ki, yazıb-oxumaq elmin, texnologiyanın inkişafından asılı deyil.

Deputatın sözlərinə görə, orta məktəb məzunları yazıb-oxumağı bacarmırlarsa, mütləq təhsil siyasətində dəyişiklik edilməlidir.

Həyəcan təbili çalmağın vaxtı olduğunu deyən A.Mollazadə hesab edir ki, faktla bağlı ölkənin ibtidai və orta təhsil sistemində olan qüsurlar mütləq aradan qaldırılmalıdır: “Bu məsələ mütləq araşdırılmalıdır. Təhsil Nazirliyi faktla bağlı ictimaiyyəti daim məlumatlandırmalıdır. Hansı məktəblərin məzumları 9-cu sinif məzunu hesab olunur, lakin bisavaddırlar. Mənə elə gəlir ki, bu istiqamətdə ciddi araşdırma aparılmalı və təhsil sistemində zəruri addımlar atılmalıdır”.



Əslində yazıb-oxumağı, rəqəmləri məktəbəqədər təhsil sistemində öyrənilməli olduğunu deyən millət vəkilinin sözlərinə görə, təəssüf ki, məktəb məzuları buna neçə illərdə nail ola bilməyiblər:

“Hazırda orta məktəbdə imtahan verən, lakin imtahandan kəsilənlərin hamısına attestat verilir. Əslində savadı olmayan şagirdə atesstat yox, onun məktəbə gəlib-getməsi ilə bağlı sənəd verilməlidir. Bisavad şagirdlərə attestat verilməməlidir. Yazıb-oxuya bilməyən şagirdlərə attestat verən məktəblər araşdırılmalı və mütləq cəzalandırılmalıdırlar”,-deyə Asim Mollazadə bildirib.

Təhsil üzrə ekspert Nadir İsrafilov isə hesab edir ki, təhsildə məzmun və forma dəyişiklikləri aparılmalıdır: “Biz nə etdik? Toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə, beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə olan-qalan potensialımızı da vurub dağıtdıq. Nə Sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də Qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik. Təhsilimiz belə demək olarsa, bir növ Şərq və Qərb arasında qalıb.



Repetitorluğun çiçəklənməsinə və ayrı-ayrı əlavə hazırlıq kursları şəbəkəsinin intişar tapmasına rəvac verməklə məktəb mühitinin deformasiyaya uğramasına, bunun nəticəsi kimi məktəbin öz başlıca qanunvericilik funksiyasını itirməsinə şərait yaratdıq”.

Ekspertin sözlərinə görə, ümumtəhsil tam orta məktəbin vəzifəsinin ali məktəblərə tələbə hazırlamaq olmadığını nəzərə almayaraq, qəbul prosesini ixtisaslara bölməklə bir qrup təhsil alanların bütün fənlər üzrə deyil, konkret dar ixtisaslar üzrə hazırlaşmasına, ali təhsil almaq məqsədi olmayanların isə ümumiyyətlə oxumağa marağının itməsinə zəmin yaradıq:



“Gündəlik qiymətləndirmənin ləğv edilərək diaqnostik, formativ, summmativ qiymətləndirməyə keçilməsı, rüblük qiymətləndirmənin yarımillik qiymətləndirmə ilə əvəz edilməsi, aralıq imtahanlarının aradan qaldırılması, ucdantutma hamıya attestat verilməsi və bu kimi digər dərindən düşünülməmiş dəyişikliklər şagirdlərin əsasnamə üzrə nəzərdə tutulmuş hüquq və vəzifə məsuliyyətini nəzərəçarpacaq dərəcədə azaltmış oldu. Müxtəlif adda və məzmunda yeni tipli təhsil müəssisələri şəbəkəsi formalaşdıraraq şagirdlər arasında çeşidləmə aparıb, savadlıları bir tərəfə, savadsızları digər qütbə cəmləşdirərək, sosial təbəqələşmə yaratmaqla şagirdlər arasında rəqabət mühitini pozub, məktəblər arasında süni rəqabət yaradıldı”.



Nadir İsrafilov hesab edir ki, qiymətləndirmə mexanizmlərindəki boşluqlar, orta məktəblərdəki klassik “5” ballıq şkala ilə qəbul zamanı tətbiq olunan 700 ballıq qiymətləndirmə arasındakı ciddi uyğunsuzluqlar, müəllim hazırlığında peşəkarlığın məhdudluğu, dərsliklərin lazımi bilik təminatını ödəməməsi TQDK və Təhsil Nazirliyinin yaranan problemi fərqli prizmalardan qiymətləndirməsi və digər sadalamağa ehtiyac olmayan və çoxlarına məlum olan obyektiv və subyektiv səbəblər yaranmış vəziyyətdə öz rolunu oynayıb.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti