Ermənilərin növbəti təxribatı - Yayılan videolar saxtadır

Ermənilərin növbəti təxribatı - Yayılan videolar saxtadır
  07 Aprel 2016    Oxunub:5897
Bu gün Ermənistanın bəzi xəbər saytlarında Azərbaycanın Dağlıq Qarabağda işdaldan azad etdiyi strateji yüksəkliklərin geri alınmasını ilə bağlı təxribat xarakterli videogörüntülər yayılıb.

Cəbhə xəttində gedən döyüşlərdə ağır itkiyə məruz qalan düşmən tərəfi bu dəfə də saxtakarlığa əl atıb. Maqagiz yaşayış məntəqisinin guya ermənilərin əlində olmasını əks etdirən görüntülərin videomontaj olduğu məlum olub.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, erməni mətbuatında Azərbaycanın son əməliyyatlar zamanı əldə etdiyi strateji mövqeləri Ermənistanın yenidən özünə qaytarması barədə yayılan məlumatlar yalandır.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi görüşdə diqqətdə çatdırıb ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirlərini davam etdirir.

Qarabağ separatçılarının Rusiyadakı nümayəndəsi Arsen Melik Şahnazarov da bu gün verdiyi açıqlamada qeyd edib ki, Azəraycan ordusu kifayət qədər önəmli yüksəklikləri ələ keçirib.

“Onlar bir neçə yüksəklik və postları ələ keçirə bilib. Həmin postlar bizim üçün çox önəmli idi. Biz o yüksəklikləri Azərbaycandan geri ala bilmədik”-deyə Şahnazarov etiraf edib.

Göründüyü kimi, 4 günlük döyüşlərdə ağır sarsıntı keçirən düşmən tərəfi məğlubiyyətini gizlətmək üçün hər bir saxtakarlığa əl atmaqdan çəkinmir.

Təəssüf ki, Azərbaycanın bəzi müxalifət təmsilçiləri silahlı qüvvələrimizin böyük qələbəsinə kölğə salmaq üçün düşmənin təxribatına uyub, guya azad edilən ərazilərin geri alınması ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edirlər.

Rəsmi məlumatlarda qeyd olunduğu kimi, paylaşılan videolar saxtadır və reallığı əks etdirmir.

Anar Rüstəmov
AzVision.az





Teqlər:  






Xəbər lenti