“Ordumuz ermənilərə öz yerini göstərdi” - Spiker cəbhədən danışdı
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib. Onun sözlərinə görə, gərginlik bu gün də davam edir:
“Erməni ordusu hansı yüksəkliklərdənki bizim ordunu izləyirdi, həmin yüksəkliyi ələ keçirdik. Azərbaycan yüksəklikləri aldıqdan sonra müvəqqəti olaraq atəşkəs rejimi elan edərək məsələnin öz həllini tapmasını istəsə də Ermənistan tərəfi buna razı olmadı. Yenə də öz hücumlarını davam etdirirdi. Ona görə də Azərbaycan XİN bəyənat yaydı ki, erməni qoşunları Dağlıq Qarabağdan çıxarılandan sonra biz hansısa danışıqlara gedə bilərik.
Azərbaycan öz torpağında, Dağlıq Qarabağda isə Ermənistan ordusu vuruşur. Biz status-kvonun qalmasına razı deyilik. Azərbaycan əlindən gələni edəcək ki, Dağlıq Qarabağın azad olunması istiqamətində nəhayət ki, bir hərəkət başlansın. Beynəlxalq təşkilatlara artıq bir inam yoxdur. Yəqinki Azərbaycanın qoyduğu şərtlər yerinə yetiriləcək, əks halda məsələnin sonrakı aqibətini gələcək göstərəcək. İstəyirəm ki, Azərbaycan ordusunun dəqiq əməliyyatına görə təbrik edək. Əsgərlərimiz böyük igidlik göstəriblər. Təbii ki, gərgin döyüş anında şəhidlərimiz də olub”.
“Artıq ATƏT Minsk Qrupuna heç bir ümidimiz qalmayıb, onların bugünkü toplanmasından da heç nə gözləmirik” - deyən Oqtay Əsədov qeyd edib ki, cəbhədə baş verənlərin səbəblərindən biri də onların indiyə qədər konkret iş görə bilməməsidir: “Biz onlardan konkret həll variantını ortaya qoymalarını istəyirdik”.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


