Mətbuat Şurası 4 KİV-i "qara siyahı"ya saldı

Mətbuat Şurası 4 KİV-i "qara siyahı"ya saldı
  05 Aprel 2016    Oxunub:2667
Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib.
Şuradan AzVision.az-aa verilən məlumata görə, MŞ sədri, deputat Əflatun Amaşov iclasın gündəliyindəki məsələlər barədə məlumat verib.

Gündəlik səsə qoyularaq qəbul edilib.

Öncə MŞ-nin İdarə Heyətinin üzvləri cəbhədə aparılan hərbi əməliyyatların kütləvi informasiya vasitələrində işıqlandırılması məsələlərinə münasibətlərini ifadə edib, təkliflərini səsləndiriblər. Bu xüsusda bildirilib ki, medianın təmas xəttindəki prosesləri ictimaiyyətə çatdırmasında müsbət tendensiyalar müşahidə olunur. Media cəmiyyətdə monolitliyin formalaşmasında, ruh yüksəkliyinin yaranmasında müstəsna rol oynayır. Ölkənin başlıca KİV-ləri cəbhə ilə bağlı təqdimatlara həssas yanaşır, əsasən Müdafiə Nazirliyinin məlumatlarını yayımlayır, həmçinin əldə etdikləri informasiyaları da oxuculara rəsmi şəkildə təsdiqləyərək çatdırırlar.

İclasda mövcud sahədəki mənfi məqamlardan da söz açılıb. Qeyd edilib ki, cəbhədə hərbi əməliyyatlar intensivləşdikdən sonra bəzi saytlar meydana çıxdı və onlar əsasən şişirdilmiş materiallar yaymağa başladılar. Ancaq bu saytlar heç bir halda peşəkar media orqanı kimi qarşılana bilməz və ictimaiyyətin müxtəlif təbəqələrinin, eləcə də ciddi media vasitələrində çalışan jurnalistlərin onların paylaşımlarına reaksiyası kifayət qədər sərt və barışmazdır. Belə saytlar medianın daşıdığı missiyanın mötəbərliyinə xələl gətirmək iqtidarında deyillər.
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bir daha KİV-ləri, eləcə də sosial şəbəkə istifadəçilərini cəbhə ilə bağlı informasiyaların çatdırılmasında həssaslıq nümayişinə çağırıblar. Onlar cəmiyyətdəki ümumi ruh yüksəkliyi fonunda bəzən pafoslu təqdimatların nəzərə çarpmasını təbii saysalar da, medianın hadisə və proseslərə soyuq yanaşaraq peşəkarlıq göstərməsinin vacibliyini əsaslandırıblar. Xüsusi vurğulanıb ki, əgər hansısa yaşayış məntəqəsinin və ya rayonun işğaldan azad edilməsinə dair xəbər yayılırsa və həmin xəbər sonradan rəsmi təsdiqini tapmırsa, bu hal işğalçı Ermənistan və onun havadarları olan media qurumları tərəfindən Azərbaycanın cəbhədəki uğurları ilə bağlı faktların hamısının yalan olması kimi təqdim edilir. Müvafiq olaraq əks cəbhədə hökm sürən kütləvi çaşqınlıq meylləri aradan qalxır. Media, özünü media orqanı kimi təqdim edən hər bir qurum fəaliyyətində bu sayaq psixoloji məqamları da nəzərə almalı, yalnız əsl həqiqətləri çatdırmalıdır.

İclasda xarici ölkələrdə, xüsusən də Rusiyada bəzi ermənipərəst KİV-lərin, habelə sosial şəbəkə profillərinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar aktiv fəaliyyətə keçdikləri vurğulanıb. Bildirilib ki, ayrı-ayrı ermənilər facebook sosial şəbəkəsində azərbaycanlı adı ilə saxta profillər yaradaraq ölkəmizlə, hərbi əməliyyatlarla bağlı mənfi fikirlər paylaşır, müxtəlif təxribat əməlləri həyata keçirirlər. Tvitter sosial şəbəkəsi vasitəsi ilə əsasən "#KarabakhNow", "#NKpeace", "#KarabakhAzerbaijan" həştəqlərində Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində guya ədalətsiz mövqe tutduğuna dair mülahizələr yayımlanmaqda, müzakirələr aparılmaqdadır. Mətbuat Şurası xarici dil biliyi olan jurnalistləri, ümumən cəmiyyətin hər bir üzvünü bu istiqamətdə də aktiv olmağa, Azərbaycan həqiqətlərinin təbliğinə töhfə verməyə çağırıb.

Sonra Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının təqdimatı müzakirə olunub.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə başçılıq etdiyi komissiyanın son iclasında 30 məsələyə baxıldığını, 4 kütləvi informasiya vasitəsinin adının Şuranın "qara siyahı"sına salınması üçün müvafiq təqdimatın hazırlandığını deyərək həmin KİV-lərin adını elan edib. İdarə Heyəti bunu əsas götürərək "Korrupsiya və cəmiyyət+" qəzetinin, "Medaz.az", "Aktualxeber.info" və "Reportyor.org" saytlarının adlarının Mətbuat Şurasının "qara siyahı"sına daxil olunması barədə qərar qəbul edib.

İdarə Heyəti MŞ-nin Şikayətlər üzrə Komissiyasının son iclasında çıxarılan rəylərə də münasibət bildirib. Qəbul olunan qərarlara əsasən, "Aia.az", "Xeber.info" və "Arqument.az" saytlarına Mətbuat Şurasının xəbərdarlığı edilib.

Digər qərarlarda "Azadlıq" və "Reytinq" qəzetlərinin, "Bizimxeber.az", "Pia.az", "Moderator.az" saytlarının şikayət doğuran yazılarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələblərini pozduqları ifadəsini tapıb.
İclasda Şikayətlər üzrə Komissiyasının yeni tərkibi müəyyənləşdirilib. Şura sədri Ə.Amaşov məlumat verib ki, mövcud Nizamnamədə bu komissiyanın iki ildən bir tərkibinin dəyişdirilməsi nəzərdə tutulub. O, sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın ötən müddətdə missiyasının öhdəsindən ləyaqətlə gəldiyini konkret faktlarla əsaslandırıb. Şura sədri komissiyanın hər bir üzvünə MŞ-nin təşəkkürünü bildirib. Müzakirələrdən sonra sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərlinin başçılıq edəcəyi komissiyanın tərkibində aşağıdakı şəxslərin təmsil olunması barədə qərar çıxarılıb: Vüqar Rəhimzadə ("İki sahil" qəzetinin baş redaktoru), Rəşad Məcid ("525-ci qəzet"in baş redaktoru), Aydın Quliyev ("Bakı xəbər" qəzetinin baş redaktoru), Akif Aşırlı ("Şərq" qəzetinin baş redaktoru), Vüsalə Mahirqızı (“APA Holding”inin rəhbəri), Nəsir Əhmədli (Bakı Dövlət Universitetinin professoru) və İlham İsmayılov (Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri).

AzVision.az


Teqlər:  





Xəbər lenti