Cəbhədə vəziyyət niyə gərginləşib? - ŞƏRH

Cəbhədə vəziyyət niyə gərginləşib? - ŞƏRH
  02 Aprel 2016    Oxunub:10011
Ötən gündən başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

Cəbhədə ağır döyüşlər zamanı Azərbaycan ordusunun 12 hərbçisi şəhid olub. Müdafiə Nazirliyin yaydığı məlumata görə, 100-dən çox erməni hərbçi döyüşlər zamanı məhv edilib.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Gərgin döyüşlər zamanı bir neçə yüksəklik və yaşayış məntəqələri düşmən işğalından azad olunub.

Hərbi ekspert Üzeyir Cəfərov cəbhə xəttindəki gərginliyə görə Rusiyanı ittiham edib. Təmas xəttində baş verən hadisələri AzVision.az-a şərh edən ekspert bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda ABŞ-ın birinci şəxsləri ilə görüşündə Dağlıq Qarabağ məsələsini gündəmə gətirməsindən sonra cəbhədə vəziyyətin gərginləşməsi təsadüfi hadisə deyil.

Ekspert hesab edir ki, cəbhədəki döyüşlər Rusiyanın Azərbaycana qarşı təxribatıdır: “Ona görə də Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu dərhal Azərbaycana müraciət edərək əməliyyatların dayandırılmasını xahiş edib. Bu açıq şəkildə onu deməyə əsas verir ki, baş verənlər Rusiya tərəfindən təşkil olunmuş təxribatdır. Ötən həftələrdə erməni tərəfinin Azərbaycan zabitlərinə, əsgərlərinə açdığı atəş nəticəsində səsi çıxmayan Rusiyanın birdən-birə Ermənistana canı yanmağa başladı. Erməni tərəfinin həyasızlığı o həddə çatıb ki, mülki əhalinin yerləşdiyi ərazini artileriya atəşinə tutub.

Bunun məsuliyyəti birbaşa Ermənistanın və ona havadarlıq edənlərin üzərinə düşür. Bunu çəkinmədən demək lazımdır. Çünki, bu məsələ Ermənistan rəhbərliyinin başı üçün olmayan məsələdir. Yəni, bu addım birbaşa onlara diqtə olunub və hazırda çətin duruma düşüblər”.

Ü.Cəfərovun sözlərinə görə, cəbhədəki vəziyyət erməniləri qorxuya salıb: “Ermənilər Azərbaycan ordusunun əzmini hiss ediblər. Ona görə də çox narahatdırlar. Baş verənlərə görə, rəsmi Moskvanın narahatçılığı ondan irəli gəlir ki, Azərbaycan tərəfini sakitləşdirsin və məcbur etsin ki, əməliyyatları dayandırsın. Amma, istəməzdim ki, ordumuz antiterror əməliyyatlarını dayandırsın. Ordumuz əməliyyatları davam etdirməli və düşməni illərlə gözlədiyimiz cəzaya məhkum etməlidir”.

Politoloq Qabil Hüseynli isə hesab edir ki, Azərbaycan prezidentinin Vaşinqtona Nüvə Təhlükəsizlik Sammitində iştirakı, apardığı danışıqlar və orada Azərbaycana göstərilən yüksək səviyyəli diqqət bəzi siyasi dairələri ciddi narahat edir: “Hazırda onlar öz əlaltılarını Azərbaycanın üzərinə salıblar. Ermənistan Rusiyanın və digər müəyyən dairələrin əlində alətdir. Onlar bir alət kimi öz ağalarının tapşırıqlarını yerinə yetirirlər. Düşmənin düyməsini basan və Azərbaycanın üzərinə qısqırdan Qafqazda maraqları olan qüvvələrdir. Bu qüvvələr riyakarlıqla tərəfləri atəşi dayandırmağa çağırmalarına baxmayaraq, əslində vəziyyəti idarə edən, komanda verən qüvvələrdir”.

Q.Hüseynli təəssüflə qeyd edib ki, bəzi dairələr bölgəyə özlərinin “arxa bağçası”, “müstəmləkəsi” kimi baxırlar: “Bu gün kimisə Azərbaycanın üzərinə qısqırtmaq olar. Amma, bunun bütün dünyada doğura biləcəyi rezonansı hökmən nəzərə almaq lazımdır. Hesab edirəm ki, bu itləri qısqırdan ağalar başa düşməlidirlər ki, həmişə cəzasız gəzə bilməyəcəklər. Çünki, onların da qapılarında bir gün buna bənzər hadisələr baş verəcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti