`Azərbaycan dünyaya nümunə göstərir` - Prezidentin köməkçisi

`Azərbaycan dünyaya nümunə göstərir` - Prezidentin köməkçisi
  31 Mart 2016    Oxunub:1692
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-Cİ “ŞUŞA QRANTI” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində “Ermənistanın Azərbaycana təcavüzü” (müəllif: Elçin Əhmədov) adlı 3 cildlik kitabın və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının (müəllif: Musa Qasımlı) Beynəlxalq Muğam Mərkəzində təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə dövlət və hökumət strukturlarının, akademik və təhsil qurumlarının, ictimai birlik və qeyri-hökumət təşkilatlarının, KİV-lərin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Milli Məclisin deputatı Musa Qasımlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov və digərləri tədbirdə çıxış ediblər.

Ə.Həsənov çıxışında bildirib ki, son 200 ildən artıq bir dövrdə ermənilər Azərbaycan xalqına qarşı dayanmadan soyqırım həyata keçiriblər: “Azərbaycanlıları öz torpaqlarından qovmaq, bu torpaqları azərbaycanlılardan təmizləmək və bu torpaqlarda məskunlaşaraq özlərinə dövlət qurmaq ideyası altında onlar heç nədən çəkinməyiblər və qanlı aksiyalara rəvac veriblər. 31 mart Azərbaycan xalqına qarşı törədilmiş soyqırım hadisələrinin ən qanlı səhifəsidir. O zaman mart ayında həm Bakıda, həm də Azərbaycanın digər regionlarda on minlərlə insan ermənilər tərəfindən qətlə yetirildi”.

O, qeyd edib: “31 mart elə bir gündür ki, Azərbaycan xalqını, xüsusən Azərbaycanın milli elitasını özünə cəlb etməlidir. Bu günün öyrənilməsi, bu günün yad olunması, həmin gündə baş vermiş hadisələrin gələcək nəsillərə çatdırılması bizim milli, vətəndaşlıq borcumuzdur”.

Ə.Həsənov vurğulayıb ki, 31 mart soyqırımı Azərbaycan müstəqillik qazandıqdan sonra qeyd olunub: “İlk dəfə ümummilli lider Heydər Əliyev azərbaycanlılara qarşı törədilmiş çoxsaylı soyqırım hadisələrinin ümumiləşmiş bir simvolu olaraq, 31 mart tarixinin ermənilərin azərbaycanlılara qarşı soyqırım törətməsi günü kimi qeyd olunmasını bilavasitə dövlət siyasəti səviyyəsinə qaldıraraq rəsmləşdirdi”.

Ə.Həsənov çıxışında Xocalı soyqırımına da toxunub: “1992-ci il fevralın 26-da bir gecənin içində bir şəhəri yerlə yeksan edib, o şəhərin əhalisini azərbaycanlı olduqlarına görə rəhm etmədən qətlə yetirdilər”.

PA rəsmisi vurğulayıb ki, təxminən son 10 ildən artıq bir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi, milli tariximizin öyrənilməsi istiqamətində atılan bütün addımlar da öz bəhrəsini verir: “Görülən işlərin nəticəsidir ki, biz artıq Azərbaycanın keçmiş və bugünkü tarixi arasında əlaqələrin yaradılmasına başlamışıq və bu sahədə mühüm işlər görülür və nəticələri də ortadadır. Təkcə son 10 ilə yaxın bir müddətdə Heydər Əliyev Fondunun rəhbərliyi ilə və onun hörmətli prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə yüzlərlə tədbir keçirilib, o cümlədən Avropanın paytaxt şəhərlərində bizim tariximizin, mədəniyyətimizin təbliği və tolerantlıq ənənələrimizin dünyaya tanıdılması istiqamətində çoxsaylı addımlar atılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində son bir neçə il ərzində Xocalı soyqırımı və ümumiyyətlə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu faciələri aydınlaşdıran ölkələrin, şəhərlərin, vilayətlərin xalqların sayı getdikcə artır”.

Ə.Həsənov qeyd edib ki, təbliğat işində də Azərbaycan bir nümunə göstərir: “Azərbaycan çox məsələlərdə dünyaya nümunə göstərir. Azərbaycan multikulturalizm ənənələrinin qorunması, yaşadılması istiqamətində dünyaya nümunə göstərir. Hörmətli cənab Prezident İlham Əliyevin bu yaxınlarda qeyd etdiyi kimi, "bu gün Avropada, dünyada multikulturalizm ənənələri artıq mövcud deyil, iflasa uğrayıb" deyənlərə biz həqiqi multikuturalizm ənənələrini və Azərbaycan cəmiyyətində onun mövcudluğu, reallıqları göstəririk”.

“Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Qars konfranslarında ərazi məsələlərinin, Lozanna konfransında “erməni məsələsi”nin həlli, sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək yerləşdirməsi, süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratması, 20-30-cu illərdə xarici ölkələrdən ermənilərin gətirilməsi, İkinci dünya müharibəsindən sonra Ermənistan SSR rəhbərliyinin Azərbaycandan DQMV-ni qoparmaq cəhdləri və digər məsələlər araşdırılıb.

“Ermənistanın Azərbaycana təcavüzü” kitabında isə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair sənədlər və xəritələr verilib. Bununla yanaşı, kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair beynəlxalq təşkilatların, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilmiş sənədlər (qərar, qətnamə və bəyanatlar və s.) ardıcıllıqla və sistemli şəkildə öz əksini tapıb.


Teqlər:





Xəbər lenti