“İsrailin səsi”ndən Azərbaycana dəstək

“İsrailin səsi”ndən Azərbaycana dəstək
  06 Aprel 2016    Oxunub:3342
“İsrailin səsi” dövlət radiostansiyasının israillilər arasında tanınan “Günün aktual hadisələri” verilişində Ermənistan-Azərbaycan sərhədində, habelə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində baş verən hadisələr geniş şərh edilib.
AzVision.az AzərTac-a istinadən xəbər verir ki, İsrail radiosunun aparıcısı İqor Moldavskinin suallarını “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut cavablandırıb. O bildirib ki, nizama salınmamış və dondurulmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir daha sübut edir ki, Cənubi Qafqaz regionu sülhdən uzaqdır. İsrailli ekspert deyib: “İndiki qarşıdurma və eskalasiya hər şeydən əvvəl erməni silahlı birləşmələrinin sərhədyanı ərazidə provokasiyası ilə əlaqədardır. Təəssüf ki, Ermənistan tərəfi Azərbaycanla sülh prosesini pozmaq istəyini yenidən nümayiş etdirib, Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən qoşunların təmas xəttinə çoxsaylı hərbi qüvvə və müxtəlif texnika növlərini cəlb etməklə provokasiya törədir. Ermənistan silahlı qüvvələri aprelin 2-nə keçən gecədən başlayaraq Azərbaycan kəndlərini və yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub, Azərbaycanın hərbi mövqelərinə ardıcıl zərbələr endiriblər. Rəsmi Bakı dəfələrlə Ermənistana bildirib və onu xəbərdar edib ki, mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistanın provokasiyasının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində sərt və qəti cavab tədbirləri görmək barədə qərar qəbul edib. Azərbaycan ordusu vətəndaşların təhlükəsizliyinin və öz mövqelərinin qorunması üçün Ermənistan silahlı qüvvələrinə lazımi və sarsıdıcı cavab verib və onları geri çəkilməyə məcbur edib. Azərbaycan Silahlı Qüvvələrinin əks-əməliyyatı nəticəsində Ermənistanın 6 tankı, 15-dək artilleriya qurğusu, möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, həmçinin yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb”.

Radio aparıcısının regional dövlətlərin Ermənistanla Azərbaycan arasında münaqişənin eskalasiyasına təsir göstərə bilərmi sualına cavab verən israilli ekspert qeyd edib ki, çoxvektorlu xarici siyasət aparan güclü və müstəqil Azərbaycandan fərqli olaraq, Ermənistan Respublikası bəzi regional dövlətlərin ambisiyalarından tamamilə asılıdır. “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi Arye Qut vurğulayıb: “Bu gün Prezident İlham Əliyevin uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri nəticəsində Azərbaycan regionun qüdrətli dövlətinə və liderinə çevrilib, bu dövlətin iştirakı və razılığı olmadan dünyanın bu strateji regionunda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsi həll edilə bilməz. Ermənistan əhalisi 1,5 milyon olan kiçik ölkədir və son illər geosiyasi təcrid vəziyyətindədir. Bu faktdır ki, Serj Sarkisyanın sözlərinə görə, müstəqil Ermənistanın əhalisini aclıqdan varlı erməni diasporu və ABŞ konqresinin sponsor yardımı xilas edir. Təəssüf ki, Ermənistan rəhbərlərinin çoxu “Böyük Ermənistan” xülyası ilə yaşamaqda davam edir. Azərbaycan torpaqlarını işğal etdiyi üçün Cənubi Qafqaz regionunda təcrid edilmiş Ermənistan Xəzər dənizinin neft və qaz ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Bu, danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı ölkədir”.

Arye Qutun sözlərinə görə, rəsmi Bakı tamamilə haqlı olaraq Qarabağ münaqişəsini rəsmi Yerevanın ərazi iddiası kontekstində nəzərdən keçirir və bu səbəbdən də münaqişəyə Azərbaycanın 1992-ci ildə BMT-yə qəbul edilən zaman beynəlxalq birlik tərəfindən təsbit edilmiş sərhədlərdə “dövlət ərazi bütövlüyü prinsipləri” çərçivəsində baxılmasını təkid edir.

“İsrailin səsi” radiostansiyasının daimi şərhçisi Arye Qut sonda deyib: “Dünən Avropa Şurası Parlament Assambleyasının Prezidenti Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarmağa çağırıb. Son hadisələr, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan torpaqlarında provokasiyası və aldığı sarsıdıcı zərbə bir daha sübut etdi ki, rəsmi Yerevan anlamalıdır: Azərbaycanın səbri daha tükənib. Qoşunların təmas xətti boyu Azərbaycan mövqelərinin ağır silahdan, o cümlədən artilleriyadan atəşə tutulması davam edir. Ermənistan işğal edilmiş ərazilərdə əlavə raket və artilleriya qüvvələrini yerləşdirərək öz ağır artilleriyasının imkanlarını artırmağa çalışır, bu ölkənin hərbi helikopterləri isə işğal edilmiş ərazilər və Ermənistan arasında intensiv uçuşlar həyata keçirir. Bakı beynəlxalq hüquq normalarına əsasən təkcə özünümüdafiə deyil, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını da azad etmək hüququna malikdir. Təəssüf ki, beynəlxalq münasibətlərdəki bugünkü reallıq sübut edir ki, güc faktoru dünyada effektiv təsirə malikdir. Bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi proseslərin danılmaz lideridir. Onun güclü və qüdrətli ordusu var və öz gücünü nümayiş etdirmək üçün əsl məqamın yetişməsini gözləyirdi”.

AzVision.az


Teqlər:





Xəbər lenti