Ötən gün ABŞ dövlət katibi Con Kerri və prezident İlham Əliyev arasında keçirilən görüş ölkələrimiz arasında münasibətlərin yeni mərhələsi kimi qiymətləndirilir.
Kerri ilə görüşdə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğu xüsusi vurğulanıb. ABŞ dövlət katibi Con Kerri Azərbaycan prezidenti ilə keçirdiyi görüşdən sonra brifinqdə bildirib ki, ölkəsi Azərbaycanla güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

Əliyev-Kerri görüşünün ən diqqət çəkən məqamlarından biridə Azərbaycanın ağrılı yeri olan Dağlıq Qarabağ probleminin müzakirəsi idi.
ABŞ dövlət katibi qeyd edib: “Biz Dağlıq Qarabağdakı dondurulmuş münaqişənin həllini görmək istəyirik. ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.
C.Kerri, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirib: “Məlumdur ki, Azərbaycan indi mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, Prezident Əliyev, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərmiş və bu məsələni diqqət mərkəzində saxlayıb. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxaləndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır”.
Prezident İlham Əliyev çıxışı zamanı Nüvə Təhlükəsizliyi Sammitinə dəvətə görə ABŞ prezidenti Barak Obamaya təşəkkür edib.
“ABŞ-Azərbaycan münasibətləri həmişə sıx, səmimi olub, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatıb. Aramızda fəal siyasi dialoq mövcuddur. Aramızda inkişaf etməkdə olan iqtisadi əməkdaşlıq aparılır. Biz ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən neft kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələri Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə birlikdə icra etmişik.
Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasaydı bu layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi”.
Ölkə başçısı ABŞ-da Qarabağ problemindən söz açaraq, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri xatırladıb.
“Ermənistan və Azərbaycan arasında olan münaqişə, post-sovet məkanında olan və ümumiyyətlə, dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır”.
“ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır”
Prezidentin ABŞ-a səfərini şərh edən politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanın Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi ölkəmiz üçün tarixi hadisədir.
“Azərbaycan prezidentinin bu tədbirə dəvət olunması və ölkə başçısının ABŞ dövlət katibi ilə görüşü ölkəmizin beynəlxalq münasibətlərdə mühüm rol oynadığından xəbər verir”.

Politoloqun sözlərinə görə, Azərbaycan prezidentinin ABŞ səfəri və dövlət katibi Con Kerri ilə görüşü olduqca əhəmiyyətli məsələdir: “Çünki, ABŞ dövlət katibi Con Kerri bəyanat verdi ki, ABŞ-ın Azərbaycanla birlikdə həyata keçirəcəyi bir çox geosiyasi proqramlar var. Qeyd etdi ki, bu proqramlar hər iki ölkənin gələcək fəaliyyətinin əsasını təşkil edir. Bu sahədə artıq kifayət qədər təcrübə var”.
Q.Hüseynli hesab edir ki, prezidentin C.Kerri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparması ciddi siyasi mesajdır: “Görüşdə problemin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi qərara alınıb. Hesab edirəm ki, prezidentin keçirdiyi görüşlər və aparılan müzakirələr pozitiv nəticələrə gətirib çıxaracaq. Bu səfər ABŞ-Azərbaycan münasibətlərinin daha yüksələməsinə səbəb olacaq”.
“ABŞ bundan sonra ciddi addımlar atmalıdır”

Politoloq Fikrət Sadıqovun sözlərinə görə, prezidentin Vaşinqtona dəvət olunması Azərbaycanın önəmli strateji partnyor olduğunu göstərir: “ABŞ-ın enerji layihələrimizə dəstək verməsi Azərbaycanın nüfuzunun yüksək olması deməkdir. Con Kerri Azərbaycanın regionda yerini və rolunu yüksək qiymətləndirdi. Bu isə Azərbaycanın lazımlı olması anlamına gəlir”.
F.Sadıqovun sözlərinə görə, Con Kerrinin mətbuata bəyanatından hiss olunur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflər arasında ciddi müzakirələr aparılıb: “Düşünürəm ki, Azərbaycan prezidenti görüşdə israrlı olaraq münaqişənin həlli ilə bağlı məsələni Con Kerrinin diqqətinə çatdırıb. Eyni zamanda İlham Əliyev münaqişənin beynəlxalq hüquq normalarına uyğun həll etmək ifadəsini işlədib. Bu, çox vacib bəyanatdır. Ona görə də ABŞ-ın ATƏT-in Minsk qrupunun üzvü və böyük dövlət kimi münaqişənin həllində ciddi addım atmağının vaxtı çatıb”.
Politoloqların fikrincə, Azərbaycan prezidentin ABŞ-a dəvət olunması, ölkə başçısının Vaşinqtonda yüksək dövlət rəsmiləri tərəfindən dostcasına qarşılanması erməniləri məyus etməyə başlayıb.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


