“Nurka Layklayanka”, yaxud AXCP sədrinin müavininin “ciddi iş”ləri

“Nurka Layklayanka”, yaxud AXCP sədrinin müavininin “ciddi iş”ləri
  01 Aprel 2016    Oxunub:9885
Kəndimizdə bir Zəfər kişi vardı. Ağzından çıxan iki sözdən biri “xırda-xuruş” idi. Özü də qəssab işləyirdi. Deyəndə ki, Zəfər dayı, mənə bir kilo ət ver, soruşardı ki, xırda-xuruş yerlərindən qoyum? Adam o qədər gülməli idi ki, uşaqdan böyüyə hamı onunla məzələnərdi. Üzünə baxanda heç deməzdin bu toppuş kişi qəssabdır, yoxsa sirkdə meymun oynadan...

Uşaqlıqdan Zəfər dayı ilə bağlı o qədər xatirələrim qalıb ki, sağ olsun AXCP sədrinin müavini Nurəddin Məmmədli, öz timsalında o illəri yadıma saldı...

Cəbhəçilər arasında “Nurik” kimi çağırılan bu kişi çalışdığım və redaktoru olduğum saytla bağlı Facebook-da status yazıb. Bildirib ki, guya ötən gün saytımızda “AXCP Müsavatın barışıq təklifini rədd etdi” başlığı ilə dərc olunan yazıda əməkdaşımız onun adından “yalan” açıqlama yayıb. Üzümüzə durub ki, “mən AzVision.az-a nəinki açıqlama vermişəm, bir kəlmə söz də deməmişəm”.

Beləsinə nə deyəsən?

Əslində məsələ belə olub: Müsavatın sədr müavini Tofiq Yaqublu həbsdən çıxandan sonra AXCP ilə ədavətə son qoymaq üçün qarşı tərəfə barışıq təklifi edib. Əməkdaşımız da buna münasibət öyrənmək üçün Nurəddin Məmmədliyə zəng edərək, “Müsavatın AXCP-yə ünvanladığı barışıq təklifinə münasibətiniz necədir?” - deyə sual edib. O da qalstukunu darta-darta “Bu, xırda-xuruş məsələdir. Daha aktual məsələlər var” deyə münasibət bildirib.

Cavab belə olub: “Xırda-xuruş”...



İndi “hörmətli” Nurəddin müəllimə sual edirəm: Müsavatın barışıq təklifinə “xırda-xuruş məsələdir” deməklə nə demək istəyirdiniz? Məqsəd-məramınız nə idi? Bəlkə izah edəsiniz?

Öz aləminizdə guya siyasətlə məşğul olursunuz. Nəzərinizə çatdırım ki, yazdığınız status verdiyiniz cavab qədər məzəli görünür. Hiss eləmirsiniz ki, ağzınızı açdıqca batırsınız, gülüş obyektinə çevrilirsiniz.

Yaxından-uzaqdan siyasətlə əlaqəniz olsaydı, dərk edərdiniz ki, verdiyiniz bu cavab başda Tofiq Yaqublu olmaqla bütün Müsavatı nəinki rədd etmək, söyməkdən betərdir. Həbsdən yenicə çıxan adamın xətrini xoş etmək, ən azından ona ürək-dirək vermək əvəzinə, deyirsiniz “xırda-xuruş” məsələdir.

Düz deyirsiniz, sizin də yazdığınız status o qədər “xırda-xuruş” məsələdir ki, gülüb keçməkdən başqa yolu qalmır.

İnciməyin, heç kim sizi ciddi siyasətçi qəbul etmir, heç bundan sonra etməyəcək. Ən azından siyasi etikanız olsaydı, jurnalistə başqa cür cavab verə bilərdiniz. Məsələn, “Mən kiməm ki, qoy, böyüyüm danışsın”, “Başımdan böyük açıqlama verə bilmərəm”, yaxud da “Bu nömrəyə zəng çatmır...”

Siz isə dalında dura bilməyəcəyiniz cavabı verməklə, lap pisini etdiniz. Sözün açığı, qınamırıq, axı indiyədək hansı dediyinizin dalında durmusunuz ki? Həm də Əli Kərimlinin müavinindən bundan artıq nə gözləmək olar. “Göstər dostunu, deyim sən kimsən” məsəli...

5-10 qaraguruhçunun “like” elədiyi statusda deyirsiniz, “mənə ciddi işlərlə bağlı sual verin”. Yaxşı, nə deyirik. Ciddi deyirsiz, ciddi də sual verək.

Əvvəla soruşum, “ciddi iş” deyəndə nəyi nəzərdə tuturusunuz? Bəlkə yenə status yazıb, suallarımızı cavablandırasınız?..



Facebook-da Əli Kərimlinin yazdığı hər statusu gözlərinizi ova-ova “layk” eləməkdirmi, sizin dediyiniz o ciddi iş, yoxsa...

Yoxsa Gözəl Bayramlının çay qırağında paylaşdığı şəkillərə şərh yazmaq, “ürək smayliki” qoymaq, cəbhədən gedənlərn arxasına vedrə bağlamaqdır?

Məncə, bunlar sizin üçün o qədər də ciddi iş sayıla bilməz. Daha geniş düşünmək lazım.

Siz əməkdaşımıza “ciddi işlərlə bağlı sual verin” deyəndə, bəlkə də “Nurka”, “Feysdə status yazanka” , “AXCP-də işləyənka”, “Əli Kərimlini müdafiə edənka?” və digər bu kimi “ka”larla bitən saxta profilləriniz haqda danışmaq istədiyirdiniz? Düz, tapmışıq, elə deyilmi?

Gördüyünüz ciddi işlər ən yaxşı halda bunlardan ibarətdir. Barmaqla sayılacaq qədər ciddi işləriniz varsa, buyurun...

Zəfər dayı sağ olsaydı heç bilirsiz, nə deyərdi? “A kişi, heç yaşından-başından, saçından-saqqalından utanırsan, qız adı ilə ora (yəni feysbuka) girməyə?”

Rəhmətlik xasiyyətcə bir az yüngül olsa da, çox mərd adam idi. Sizin kimi, onu da “xırda-xuruş” söhbətlərilə ələ salıb, gülürdülər. Hərdən xətrimə dəyirdi, özlüyümdə deyirdim ki, ayıbdır, utanmadan yaşlı kişiylə məzələnirlər. İndi başa düşürəm ki, rəhmətlik özünə hörmət qoysaydı, belə eləməzdilər. Ruhu şad olsun, yaxşı kişi idi.

Amma, siz nəinki siyasətçi, Zəfər dayı kimi bir kənd qəssabı ola bilməzdiniz. Heyif!

Anar Rüstəmov


Teqlər:  






Xəbər lenti