QHT-lərdən Ali Baş Komandana müraciət

QHT-lərdən Ali Baş Komandana müraciət
  06 Aprel 2016    Oxunub:2112
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası cəbhədəki son vəziyyətlə əlaqədar olaraq QHT-lərin geniş toplantısını keçirib.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tədbir açıq elan olunduqdan sonra qoşunların təmas xəttində son günlər baş verən döyüşlərdə həlak olan əsgər və zabitlərimiz də daxil olmaqla Qarabağ şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni Azərbaycan Ordusunun 2 apreldə növbəti dəfə atəşkəsi pozan Ermənistan silahlı qüvvələrinin hücumunun qarşısını qəhrəmanlıqla aldığını və bir neçə yaşayış məntəqəsini düşməndən azad etdiyini deyib. R.Zeyni ölkə QHT-lərinin Ali Baş Komandan və xalqımızla birgə olduğunu və Ermənistanın təcavüzkar siyasətini pislədiyini bildirib.

Şura sədri, millət vəkili Azay Quliyev cəbhədə baş verən son hadisələrin Azərbaycan Ordusunun qüdrətini və xalq-dövlət birliyinin sarsılmazlığının ən yüksək səviyyəsini bir daha nümayiş etdirdiyini vurğulayıb: "Milli Ordumuzun həyata keçirdiyi uğurlu əks-həmlələr nəticəsində Ermənistanın cinayətkar rəhbərliyi tam anladı ki, onların yeritdiyi işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur. Silahlı Qüvvələrimiz işğalçı hərbi birləşmələrə verdiyi layiqli cavabla onların Dağlıq Qarabağı Azərbaycandan birdəfəlik qoparmaq illüziyalarına son qoydu".

QHT-lərin üzərinə mühüm tarixi missiya düşdüyünü deyən A.Quliyev iclasda qəbul ediləcək müraciətlərin Azərbaycanın ictimai sektorunun iradəsini ifadə etdiyini deyib. Şura sədri bütün QHT-ləri imkanlarını səfərbər edərək erməni diasporunun apardığı böhtan və iftira kampaniyasına layiqli cavab verməyə və Azərbaycanın mövqeyinin olduğu kimi dünyada təbliğini davam etdirməyə çağırıb.

Toplantıda Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlərin başçılarına müraciətlər qəbul olunub.

Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan müraciətdə Ermənistanın təxribatçı hücumlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin apardığı uğurlu əməliyyatların cəmiyyətdə yüksək əhvali-ruhiyyə yaratdığı qeyd olunur və peşəkar ordunun formalaşması və atılan qətiyyətli addımlara görə ölkə Prezidentinə təşəkkür edilir.

BMT-in baş katibi, ATƏT-in sədri, ATƏT Parlament Assambleyasının sədri, NATO-nun baş katibi, AŞ PA-nın prezidenti, Avropa Parlamentinin sədri və Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinə ünvanlanan müraciətdə 20 ildən artıq müddətdə Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana qarşı təsirli addımlar atılmasına çağırış edilib.

Sonda yaxın günlərdə QHT-lərin cəbhə bölgəsinə səfər etməsi və regiondakı QHT-lərin iştirakı ilə geniş müşavirə keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, müraciətə 700-dən artıq QHT qoşulub.

Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevə!


Hörmətli cənab Ali Baş Komandan!

Son günlər qoşunların təmas xəttində atəşkəs rejimini davamlı şəkildə pozmaqla Azərbaycan ordusunun mövqelərinə və yaşayış məntəqələrinə ağır silahlardan atəş açaraq qanlı təxribatlar törədən, hərbi qulluqçularımızı və mülki əhalimizi qətlə yetirən Ermənistan Silahlı Qüvvələrinə qarşı rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu əks-əməliyyatlara, ərazilərimizin bir hissəsinin işğaldan azad edilməsinə görə Ali Baş Komandan kimi Sizə dərin minnətdarlığımızı bildirir, Sizi, xalqımızı və ordumuzu bu münasibətlə təbrik edirik.
Cəbhədə baş verən son hadisələr Azərbaycan ordusunun qüdrətini və xalq-dövlət birliyinin sarsılmazlığının ən yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Milli ordumuzun həyata keçirdiyi uğurlu əks həmlələr nəticəsində Ermənistanın cinayətkar rəhbərliyi tam anladı ki, onların yeritdiyi işğalçılıq siyasətinin heç bir perspektivi yoxdur. Silahlı Qüvvələrimiz işğalçı hərbi birləşmələrə verdiyi layiqli cavabla onların Dağlıq Qarabağı Azərbaycandan birdəfəlik qoparmaq illüziyalarına son qoydu.

Azərbaycanın milli ordusu bütün dünyanın diqqətinin Dağlıq Qarabağa yönəldiyi çox məsuliyyətli bir məqamda xalqımızın ümidlərini doğruldaraq azğın düşmənin hücumlarını qətiyyətlə dəf etdi və təcavüzkarları öz yerində oturtmağı bacardı. Ötən əsrin 90-cı illərindən fərqli olaraq, indi nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri, dünyanın tanınmış siyasətçiləri, eləcə də münaqişəyə yaxından bələd olan dövlətlərin başçıları torpaqlarının 20%-nin işğala məruz qaldığı Azərbaycanın haqlı mövqeyini dəstəklədilər. Müdrik xarici siyasət nəticəsində əldə edilən bu siyasi və diplomatik dəstək ordumuza və xalqımıza əlavə güc verdi.

Hörmətli cənab Ali Baş Komandan!

Ümid etmək istərdik ki, Azərbaycan ordusunun gücünü və qüdrətini görmüş işğalçı Ermənistan rəhbərliyi bundan sonra sülh danışıqlarında konstruktivlik nümayiş etdirəcək və BMT Təhlükəsizlik Şurasının münaqişəyə aid dörd qətnaməsinin müddəalarını yerinə yetirərək, silahlı qüvvələrini Azərbaycanın işğal etdiyi torpaqlarından qeyd-şərtsiz və tamamilə çıxaracaq. Əgər Ermənistan rəhbərliyi bu atəşkəs razılaşmasından sonra da sülh danışıqlarında səmimiyyət nümayiş etdirib Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmasa, işğal etdiyi ərazilərdən çıxmasa, o zaman Milli Ordumuzun ərazilərimizin işğaldan azad edilməsi ilə bağlı başladığı uğurlu əməliyyatı davam etdirməyi və bu müqəddəs missiyada yaxından iştirak etmək üçün biz QHT nümayəndələrini də səfərbər etməyi Sizdən xahiş edirik.

Hörmətli cənab Ali Baş Komandan!

Bu çətin və məsuliyyətli günlərdə Azərbaycan xalqının öz ordusu və Ali Baş Komandanı ilə birlikdə olduğunu bütün dünya gördü. Sizi bir daha əmin edirik ki, siyasi baxışlarımızdan və hökumətin fəaliyyətinə fərqli yanaşmalarımızdan asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası və milli maraqlarımızın təminatı istiqamətində həyata keçirdiyiniz bütün işlərdə Sizinləyik və hər bir addımınızı dəstəkləməyə hazırıq.

Ali Baş Komandan olaraq nümayiş etdirdiyiniz qətiyyətə, yaratdığınız güclü və peşəkar orduya görə bir daha Sizə, göstərdikləri igidliyə və şücaətə görə Milli Ordumuzun əsgər və zabit heyətinə dərin minnətdarlığımızı bildirir, torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.



Teqlər:  





Xəbər lenti