Nazirlik təkzib etdi: `İddia tam əsassızdır`

Nazirlik təkzib etdi: `İddia tam əsassızdır`
  01 Aprel 2016    Oxunub:1721
Bərdə rayonu, Mustafaağalı kənd sakini Muradova Əsli Həmid qızının onların ailəsinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün ödənişinin 01 sentyabr 2014-cü il tarixdən dayandırılması barədə şikayət xarakterli müraciətinddə səslənən fikirlər əsassızdır.
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O vurğulayıb ki, ölkəmizdə hər bir şəhid ailəsinə daim hörmət və ehtiram göstərilir, onlar dövlət tərəfindən hərtərəfli qayğı ilə təmin olunurlar. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən, 2007-ci ilin yanvar ayından şəhid ailələrinə Azərbaycan Prezidentinin aylıq təqaüdü də təyin olunaraq ödənilir və Ə.Muradovanın ailəsi də şəhid ailəsi kimi Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunub:

“Lakin 2014-cü ildə şəhid ailələrinin sənədlərinin araşdırılması zamanı Ə.Muradovaya aid sənədlər arasında onun oğlu, hərbi xidmət zamanı vəfat etmiş Muradov Mübariz Heydər oğlunun şəhid statusunu təsdiq edən arayış olmadığı məlum olub. Bu səbəbdən onun ailəsinə Prezident təqaüdünün ödənişi 01 sentyabr 2014-cü il tarixdən dayandırılıb və Ə.Muradovaya rəsmi məktubla müraciət edilərək, şəhid statusunu təsdiq edən arayışı Bərdə rayon Əhalinin sosial müdafiəsi mərkəzinə (ƏSMM) təqdim etməsi tövsiyə olunub. Ötən müddətdə Ə.Muradova həmin arayışı rayon ƏSMM-nə təqdim etməyib”.

Şöbə müdiri bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən verilən arayışda Ə.Muradovanın oğlu M.Muradovun 1995-ci ilin 27 dekabr tarixində Murovdağ ərazisində məhz xəstəlik nəticəsində vəfat etdiyi və Şəhid statusunun olmadığı bildirilib. Qeyd olunanlar nəzərə alınaraq, Bərdə rayon ƏSMM tərəfindən Ə.Muradovaya 01 yanvar 2008-ci il tarixdən 01 sentyabr 2014-cü ilədək onun ailəsinə Prezident təqaüdü kimi ödənilmiş ümumilikdə 11315 manat məbləğində vəsaitin dövlət büdcəsinə geri qaytarılması haqqında rəsmi məktubla xəbərdarlıq edilib. Lakin o, həmin vəsaiti almadığını və başqaları tərəfindən mənimsənildiyini iddia edir:

“Bərdə rayon ƏSMM tərəfindən qeyd olunan vəsaitin kimin tərəfindən alınmasının araşdırılması üçün Bərdə rayon Polis şöbəsinə müraciət edilib. Aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, Ə.Muradova ilk vaxtlar təqaüdü Bərdə rayon ƏSMM-dən barat şəklində nəğd formada alaraq bunu hər dəfə öz imzası ilə təsdiq edib. “Kapitalbank” ASC-nin Bərdə rayon filialı tərəfindən verilən 18 sentyabr 2015-ci il tarixli arayışa əsasən, Ə.Muradova təqaüdün bankomatdan alınması üçün ilk plastik kartı 2009-cu ilin may ayında, növbəti plastik kartı isə 2014-cü ilin yanvar ayında öz imzası ilə həmin filialdan şəxsən götürüb.

Araşdırmanın nəticəsi olaraq, Ə.Muradovanın ailəsi üçün nəzərdə tutulan təqaüdlərin heç də başqaları tərəfindən mənimsənilmədiyi və məhz onun özü tərəfindən alındığı, bu məsələdə cinayət hadisəsinin olmadığı təsdiqini tapıb. Göründüyü kimi, Ə.Muradova ona ödənilmiş vəsaiti dövlət büdcəsinə geri qaytarmaq istəmədiyi üçün həmin vəsaitin onun özü tərəfindən alınmadığını və guya kiminsə tərəfindən mənimsənildiyini iddia edir ki, bu iddia da tam əsassızdır.

Əlbəttə, oğul itkisi ana üçün ağır dərddir və Ə.Muradovanın oğlunun gənc yaşında vəfat etməsi səbəbindən bir ana kimi onun hansı ağır hisslər keçirdiyi başa düşüləndir. Lakin Azərbaycan Respublikası Prezidentinin şəhid ailələri üçün nəzərdə tutulan aylıq təqaüdləri məhz həmin ailələrə ünvanlanmalıdır və bu sahədə qanunvericiliyin tələbinə ciddi riayət olunmalıdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti